Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Şuşanı “yola verdik”, qaldı Laçın



Hər il may ayı gələndə Şuşanın və Laçının işğal günləri yada düşür. Əslində təəccüblənəsi heç nə yoxdur. Biz onsuz da Qarabağı ya bayramlarda arzu diləyəndə, ya da toylarda sağlıq deyəndə xatırlayırıq. Təsədufi deyil ki, bir neçə il bundan öncə dünyanın ən dəhşətli faciəsi olan Xocalı soyqırımının baş verdiyi gündə bir neçə azərbaycanlı müğənni xaricdə şou-proqramla çıxış etmişdi. Bu məsələ Qarabağın yolunda qanından, canından, sağlamlığından keçən hər kəsi incitdi. Amma həmin proqramda səhnədə oynaya-oynaya oxuyan müğənniləri də qınamaq olmur. Axı biz işğal olunmuş rayonlarımızı yalnız həmin gün xatırlayırıq. Onlar da insandı da, unudublar. Xaricdə olublar, gələn fanatların çoxluğundan “atmosferə” düşüb bir-iki mahnı oxuyublar. Bunun günahı tək orda oxuyanlarda deyil, bütün cəmiyyətdə, məndə, sizdə, hər kəsdədir. Nə isə... Bu hadisə uzun müddət öncə olub. Artıq unudulub, yaddan çıxıb. Xocalı soyqırımında xaricdə oxuyan müğənnilərin bəziləri artıq “xalq artisti” olublar.

Bu yaxınlarda sosial mediada bir sorğu izlədim. Sorğunun mövzusu nə qədər ağrıdıcı olsa da cavabları ondan da ağır və sarsıdıcı oldu. Sorğunun mövzusu işğal olunmuş rayonların adları idi. Cavablar isə Xaçmaz, Ucar, Kürdəmir və s. oldu. Doğrudur, çox təəccübləndirici və bir o qədər də ağrıdıcı cavablar idi. Amma heç təəccüblənməyə də dəyməz. Mən inanıram ki, həmin sorğuda iştirak edən gənclər Bakıda yaşamasaydılar, Bakının da işğal olunduğunu çox rahatlıqla deyərdirlər. İndi biz kimi qınayaq? Gəncləri, yoxsa Qarabağda qurban gedən igid oğulları? Əslində kimin qınanılası olduğunu hər kəs çox gözəl bilir.

Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun sücaəti bütün MDB məkanını lərzəyə gətirdi. Bəlkə okeanın o tayından da Azərbaycana xahişə, minnətə gəldilər ki, atəşkəs bərpa olunsun, olundu da. Amma aprel döyüşlərinin nəticəsi də uğurlu oldu. İşğal altında olan torpaqların kiçik də olsa bir hissəsi azad olundu. Amma şəxsən məni ağrıdan atəşkəsin bərpasından sonra aparılan danışıqlarda masaya qoyulan həll planı oldu. Məşhur  “Lavrov planı” (oxu: Kələntaryan) yenə də 5+2 həll varinatını təklif edirdi. Ancaq masada yenə də Laçın yox idi. Ermənilər Laçını vermək, biz də almaq niyyətində deyilik. Hər halda danışıqlar prosesinin gedişatından mən bunu başa düşdüm. Ola bilər ki, mənim bu prosesi anlamağa, başa düşməyə, şərh etməyə savadım çatmır. Amma gördüyüm, müşahidə etdiklərim məndə məhz bu fikri formalaşdırdı.

Bir neçə gün öncə, mayın 8-də  Şuşanın- Qarabağın mədəniyyət mərkəzinin işğal günü idi. Bakıda hər şey öz qaydasındaydı. Kimisi işə, kimisi gəzməyə, kimisi də nə bilim harasa gedirdi. Yəni, həyat öz axarında davam edirdi. Şuşanı yad edən yalnız xəbərlər proqramında 35-40 saniyəlik rolik və qəzetlərin, saytların Şuşada döyüşənlərdən götürdüyü müsahibələr, açıqlamar idi. Başqa da heç nə... Şuşanın işğalından bir gün sonra isə 9 mayı faşizm üzərində qələbə günü kimi qeyd elədik. Xeyir-şər qardaşdır, amma bu qədər də yox da. 8 mayı 9 maydan fərqləndirən təkcə işğal və qələbə günü deyil. 9 may həm də qeyri-iş günüdür. Belə olduğu üçün hər kəs həmin günü yadında saxlayır. Axı 1 gün işə getməyəcklər, istirahət edəcəklər. Amma işğal günlərini hər kəs unudur. Bu günlərdə həm də işləyirlər axı... 

Nə isə... Bu haqda çox uzun yazmaq mümkündür. Nə faktlar bitər, nə də bizim eqoistliyimiz. 8 may Şuşanın işğalını yola verdik getdi, indi qalıb 18 may. Yəni, Laçının işğal günü. Səbirli olun, Laçının işğalını da birtəhər yola verəcəyik. Yenə kimsə restoranda şou-proqramda çıxış edəcək, işləyən işə, işləməyənlər də iş axtarmağa gedəcək. Bir sözlə başımız qarışacaq, bu gün də gəlib keçəcək. Nə zaman toyda, xoş gündə görüşərik, yenə də arzularımızda Laçın, Şuşa haqqında diləklər diləyərik, sağlıqlar deyib içərik. Gerisi siyasilərin işidir. Biz siyasətə qarışmayaq, yoxsa...

Vilayət Muxtar
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений