Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dəlidağ havasındakı cəmiyyət



Rəhmətlik çox şirin söhbət edirdi.Tərəkəmə olmuşdu.Uzun illər kolxozun naxırçısı kimi dağa, arana gedib gəlirmiş.Əvvəllər işıqlar qrafiklə verilirdi.İndiki kimi pul yığmağın dərdindən smart sayğacları quraşdırıb min hoqqadan çıxmırdılar.Kişi kimi verəndə verirdilər, (türkün məsəli) kəsəndə kəsirdilər.İşıqların sönməyi qış gecələri üçün ümumilikdə çətin olurdu.Ya gərək yuxun gələnə qədər kitab oxuyasan, ya da bir babat söhbətçil ağsaqqal tapıb girəsən çənəsinin altına.

Qəhrəmanım da həmin söhbətcil kişilərdəniydi.Ömür boyu halal qazanıb, halal yemişdi.Alnındakı qırışlardan, əlindəki qabardan onun nə qədər zəhmətkeş olduğunu çox asanlıqla anlamaq olardı.

Küləkli, çovğunlu, qarlı qış gecəsiydi.Belə hava hər saat ələ düşmürdü.Həm də bu işıq idarəsi üçün ən gözəl bəhanə idi ki işıqları bir-iki saat tez keçirsin. Xülasə... 
Getdim kişinin yanına.İki otaqlı evin qonaq otağında qarısıyla yerdən salınmış süfrənin ətrafında oturmuşdu.Süfrənin başında həmişəki kimi çardağın altında qaynatdığı samovar və onun ustundəki dəm çayniki yer alırdı.Hər ikisi yaşlı olduğu üçün çırağı daha gur yandırırdılar ki, heç olmasa gözləri bir şey görə bilsin.Bu da həmişə çırağın şüşəsinin hislənməsinə səbəb olurdu.Həm də içərini his iyi bürüyürdü.Mütəkkəyə söykənən qəhrəmanımın muştuğundan “Prima” əksik olmurdu.Evdə tütün qoxusu his qoxusuna qarışıb maraqlı qoxu əmələ gətirirdi.Ümumilkdə isə süfrələrindən pendir-yuxaları da əksik olmazdı.

"Xoş-beş" edib özümə bir çay süzdüm.Kişi qarısıyla Dəlidağdan danışırdı.Amma söhbət təzə başlamışdı.Çox arxayın və fasilələrlə söhbət edirdi.Bardaş qurub oturdum yanında.Söhbətin maraqlı yerini qaçırdığımı zənn edirdim.Onların köçü artıq Dəli dağa çatmışdı.Amma sakit dayanıb söhbətə qulaq asmağa başladım."Kişilər alaçıx qururdu.İşimiz yekunlaşmaq üzərəydi. Arvadlarsa qazan asıb buğlama bişirəni də varıydı, sac asıb yuxa salanı da... Uşaqların biraz iriləri heyvanın yanındakı cavanlarla söhbətləşirdi.Balacalarsa ətrafda oynaşır, gül-çiçək toplayırdılar. Günəş elə mehriban parıldayırdı ki, ətrafda bir tala da olsun bulud görünmürdü”, -deyə söhbət edirdi. Birdən külqabına söykədiyi muştuğunu görüb götürdü.Təmkinlə bir iki qullab vurdu.Sonra çayından bir qurtum içib.Samovara tərəf əyilib çayını təzələdi.Daha sonra saata baxıb heyvana alaf qoymağın vaxtı olduğunu bildirib gümrahca ayağa qalxdı.Və otaqdan çıxdı. O həmişə heyvanı "rahladıqdan" (o mal-qaranın otun-suyun verməyə "rahlamaq" deyirdi) sonra tövlənin bir tərəfindən durub bir neçə dəqiqə heyvanları müşahidə edirdi. Sonra əlində məhraba otağa qayıtdı. Məhrabanı qapının arxasında mismardan düzəltdiyi asılqana keçirib yerində oturdu:

- Ay arvad, sarı düyə yaman iştahsız dəvərirdi. Yadıma sal, sabah ona dərman atdıraq. 

- Hə, baba, Dəlidağda sonra nə oldu? - deyə dilləndim. 

- Sonra, heç nə, arvadların başı işə necə qarışmışdısa az qala uşaqlar dumanda azırdılar. Bir güc-bəlayla gedib tapdıq.Körpələri deyirəm.

- Üzümə baxıb gülümsündü. Biraz təəccübləndim ki, yəni bu kişi məni ələ salır? Axı, bayaq heyvanı rahlamağa gedəndə deyirdi ki göydə bir dənə də olsun bulud yoxuydu. Nəysə sakit durub qulaq asdım: 

- Həmin gün bizim ən zülümlü günümüzüydü. Uşaqları tapıb gətirib alaçığa yığdıq. (Onlar uşaqları əvvəlcədən təlimatladırırmılar ki gördünüz duman çökdü, heç yana tərpənməyin. Ələləşə tutub həmin yerdəcə oturub gözləyin) Nəysə, elə yenicə oturmuşduq ki, buyğur başqa bir bəd xəbər gəldi.Pənahalı (ad şərtidir) yağışdan çimsuyun içində, başıyalovlu gəldi ki, bəs ildırım qoyunları qırıb.

- Kişi söhbətiylə məni daha da təəccübləndirməyə başladı. Axı, necə olardı ki, günəş, bulud olmayan səma, sonra duman, və ildirımlı yağış?!Amma yenə də səbr edib qulaq asdım.Düşündüm ki, bu işin nəsə bir kəraməti var. Baba söhbətə davam edirdi.

 - Tez yerimizdən dəvərib heyvanlara sarı götürüldük. Biraz yol qalmışdı, baxdıq, günəş vurduqca qoyunların islanmış yunları parıldayır.Xoşbəxtlikdən İldirim sürüdən biraz aralıda otlayan atın üzərinə düşmüşdü.Amma yenə də otuza yaxın qoyun qırılmışdı.
Daha səbrimi basa bilmədim.Yerimdə dikəlib kişinin sözünü kəsdim.

- Ay kişi, yarım saatlıq bir hadisəni danışdın. Yarım saata günəş çıxdı, duman çökdü, ildırım çaxıb leysan yağdı, sonra yenə günəş çıxdı?! Heç bu boyda da yalan olar?-dedim. 

O təmkinlə, üzümə gülümsünüb. - Mənim ağıllı balam, səni qınamıram. Sən Dəlidağı görməmisən axı. Axı sən hardan biləsən ki Bənövşə qarın altından necə baş qaldırır? Dəlidağ başqa yeriydi, oğul! -dedi.

O vaxtdan sonra kişinin danışdığı bütün əhvalatları səbrlə, təmkinlə dinləyib beynimdə nəqlə çevirib sinif yoldaşlarıma danışırdım. İndi bu gün cəmiyətdə baş verənlər mənə o əhvalatı xatırlatdı.Doğurdan da cəmiyyətimiz Dəlidağın havasındadır.yarım saata günəş də çıxır, duman da çökür, ildırım da çaxır, hələ lap dolu da yağır. Amma hesab edirəm ki, səbrlə, təmkinlə bu havanı yola verə bilsək, onda mütləq bu işin kəramətinə varacağıq.

Elgün Gəncimsoy

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений