Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Avropada və bizdə standartlar



Millətimizin böyük ruha və ilahi möhtəşəmliyə malik olmasından nə qədər yazsaq da, etiraf etməliyəm ki, çox şeydə geri qalırıq. Düzdür, bu, daha çox uyğun şəraitin olmamasından irəli gəlir, amma əksər hallarda öz real imkanlarımızdan istifadə etməməyimizdən də doğur. İndi TV ekranlarımızda tez-tez "Avropa standartları", "Dünya standartları" ifadəsi işlədilir. Təəssüf ki, bu deyilənlərin bizlərə az dəxli var.

Hər bir ölkənin, hər bir millətin dünya ilə ayaqlaşması, onun standartlarına uyğunlaşması təbii haldır. Lakin bu, milli irsi, köklü ənənələri, əxlaq prinsiplərini qorumaq hesabına baş verməlidir. Bəs bizdə necədir? Bizimkilər baxıb görür ki, məsələn, inkişaf etmiş ölkələrdə kliplər açıq-saçıqlıqla, erotik səhnələrlə zəngindir, tez-tələsik götürüb zövqsüz və çılpaq kadrlarla dolu kliplər çəkirlər. Guya bu, həmin o standartlardır. Bir dəfə müğənni xanımlarımızdan biri toy məclisində oxuyurdu. Az qala hər saatda iştirakçılara müraciət edib deyirdi: “Bu toyda olanlar xoşbəxtdir, çünki burda mən oxuyuram”. 

Az qala hər gün Avropa standartları deyirlər. Başqa şeylərdə daldan-dala qaldığımız halda, güman edirik ki, lüt görünməklə Avropaya çatacağıq? Əsla! Bu yerdə yadıma sevimli sənətkarımız Afaq Bəşirqızının bir yumoru düşür. Aktrisanın yaratdığı bir tip yeni disk buraxdıran müğənniyə deyir: "Azz, sən ərindən boşanmısan ki, disk buraxırsan?" Bu ifadənin alt qatlarını izah etməyə lüzum yoxdur. Sözügedən regionda artıq insanlara insan kimi baxırlar, milli irsin çiçəklənməsinə valyuta qoyurlar, təbliğati proseslər ildırım sürətilə gedir, dövlət hər bir vətəndaşın hüquqlarını qoruyur, orada restorandan, kafedən, park və villalardan qabaq məktəb, pulsuz xəstəxana, zavod və fabriklər tikilir. 

Avropada televiziyalar həqiqətən də qərəzsiz, vicdanlı və obyektiv amillərə söykənir. Yüksək məvacib aldığına görə, müəllimlər uşaqlarla pul barədə deyil, yalnız elm barədə mübahisə aparırlar. Avropada insanlar işinə görə artıqlaması ilə pul alırlar, öz hüquqlarını bilirlər, dövlət vergisini, kommunal xərcləri vaxtından əvvəl, özü də qaça-qaça, həvəslə ödəyirlər. Avropada... standartlara uyğun çox şeylər var, amma bunun bizə nə dəxli? Orada xeyli müddətdir ki, sələm də yığışdırılıb (el arasında sələmə "faiz" də deyirlər, necə ki, rüşvətə "hörmət" deyilir). Bizdə isə sələmçilik öz çiçəklənmə dövrünü yaşayır. Əslində avropalılar “Qurani-Kərim”i bizdən yaxşı bildikləri üçün (!) anlayırlar ki, sələmçilik böyük günahdır. Müqəddəs Kitabımızda Allah-təala buyurur: "Sələm yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin vurmuş kimi qalxarlar". İslama görə, sələm verənlər 70 günah qazanırlar ki, onların ən yüngülü oğulun öz anası ilə Kəbədə intim əlaqədə olması kimidir. Ey ariflər, bu "ən yüngül" günahın nə demək olduğunu anlayırsınızmı? Avropalılar bunu dərk edir, bizimkilərsə yox. Budurmu standartlar? Lap elə okkultik elmləri götürək. Bizdə falçı və cadugərlərin, cindar və şeytan nökərlərinin artması indi çoxlarının qəlbinə imansızlıq toxumu səpib. Bunun qarşısını almaq üçün vaxtilə mərhum parapsixoloq Etibar Elkin müvfiq strukturlara nə qədər müraciət etsə də, heç bir nəticəsi olmamışdı. Uzağa getməyək, Moskvanın özündə son illər onlarca kosmoenergetik mərkəzlər, parapsixoloji məktəblər, Zərdüştilik Universiteti, astroloji qurumlar və daha nələr, nələr yaranıb, yüzlərlə kitab dərc olunub. Vətəndaşlar bu orqanlar vasitəsilə özünüdərk prosesini sürətləndirir, dünya, kosmos, insan və ruh haqqında səhih məlumatlar əldə etməklə Allaha daha da yaxınlaşırlar. Bizdə isə hələ də noxudla fala baxırlar. Ziyalı insanlarımız, vəzifəlilərimiz, ulduz kimi tanınanlarımız (hələ adi camaatımızı demirəm) müntəzəm surətdə düyün vuranların, karta baxanların hüzurunda olurlar. Bütün bunlarla Avropa standartlarına çətin həmhədd olaq. Maariflənməliyik, maariflənməli... 

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений