Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Divarı alçaq jurnalistlərik...



Yazmırsan, pis olursan, yazırsan, daha da pis olursan. Şərh verirsən, jurnalistika prinsiplərinə xəyanət etmiş olursan, şərhsiz verirsən mövqesiz. Kömək üçün müraciət edənə yer və zaman ayırırsan, az keçmir yazını sildirmək üçün üstünə gəlir. Həm də top-tüfənglə. Özü də elə sözlər tapır ki, elə bil 1 saat əvvəl “savadsızam, heç nədən başım çıxmır” deyib kömək istəyən o deyildi. 

Nəbadə xətrinə dəyəcək söz deyəsən. Dərhal az qala beynəlxalq konvensiyalardan sitatlar gətirə-gətirə səni borclu çıxaracaq. Bir az o tərəfə də gedib az qala təkcə ölkədəki yox, bütün dünyadakı problemləri sənin yaratdığını iddia edəcək. Bununla da ürəyi soyumayacaq, ta ki səni öz sözlərinə inandırana qədər yorulmadan davam edəcək. 

İstədiyini aldığı ünvanların qarşısında gözükölgəli olmamaq üçün bütün bacarığını işə salacaq. Bu da kifayət etməyəndə “özümü öldürəcəyəm” təhdidinə keçib gözünü qorxutmağa çalışacaq. Sonra da “soz sözü mən deyirəm”ədasıyla ya telefonu söndürəcək, ya da redaksiyadan qalib kimi qapını çırpıb çıxacaq. 

Budur bizim günümüz. Bizim, yəni jurnalistlərin. İllərdir bu şəraitdə, hər cür insanlarla işləyirik. Sözünü dediklərimiz, lazımi ünvana çatdırmaq üçün günlərimizi sərf etdiklərimiz sonda bizi ittiham etmək üçün söz tapmaqda da cibə girməyəcəklər. Etiraf edək ki, bacarırlar da...       

Dünən mətbuat 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalistə dediyi sözlərlə çalxalandı. “Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun, tərbiyəsiz” - bunlar xanım direktorun jurnalistə dediyi sözlərin ancaq bir qismidir. 

Ardınca direktorun qohum-qardaşı, əmiuçağı, dayısı nəvəsi, qonşusu, təhsil sistemindəki “daydayı”, daha kimlər üzə çıxacaq, hərəsi bir tərəfdən uğur və nailiyyətlərdən danışıb mətbuatı yalan yazmaqda günahlandıracaq. Sözarası da “siz bizə bata bilməzsiz” mesajı verəcək. Məşhur filmdə olduğu kimi: “Kolxozçu da özünü deputat kimi aparır”. 

Jurnalist deyəndə sanki hamının gözü qarşısına hər kəsin dadına çatan, problemini görən, işıqlandıran, o problemin həlli üçün qapılar döyən, bir az xoş-bir az zor gücüyə həllinə çalışan, bütün əziyyəti üzərinə götürüb daha bir vətəndaşın problemini həll edən insan canlanır. Hətta bəziləri bunu gizlətməyərək “edin də, sizin işiniz budur” deyib boynumuza minnət qoymaqdan da usanmırlar. 

Yazaq e, zatən dediyiniz kimi, işimiz budur, amma siz də bir az insaflı olun axı. 

Heç olmasa, dünən dediyinizi bu gün danmayın. 

Heç olmasa, bizimlə birlikdə qapıları döyməsəniz də, döydüyümüz qapıdan bizdən qabaq çıxıb “yazını silin, mənim problemim həll oldu” ultimatumunu verməyin. Heç olmasa, başımıza oyun açacağınızla hədələməyin.  Heç olmasa, öz işinin peşəkarına işini öyrətməyə çalışmayın, 

Heç olmasa...

Amma yox, görünür, bu ölkədə hələ də bizdən “divarı alçağı” yoxdur... 

Elnarə Kərimova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений