Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yeni "Əsrin müqaviləsi" barədə məlumat verilmir - Ekspert



Azərbaycan konstitusiyadan da üstün hüquqa malik neft müqaviləsi imzalayır. Amma...

“Sentyabrın 14-də “BP” şirkəti (ABƏŞ) ilə Azərbaycan hökuməti növbəti neft müqaviləsi imzalayır. Müqavilənin mahiyyəti ölkədə neft hasilatının kəskin azalmasının qarşısını almaq, hasilatı heç olmasa, indiki səviyyələrdə bir müddət saxlamaqdır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, ölkəmizin Qərb şirkətləri və dövlətləri ilə əlaqələrinin genişlənməsi təqdirəlayiq haldır:

“”BP” ölkəmizə yeni texnologiyalar, yeni idarəetmə və iş mədəniyyəti gətirir. Yerli mütəxəssislərin yetişməsi, bu şirkətdə çalışıb yüksək maaş almaları da çox yaxşı haldır.

Amma onu da deyim ki, “BP” kimi transmilli Qərb şirkətləri üçün seçilmiş parlamenti və hökuməti, azad mediası, həmkarları olmayan ölkələrdə işləmək də əsl cənnətdir. Bu gün bağlanan müqavilənin nə mətnini görən var, nə şərtlərini bilən, müqavilə parlamentdə təsdiq olunacaq və konstitusiyadan da üstün hüquqa malik olacaq.

Normal parlament, parlamentdə fraksiyalar olsaydı, “BP” hər bir fraksiya ilə görüşməli, müqaviləyə səs verməyə onları razı salmalı, bunun üçün Azərbaycan dövlətinə və xalqına sərf edən güzəştlərə getməli idi. İndi isə təyin olunmuş parlament onları təyin edənin istəyi ilə sorğu-sualsız müqaviləni təsdiq edəcək və “BP” tək bir nəfərin marağına təmin etməklə kifayətlənəcək. “BP” üçün bundan yaxşı nə ola bilər ki?! “BP” və digər transmilli şirkətlər Azərbaycanda demokratik seçkilərdə, funksional parlamentdə niyə maraqlı olsunlar ki?! Amma böyük şirkətlər və dövlətlər də tarixdən, digər ölkələrin pis örnəklərindən dərs çıxartmalı, sosial və siyasi məsuliyyət hiss etməlidirlər”.

Natiq Cəfərlinin sözlərinə görə ölkənin Qərblə yaxınlaşması, yeni müqavilələr imzalaması yaxşı haldır:

“Çünki bu müqavilələr Azərbaycana çox şey verdi və verəcək. Qərblə deyil də Şimal qonşumuz ilə belə müqavilələr imzalansaydı, ölkəmiz daha az qazanar, yeni texnologiyalardan və yeni iş üslubundan uzaq qalardı”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений