Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yeni “Maydan ssenarisi”: Timoşenko prezident, Saakaşvili baş nazir



Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıdışı bu ölkədə siyasi prosesləri yenidən fəallaşdırıb. Poroşenko hakimiyyəti M.Saakaşvilinin sərhədi qanunsuz keçdiyini əsas gətirərək Gürcüstanın eks-prezidentinə qarşı ittihamlar irəli sürür. Ancaq Ukrayna müxalifəti prezidentin və hökumətin bu mövqeyini Saakaşvilinin Ukraynada artan nüfuzunun qarşısını almaq cəhdi hesab edir. Siyasi müşahidəçilərin fikrincə, son dövrlər reytinqi zəifləmiş “Poroşenko Bloku” 2019-cu ildə keçiriləcək növbəti seçkilərdə hakim mövqeyini itirə bilər. 

Bu baxımdan, “Batkivşina” (Ana Vətən) Partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenkonun  Mixail Saakaşvilinin siyasi dəstəyinə kifayət qədər ehtiyacı var. “Bloomberg” agentliyinin məlumatına görə, son rəy sorğuları zamanı “Batkivşina” Partiyası 11 faiz, “Poroşenko Bloku” 10 faiz səs toplayıb. Hələ seçkilərə kifayət qədər vaxt qaldığından Ukrayna prezidenti və komandası öz nüfuzunu artıra bilər. Ancaq buna nail olmaq üçün hakimiyyət daxilindəki narazılıqlara son qoymaq, ölkədə liberal islahatları sürətləndirmək lazımdır. Qərb liderləri bu amili nəzərə almaya bilməz. 

Ona görə də, M.Saakaşvilinin Ukraynaya dönüşünün Qərb tərəfindən təmin edilməsi əslində, ölkədə köklü dəyişikliklərə yardım etmək məqsədi kimi şərh edilir. Çünki eks-prezident demokratik sistemin formalaşmasında yüksək təcrübəyə malikdir. Eyni zamanda, o, Rusiyaya qarşı mübarizədə daha etibarlı müttəfiq rolunu oynaya bilər. Saakaşvilinin Gürcüstanda qurduğu demokratik idarəetmə modeli Ukrayna ilə müqayisədə daha səmərəli olub. Ukraynada “Maydan inqilabı”ndan üç ildən artıq vaxt ötsə də demokratik sistemin tam oturuşmadığına dair rəylər üstünlük təşkil edir. Ona görə də M.Saakaşvilinin Ukraynaya qayıtmasında Qərbin marağı çox güman ki, mövcud problemlərin aradan qaldırılmasına dəstək məqsədi daşıyır. 

Digər ehtimallara görə, ictimai rəyə Ukrayna hökumətinin təsiri daha böyükdür. Saakaşvilini isə Ukrayna cəmiyyətinin cəmi 2 faizi dəstəkləyir. Buna görə də, Saakaşvili ölkədə siyasi inqilab etməyə qadir deyil. Lakin hazırda Ukraynada öz mövqeyi ilə seçilən insanlardan ibarət yüzlərlə elektoral qruplar var. Onlar əsasən Rusiya əleyhinə döyüşlərdə iştirak etmiş könüllülər, müharibə veteranları, rusiyapərəst siyasətçilər və ya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Həmin qrupların dəstəyini qazana bilən siyasi qüvvə hakimiyyəti əldə etmək imkanına malikdir. 

Ukrayna hakimiyyəti üçün real siyasi alternativ Mixail Saakaşvilidən daha çox Yuliya Timoşenkonun liderlik etdiyi partiyadır. Ancaq Lvov şəhərinin meri Andrey Sadovoyun M.Saakaşvilini dəstəkləməsi, hətta, qarşılamağa çıxması Ukrayna iqtidarında gürcü siyasətçiyə rəğbət bəsləyənlərin olduğundan xəbər verir. Rusiya mediası isə xəbər verir ki, M.Saakaşvilinin tərəfdarları əvvəlcə Ukrayna Ali Radasının binasını əhatəyə almaq və parlamenti tutmaq planı hazırlayıb. Əgər Saakaşvili rəhbərlik etdiyi partiyanın qərargahını Kiyevə köçürə bilsə, bu plan həyata keçiriləcək.  Artıq onun daha radikal olan silahdaşları keçmiş qubernatora Kiyevə getməyi təklif edirlər. Çünki bölgələri paytaxtdan keçərək qazanmaq daha asan olacaq. Bundan başqa, Saakaşvilinin “Yeni Qüvvələrin Ruhu” Partiyasının qərargahını paytaxta köçürməsi ona Yuliya Timoşenko fraksiyasının fəaliyyətinə qoşulmaq və parlamentin buraxılmasını tələb etmək ideyasını həyata keçirmək imkanı verə bilər. 

Saakaşvili üçün digər variant bölgələrə səfər etməkdir. Ancaq onun maliyyə imkanları yetərli deyil. Onun Ukraynaya qayıdışını təmin edən oliqarxların hamısı isə həmin vəsaiti ödəməyə hazır deyil. 

Məsələni şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Mixail Saakaşvilinin Ukrayna prezidenti seçilmək şansı olmasa da o, hökumət başına gələ bilər:

“Ukrayna Gücüstanla müqayisədə həm ərazisinə, həm də əhalisinə görə, böyük dövlətdir. Ona görə də Ukraynanın problemləri daha böyükdür. İkincisi, nəzərə almaq lazımdır ki, Ukraynada çoxsaylı rus icması yaşayır. Bu da Rusiyaya Ukraynanın siyasi həyatında destruktiv rol oynamaq imkanı verir. Yəni ruslar və Rusiya Ukraynanın demokratik dünyaya inteqrasiyasında əngələ çevrilib.  Üçüncüsü, bu prosesə dini amil güclü təsir göstərir. Dini-təriqət ayrılığı Ukrayna cəmiyyətinin parçalanmasına şərait yaradıb. Digər səbəb isə şəxsiyyət amili və dövlət siyasəti məsələsidir.

Gürcüstanda Saakaşvilinin qurduğu sistem nəticə verdi. Bir şəxsiyyət kimi Saakaşvili dərin və demokratik islahatlar aparmağa nail oldu. Buna nail olmaq üçün onun həm liderlik keyfiyyətləri, həm də effektiv komandası təmin olunmuşdu. Təəssüf ki, bunu Ukrayna haqqında demək mümkün deyil. Ukraynada Poroşenko demokratik islahatların aparılması sahəsində liderlik keyfiyyətlərini göstərə bilmədi və səmərəli komanda formalaşdıra bilmədi. Xüsusilə də, sonuncu faktor özünü daha çox göstərdi. Bütün bunlara baxmayaraq, Saakaşvili dövlət başçısı uğrunda mübarizəyə qoşula bilməz. Çünki Ukrayna qanunvericiliyi buna imkan vermir.

Mixail Saakaşvili Ukrayna vətəndaşlığını yeni qəbul etdiyi üçün prezidentliyə namizədliyini irəli sürə bilməz. O, ən yaxşı halda baş nazir ola bilər. Ona görə də belə şərhlər verməyə başlayıblar ki, məqsəd Timoşenko-Saakaşvili tandemini yaratmaqdır. Yəni ölkədə hakimiyyət dəyişikliyi baş verərsə, Yuliya Timoşenko prezident, Mixail Saakaşvili isə baş nazir olacaq. Bunun nə qədər gerçək olmasını Ukraynadakı daxili siyasi proseslərin inkişafı göstərəcək. Eyni zamanda, Ukrayna ətrafında cərəyan edən geosiyasi hadisələrin təsiri də mühüm rol oynayacaq. Hər halda yaxından izlənilməli olan ciddi siyasi proses gedir”.

Politoloq Ukrayna hakimiyyəti daxilindəki fikir ayrılığının liberal islahatlara mane olması barədə deyilənləri real saymır: “Bir ölkədə siyasi plüralizm nə qədər genişdirsə, müxalifət nə qədər güclüdürsə, demokrik inkişaf üçün bir o qədər zəmin yaranır. Yəni hakimiyyət üzərində müxalifətin, vətəndaş cəmiyyətinin nəzarəti güclü olduqca demokratiyanın inkişafına müsbət təsir göstərir.  Ukraynada gedən son proseslərdə müxalifət də fəal iştirak edir. Yuliya Timoşenkonun “Botkivşina” ilə yanaşı “Samopomoş”, Saakaşvilinin liderlik etdiyi partiya da siyasi proseslərdə aktiv rol oynayır. Yaxın zamanda müxalifətin siyasi inteqrasiyasının gedəcəyi gözlənilir”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений