Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsraillə yeni hərbi anlaşma: Yeni növ silahların istehsal lisenziyası Azərbaycana verilə bilər



“İsrailin Müdafiə Nazirliyi “Maariv” qəzetinin bu ölkənin “Aeronautics Defense Systems” şirkətinin Azərbaycana satdığı Pilotsuz Uçan Aparatların (PUA) Ermənistana qarşı istifadə edilməsi barədə Azərbaycana qaydağa qoyması iddiasını araşdırır”. 

Cebhe.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda mətbuat konfransına İsrail – Ermənistan İctimai Forumunun başçısı Aleksandr Tsinker belə deyib. Tsinker iddia edir ki, Azərbaycan İsraillə imzaladığı sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri pozub.

“Hesab edirəm ki, İsrail şirkəti PUA istehsalı ilə bağlı Azərbaycana verdiyi lisenziyanı ala bilər. Çünki Azərbaycan PUA-larla bağlı üzərinə götürdüyü öhdəlikləri pozub”, - deyə o qeyd edib.

İsrail və Azərbaycan arasında yeni hərbi anlaşma

İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana səfərindən sonra Ermənistanda İsrail – Azərbaycan münasibətlərindən artan narahatlıq hiss olunur. Netanyahunun səfəri ilə ölkələr arasında münasibətləri pozmağa yönəlik cəhdlər edən ermənilər bir sıra hallarda bu təxribatlarında İsrail KİV-lərindən də istifadə edirlər. İsrailin regional inkişaf naziri Tsaxi Aqnebinin İrəvana səfərindən sonra belə hücumların sayı kəskin formada artdı. Erməni diasporunun maliyyəsi ilə bir sıra israilli KİV-lər məhz bu səfərdən sonra Azərbaycan – İsrail münasibətlərinə dair iddiaları ortaya atdılar. “Maariv” qəzetinin irəli sürdüyü iddia da bu təxribat mexanizminin tərkib hissəsi idi. Həmin iddianın israilli QHT sədri Tsinker tərəfindən yenidən gündəmə gətirilməsinin də müdafiə naziri Zakir Həsənovun İsrailə səfərindən sonraya təsadüf etməsi də birmənalı deyil. Görünən budur ki, Zakir Həsənovun səfərinin İsrail – Azərbaycan hərbi münasibətlərində yeni perspektivlər yaratması da Ermənistanı narahat edir. Bu baxımdan erməni tərəfinin İsrail şirkətlərinin PUA istehsalı ilə bağlı Azərbaycana verdiyi lisenziyaları alacağı ilə bağlı iddiaları yenidən gündəmə atması da özündə daha ciddi narahatlığı daşıyır.

Əldə etdiyimiz məlumata görə, İsrail nəinki PUA istehsalı ilə bağlı Azərbaycana verdiyi lisenziyaları almayacaq, hətta, daha müasir və uzaqmənzilli raketlərin istehsalı ilə bağlı birgə fəaliyyət planı da müzakirəyə çıxarılıb. Qeyd olunur ki, yaxın vaxtlarda Azərbaycanda yeni növ silahların istehsalı ilə bağlı birgə müəssisənin təməli qoyula bilər. İsrailli şirkətlər və mütəxəssislərinin cəlb ediləcəyi müəssisədə istehsal ediləcək İsrail silahlarının lisenziyalarının Azərbaycan tərəfinə verilməsi də nəzərdə tutulur.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений