Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yeni Qarabağ sövdələşməsi: Kreml 5 rayon əvəzində nə istəyir?



Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Rusiya - Azərbaycan münasibətlərinə həsr olunan konfransda rusiyalı ideoloq Aleksandr Duqin Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı çıxış edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, o, münaqişənin Moskva - Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olduğuna diqqət çəkib: “Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”.

Politoloq qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Problemin güc yolu ilə həlli yoxdur. Lakin biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır”, - deyə Duqin vurğulayıb. A.Duqin əmindir ki, Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir və regionda qüvvələr balansı dəyişir: “Bəli, Ermənistan Rusiyanın  dostu və tərəfdaşıdır, ancaq bununla belə Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında o cümlədən hərbi sahədə yaxınlaşma baş verir. Lakin bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil, bu, belə qəbul edilə bilməz. Yaxud əksinə, münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır”.

Yeni sövdələşmə təklifi, yoxsa İrəvana təzyiq?

Ekspertlər Avrasiya İttifaqının və Kremlin əsas ideoloqlarından biri olan Aleksandr Duqinin fikirlərinin ciddi əhəmiyyətini vurğulayırlar. Hesab olunur ki, bu, Kremldən Bakıya verilən yeni sövdələşmə təklifinin ilkin mesajlarından biridir. Lakin ekspertlər bu nöqtədə bunun yeni təklif olmadığını, əksinə, bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı irəli sürülmüş planın yenidən gündəmə gətirilməsi olduğunu da istisna etmirlər. Digər yandan son zamanlarda Ermənistanın Avrasiya İttifaqından çıxmaq cəhdlərinə qarşı Moskvadan İrəvana edilən təzyiqin olduğu da müzakirə mövzusudur. Elə yaxın günlərdə, Duqindən əvvəl Kremlə yaxınlığı ilə tanınan digər politoloq Modest Kolerov Avrasiya İttifaqından çıxacağı halda, Ermənistanın Azərbaycanla üz-üzə qalacağını, müharibə vəziyyətində Rusiyadan dəstək ala bilməyəcəyini demişdi. Duqinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Dağlıq Qarabağın ermənilərin nəzarətində olduğu məsələlərin üzərində vurğu etməsi də buna hesablana bilər.

“Rusiya Azərbaycanı ələ keçirmək istəyir”

Politoloq Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan Rusiyanın forpostudur və bu ölkənin onun əmrlərindən çıxmaq imkanları yoxdur. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Kremldən hansısa formada Azərbaycanın lehinə təklifin veriləcəyi mümkün deyil: “Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa, niyə təhdid edir? Azərbaycan ərazilərini işğal edən Rusiyadır, Ermənistanı bizim üstümüzə qısqırdan da, onu maliyyələşdirən də, silahlandıran da Rusiyadır. Bu baxımdan Kreml heç vaxt Azərbaycanın milli maraqlarına uyğun təkliflər verməz. Bu, gözlənilən deyil. Rusiya Qafqazı öz əyalətinə çevirmək istəyir və buna görə də Azərbaycanın müstəqilliyini əlindən alacaq fürsət axtarır.

Əgər Azərbaycan müstəqilliyindən imtina etsə, Rusiya hansısa formada addımlar ata bilər. Amma Azərbaycanın müstəqilliyindən imtina etmək niyyəti yoxdur. Bütün hallarda Rusiya imperiya siyasətini davam etdirəcək və biz müqavimət imkanlarımızı da buna görə hesablamalıyıq”.

Z.Məmmədli hesab edir ki, Rusiyanın bütün təklifləri Azərbaycanın ələ keçirilməsinə hesablanıb və bunun üçün də müxtəlif üsullardan istifadə edir: “Yalnız Rusiya demokratiləşəcəyi halda, bölgədə tamam başqa situasiya yarana bilər. Bu zaman Rusiya ilə normal dillə danışmaq mümkündür. İndiki Rusiyadan isə ancaq təhdid gözləmək lazımdır”.

“Kremlin adından təkliflər verirlər”

“Cümhuriyət” qəzetinə açıqlamasında Aleksandr Duqinin səsləndirdiyi fikirlərin diqqət çəkdiyini deyən politoloq Zaur İbrahimli qeyd edib ki, Azərbaycan siyasiləri və cəmiyyəti bu fikirlərə həssas yanaşmalıdır. Politoloq vurğulayıb ki, o, “Avrasiyaçılıq” ideologiyasının müəlliflərindən biri kimi Putin komandasının əsas ideoloqlarından biri sayılır: “Bu baxımdan onun mesajları əhəmiyyətlidir. Amma o, yeni heç nə demədi. Çünki 5 rayon məsələsi uzun zamandır tərəflər arasında əsas müzakirə mövzularından biridir. Lakin Duqinin açıqlamasında tam ədalətli mövqe ortaya qoyulmayıb. Azərbaycan mövcud status-kvonun dəyişməsinə o halda razıdır ki, Dağlıq Qarabağ münaqişəsi obyektiv həllini tapacaq. Biz istəyirik ki, Ermənistanın işğalçı olması faktı tanınsın. Amma son zamanlarda Duqin və Rusiyanın digər ekspertləri, politoloqları sanki Kremlin adından Azərbaycana sövdələşmə təklif edirlər; 5 rayon Azərbaycana qaytarılsın və bununla Rusiyanın bölgədəki nüfuzu möhkəmlənsin, sonrakı mərhələlər isə naməlum qalır. Rusiyadan son zamanlarda münaqişəyə belə yanaşmalar görürük”.

Z.İbrahimlinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə yanaşmalar Azərbaycan tərəfindən qəbuledilməzdir: “Amma digər yandan bu yanaşmaların ortaya çıxması da müsbət haldır. KİV-lər, ekspertlər və digər çevrələr bundan istifadə edərək Azərbaycanda ictimai rəyin dəyişməsinə çalışmalıdırlar. Lakin son zamanlarda Rusiyadan verilən açıqlamalarda Azərbaycanın əhəmiyyəti vurğulanır. Bu da müsbət haldır. Lakin təklif olunan sövdələşmələrdə obyektivlik də nəzərə alınamlıdır, Azərbaycanın da istədiyi budur”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений