Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kürdüstan”a qarşı SAVAŞ: Generallar razılığa gəldi



Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hülusi Akarla iranlı həmkarı Məhəmməd Hüseyn Baqiri arasında telefon danışığı olub.

“Cümhuriyət” qəzeti Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, generallar sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumunu müzakirə ediblər. Tərəflər referendumun ağır nəticələr yarada biləcəyini və bunun region əhalisinin maraqlarına mənfi təsir edəcəyini bildiriblər. Tərəflər görüşdə həmçinin Məsud Bərzani hökumətinin bu cəhdlərinə qarşı müqavimət göstərmək üçün fəaliyyətlərin koordinasiyası haqqında razılaşıblar.

Amerikadan etiraz

ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark da kürdlərin müstəqillik referendumunun riskli olduğunu bildirib. Amerikalı general qeyd edib ki, kürdlərin lideri Məsud Bərzani ilə görüşüb və ABŞ hökumətinin məsələ ilə bağlı təkliflərini ona çatdırıb:

 “BMT-nin İraq üzrə nümayəndəsi Jan Kubis və İngiltərə səfiri Frank Beykerin də iştirakı ilə tarixi görüş baş tutdu. 25 sentyabr referendumu müzakirə edildi. ABŞ-ın bu məsələ ilə bağlı dəstək verə bilməyəcəyini dedik. Bu, sadəcə ABŞ-ın deyil, beynəlxalq koalisiyasının mövqeyidir”.

Rusiyadan da kürdlərin müstəqil dövlət qurmaq cəhdlərinə etiraz edilib. Rəsmi Moskvadan verilən açıqlamaya görə, belə bir addım bölgədə idarəedilməz vəziyyət yarada bilər.

Ərbilin sığındığı  dayaq nöqtəsi

Görünən budur ki, Ərbil referendumu güc dövlətlərinin təzyiqləri altında keçirməyə cəhd edəcək. Lakin belə bir situasiyada Məsud Bərzaninin mütləq şəkildə referendumu keçirəcəkləri ilə bağlı nümayiş etdirdiyi qətiyyəti haradan gəldiyi ilginc ehtimallar yaradır. Çünki indiyədək bu yolda Ərbilin əsas dəstəkçisi ABŞ və Avropa İttifaqı dövlətləri (Almaniya, Fransa və İngiltərə), bir sıra hallarda isə Rusiya idi. Lakin indiki məqamda vaxtilə qəyyum rolunda çıxış edən dövlətlər Ərbilə etiraz edirlər və bu fikrindən daşındırmağa çalışırlar. Məhz bu nöqtədə Bərzani hökumətinin arxasında hansı siyasi qüvvələrin dayandığı müzakirə mövzusuna çevrilir. Həmin gizli dəstəyə görə, Bərzaninin geri addım atmaq istəmədiyinə də şübhə yoxdur. O da şübhəsizdir ki, Ərbil heç vaxt dayaq nöqtəsinə söykənmədən belə bir riskə getməzdi.

ABŞ, Aİ, Rusiya, İran və Türkiyədən fərqli olaraq, digər bölgə dövlətləri - Səudiyyə Ərəbistanı, İsrail və Misir referendumla bağlı qəti mövqe ortaya qoymurlar. Türkiyəli və iranlı ekspertlərə görə də Ərbilin arxasında İsrail və bu ölkənin təsir dairəsində olan bir sıra ərəb dövlətləri var. İsrailin özündən də referenduma loyal münasibət var. Hazırkı etiraz mühitində də bu cəhdi qızğınlıqla müdafiə edən əsas dövlət də İsraildir. ABŞ-da da bu cəhdə isti baxanlar var. Əlbəttə, Təl-Əvivdən Bərzaniyə verilən dəstək baxımından İsrailyönümlü prezident Donald Trampın hansı açıqlamanı verəcəyi da maraqla gözlənilir.

“ABŞ Bərzaniyə təzyiq edir”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, referendum böyük ehtimalla təxirə salınacaq. Çünki Amerika Bərzaniyə ciddi şəkildə təzyiq edir. Ekspert ehtimal edir ki, yaxın günlərdə müvafiq qərar elan ediləcək: 

“O ki qaldı referendum qərarının özünə, aydın məsələdir ki, referendumun keçirilməsi hələ kürd dövlətinin yaranması demək deyil. Çünki bu referendumun nəticəsini İraq parlamenti tanımalıdır. Daha sonra BMT kürd dövlətini öz sırasına qəbul etməlidir. Üstəlik, mübahisəli torpaqlar var və İraq hökuməti buna görə güzəştə getməz. Bütün bu “daşları” yanaşı düzəndə aydın görünür ki, Bərzani də referendumun nəticələrini bilir. Məncə, Bərzani bu referendumu keçirməklə, ilk növbədə əgər baş tutarsa, əlində tarixi bir sənəd olmasını istəyir. Yəni, tarixdə kürdlərin müstəqillik referendumu olacaq. Digər tərəfdən kürdlər tutduqları torpaqları əllərində saxlamaq üçün referenduma gedirlər. Təbii ki, referendum baş tutmaması üçün Qərb Bərzaniyə hansısa güzəştlər təklif edəcək. Bu da onun qazancı olacaq. Digər tərəfdən, bunun bir də daxili siyasi dividentləri var. Bərzanilərin güclü müxalifləri var və onları hər tərəfdən sıxırlar. Ona görə də Bərzani referendum məsələsini ortaya atmaqla içəridə kürdləri birləşdirmək, xarici təhdid və düşmənlərin çox olduğunu göstərmək, bir növ diqqəti qıraqdakı düşmənlərinə yönəltmək istəyir. Bu bir növ bərzanilər üçün “hava yastığı” olacaq”.

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений