Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Göydən sallanan cənnət alması - 700 ballıq stress



Test imtahanlarında abituriyentlərin 700 bal toplaması ölkəmizdə böyük sevinc hissi ilə qarşılanır. Testin ən yüksək zirvəsində dayanan 700 ballı tələbələr prezident təqaüdinə layıq görülür, ayrı-ayrı təşkilatlar tərəfindən mükafatlandırılır, ölkəmizin hər yerində çoşqu ilə qarşılanırlar. Bütün diqqətimiz 700 bala yönəlir. Şagirdlərimizi ancaq bu zirvədə görmək istəyirik. Bu, tamamilə ən böyük haqq və arzumuzdur.

Başqa bir tərəf! Dərs ili başlanan kimi valideynlər uşaqlarına dönə - dönə tapşırırlar ki, sən qəbul imtahanında 700 bal toplamalı və nəyin bahasına olursa – olsun, buna nail olmalısan. İmkanlı valideyn övladına 700 bal toplayacağı təqdirdə maşın, mənzil və ya başqa bahalı hədiyyələr almağı vəd edir.  Ən güclü repetitorları yüksək vəsait hesabına övladlarının test hazırlığına cəlb edir. Nəticədə bu balı toplayanlar sevinir, edilən xərclərin qarşılığında toplaya bilməyənlər isə psixoloji zədəyə məruz qalırlar. Bu da son. İmkanlı valideynlər 700 bal topladı -toplamadı, hər halda övladları üçün bunu edirlər, bəs kasıb uşaqları neyləsin? Bu mənzərəyə baxıb, kasıb uşaqlarında da psixoloji problemlər, ümidsizlik, kimsəsizlik hissi yaranır.

“İmtahanlarda 700 bal toplayan tələbə təhsilimizin ulduzudur” deyirlər. Mən də bu fikirlə razıyam. Belə tələbələri təqdir edir, uğurlar diləyirəm. Ancaq bu 700 balla bağlı bəzi psixoloji məqamları da qeyd etmək istəyirəm.

Birinci amil: İstər repetitorlar (burada məktəblərin adını çəkmirəm), istərsə də valideynlər şagirdlərin qarşısına konkret olaraq yalnız 700 bal hədəfini qoyanda, uşaqlar dərin psixoloji sarsıntıya dücar olurlar. Fəsadlar sonra özünü biruzə verir. Biz hələlik bunların fərqində deyilik.

İkinci amil: Mətbuatda oxudum ki, bir abituriyent 680 bal toplasa da, heç bir ali məktəbə qəbul olunmayıb. O, imkansız olduğu üçün seçim turunda pullu təhsili qeyd etməyib. Bəs, bu 680 bal toplayan abituriyentin gərgin zəhməti hara yazılsın? Diqqətlə hesablasan, yüzlələrlə belə abituriyent var.

Üçüncü amil: Niyə biz bir şeyi unuduruq ki, 700 bal orta məktəblərimizin verdiyi bilik səviyyəsi deyil. Əgər həmin 700 bal toplayan tələbə (yenə də alqışlayıram) heç bir kursa, heç bir repetitor yanına getməsəydi, yalnız orta məktəbdə əldə etdiyi biliklə bu balı qazansaydı, mən yüzə - yüz həmin tələbəni alqışlayardım. Həmin 700 “bal”lıların əksəriyyəti orta məktəbə ara – sıra, repetitor yanına isə daimi gedənlərdir.

İmkanlı valideynlər övladlarını lap birinci sinifdən yüksək məbləğ hesabına repetitor yanına qoyur. Bəs onda nəyə lazımdır bizim orta məktəblərimiz? Orta məktəbdə nə qədər savadlı müəllimlərimiz var. Sentyabr ayının ortalarında siniflərə daxil olsanız, cəmi 4-5 şagird görərsiniz. Şagirdlərin əksəriyyəti müəllim yanına hazırlığa gedir. Kasıb valideynlər isə uşaqlarını repetitor yanına qoymağa pul tapmır. Çox qəribədir, repetitor orta məktəbdə öz dərsini “can dərdi” keçir, “başdansovdu” yola verir, ancaq həmin şagirdlərə öz evində testin sirlərini böyük həvəslə öyrədir.

Demək, bu gün Azərbaycanda iki məktəb var. Biri Təhsil Nazirliyinin tabeliyində olan orta məktəblər. Biri də repetitor məktəbi. Görəsən, təhsil nazirinin bunlardan xəbəri yoxdurmu? Heç olmasa, bu iki məktəbdən birini bağlasın. Ya da repetitorlar məsələsini qadağan etsin. Desin ki, müəllim yoldaşlar, evlərinizdə keçdiyiniz dərsləri gəlin müəllim olduğunuz məktəblərdə keçin. Eybi yox, lap 700 bal da 600 bal olsun.

Üçüncü amil: İmkanlı valideynlər öz uşaqlarını ilin əvvəlindən repetitor yanına göndərəndə imkansız valideynlərin uşaqları sınır, psixoloji zədə alırlar. Onlar sinifdə kimsəsiz uşaqlar kimi boynubükük dayanırlar. Çünki repetitor pul alıb hazırladığı şagirdin qeydinə qalır, onun nazı ilə oynayır, hətta kasıb uşaqları gözümçıxdıya salır ki, siz niyə gözlərinizi döyürsünüz, pul tapın, gəlin yanıma- hazırlığa.
Dördüncü amil: Məktəb direktoru müəllim yanına hazırlığa gedən şagirdlərin valideynlərdən haqq alır. Uşaq ya məktəbə gəlmir, ya müəyyən dərslərdə olmur. İkinci bir tərəfdən direktor repetitorları da özbaşına buraxmır. Uşaqların çoxu hazırlığa gedir, siniflər çox vaxt boş qalır. Onunla da direktor haqq- hesab çəkir. Beləliklə, orta məktəbdə hərc-mərclik baş alıb gedir.

Nəticədə kasıb uşaqları sınır, orta məktəblərdə dərslər pozulur. 700 bal cənnət alması kimi göydən sallanır. Kiminin əli çatır, kiminin yox.
Son sözüm: Ölkəmizdə bu iki məktəbdən biri bağlansın. Ya müəllimlər evlərdə və qeyri yerlərdə uşaq hazırlamasınlar, gəlib orta məktəblərdə qanunu dərslərini keçsinlər, ya da orta məktəblər bağlanıb bütün şagirləri versinlər repetitorların ixtiyarına.

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений