Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sosial evlər: İstəyən çox, mənzil az - BÖLGÜ PROBLEMİ



Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli kateqoriya üçün inşa edilən “Yasamal Yaşayış Kompleksi”ndə sosial evlərin  tikintisi  sürətlə davam etdirilir. İlk 9 mərtəbəli yaşayış binasında və 3 mərtəbəli, 960 yerlik ümumtəhsil məktəbində son tamamlama işləri gedir. “Yasamal Yaşayış Kompleksi”ndə satışa ümumilikdə 1843 mənzil çıxarılacaq. Daha tez müraciət edən vətəndaşlar buradan mənzil əldə edə biləcəklər. Digər vətəndaşlar isə növbəti mərhələni gözləməli olacaqlar. 

Layihəni həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, ümumi sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 12-si birbloklu 12 mərtəbəli, 17-si isə ikibloklu 9 mərtəbəli olacaq. Kompleksin tikintisi başa çatdıqdan sonra ümumilikdə 1843 ailəni yeni mənzillə təmin etmək imkanı yaradılacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Eyni zamanda ərazidə 960 yerlik ümumtəhsil məktəbi ilə yanaşı, 240 yerlik uşaq bağçası, ticarət mərkəzi, habelə müvafiq ictimai iaşə, məişət və digər xidmət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Binaların tikintisinin 2018-ci ilin yayında yekunlaşacağı gözlənilir.

Sosial evlərin tikintisi və satışa çıxarılması ilə bağlı son yeniliklər nədən ibarətdir?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”qəzetinə aqçılamasında deyib ki, sosial evlərlə bağlı “Asan Xidmət” və Mənzil İnşaatı Dövlət Agentliyinin Güzəştli İnternet Portalında elektron formada sənədlərin qəbulu prosesinə başlanılıb.  Bu prosesi daha da sadələşdirən faktorlardan biridir: “Əsasən hazırda qeydiyatdan keçmiş vətəndaşların gözlədiyi mənzillərin nə zaman satışa təklif olunacağı məsələsidir. Vətəndaşlar müəyyən qədər narahatdır. Çünki müraciətin sayı çoxdur. Amma mənzillərin sayı məhduddur. Təxminən 1843 mənzil var. Təbii ki, sonrakı dövrlərdə Hövsan və digər layihələr də gəlir. Vətəndaşlar eyni zamanda onu da bilməlidir ki, vətəndaş bir dəfə orada qeydiyyatdan keçir və özü üçün kabinet yaratdıqdan sonra bu bütün layihələrdə onlara iştirak hüququ verir. Söhbət ondan getmir ki, vətəndaş hazırda qeydiyyatdan  keçirsə, mütləq Yasamal Yaşayış Kompleksindən mənzil almalıdır. Vətəndaş bu prosesdə iştirak edə  bilməsə davam edəcək digər layihələrdə,  bir sözlə öz həyatı dövründə bir dəfə ona tanınan bu hüquqdan istifadə edə bilər. Yəni indi alan digərini ala bilməz, almayan isə sonrakı layihələrdə artıq qeydiyyatdan keçmiş namizəd sayılır. Təkrar qeydiyyata əlavə ehtiyac yoxdur. Gözlənilir ki, ilin sonuna qədər bu mənzillər satışa təklif olunsun. İşlər də əsasən bu istiqamətdə aparılır. Narahatverici məqam ondan ibarətdir ki, tələb həddindən artıq çoxdur. Prosesdə özəl sektorunun fəaliyyətinin təmin edilməsinə ehtiyac var. Artıq MİDA tərəfindən bir neçə şirkətlə əməkdaşlıq qurulub”.

Ekspert bildirib ki, güzəştli mənzil strategiyasında nəzərdə tutulub ki, bu prosesdə özəl sektorun iştirakçılılığı daha da artırılsın: “Hazırda MİDA-nın özünün gənc qurum olması və prosesin yeni başlaması, 3 il əvvəl təsdiqlənən qaydaların icra edilməsi bir sıra hallarda öhdəliyi  bir qədər çətinlik formalaşdırır. Nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsi məqsədilə proseslər yalnız dövlət vəsaitləri deyil, özəl sektorun vəsaitlərinin iştirakçılılığının artırılmasına da ehtiyac var. Daha uyğun şərtlərlə, eyni zamanda münasib istiqamətlərlə işlərin görülməsi məqsədəuyğun olardı. Bütövlükdə götürəndə əhalinin bu layihəyə ümidi çoxdur. Baxmayaraq ki, hazırda layihə daha çox ödənişli qabiliyyətli olmaqla vətəndaşlara mənzilin təklif olunması nəzərdə tutulur. Amma onun genişlənməsi, şaxələnməsi burada daha aşağı xərc və vəsaitlərin prosesə cəlb edilməsi şərtdir. Gözlənilir ki, növbəti dövrlərdə şərtlər daha da liberallaşdırılsın və əhalinin aztəminatlı qruplarının bu prosesdə iştirakı sürətlənsin”.

Rəşad Həsənov Yasamalda tikintisi gedən sosial mənzillərin bitməsinə aylar qaldığını deyib: “2018-ci ilin ortalarında bu binaların təhvil verilməsi nəzərdə tutulub. Həmin dövrdə olmasa  və hər hansı fors-major vəziyyət yaranmasa, 2018-cilin sonuna qədər bu proses yekunlaşacaq. Artıq 3 binanın başa çatması mərhələsində olduğunu deyə bilərik. Böyük ehtimalla yaxın həftələrdə bu 3 binanın artıq satışa çıxarılmasının şahidi ola bilərik. Hövsan layihəsinə də artıq başlanılıb. Uyğun ərazidə qaz strukturu və digər işlərə başlanıb. Hövsan layihəsi Yasamal layihəsindən daha geniş nəzərdə tutulub”.

Sosial evlərin şərtlərinin ağırlığına gəlincə, ekspert deyib ki, əslində ilk olaraq bu məsələnin ictimailəşməsində problemlər olmuşdu: “Bunun ölkədə  daha çox sosial mənzil kimi təbliğatı getdi. Proyektin özü isə ümumilikdə güzəştli mənzil strategiyası idi. Hansı ki ötən ilin dekabrında imzalanıb. İşlər də bunun əsasında həyata keçirilib. Yəni burada sosial mənzil yoxdu. Bu da böyük ehtimalla ondan ibarətdir ki, 2015-ci ilin əvvəlindən sonra ölkədə iqtisadi vəziyyət çətinləşdi və dövlət gəlirləri azaldı. Bu gəlirlərin azalması fonunda ödəniş qabiliyyəti olan və daha çox layihənin dayanıqlığını təmin edə biləcək bir mövqe ortaya qoyuldu. Yəni pul gəlsin ki, layihənin digər ilərdə davam etdirilməsi mümkün olsun. Buna bənzər bir metod düşünüldü ki, buna da məhz İpoteka Fondunun cəlb edilməsi idi. Mənzillərin böyük bir qismi İpoteka Fondunun vəsaitləri hesabına satılmalıdır. Çünki nağd satış bir qədər çətindir. İnsanların nagd ödəniş imkanları azdır. Banklardan vəsaitlər sərf edib oradan mənzillər alınması məsələsi də hazırki şərtlərə uyğun gəlmir. Faizlərin hiss olunacaq səviyyədə yüksək olması vətəndaşlara baha başa gəlir”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений