Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

50 manatlıq ödül 



Qardaş, dünyada nə qədər ödül olar? Hara gedirəm, kimin  iş otağına daxil oluram, qarşıma ödül çıxır. 

Bu günlərdə böyrək  həkiminin  yanına getmişdim, otağının divarı ödüllərlə bəzədilmişdi. Hələ divarın lap  yuxarı başında “Qızıl qələm” ödülü də vardı. 

Maraq məni götürdü. Axı “Qızıl qələm”  yazı- pozu adamlarına aiddir, həkimə nə üçün  veriblər?  Həm qələm dostu kimi, həm də   həkimin “qəbul” pulunu  ödəməmək üçün dedim:

-Doktor, mən yazıçı- jurnalistəm, siz də deyəsən,  həkimlikdən əlavə yazı- pozu ilə də məşğul olursunuz?

Gördüm sualım  heç həkimin  vecinə  deyil. Hərif  “qəbul pulu”nun üstə möhkəm dayanıb. Bəs mən nə etməliyəm?  50  manata necə qıyım? Üstəlik də böyrəklərim  ac it kimi üzü yuxarı, qulaqlarıma tərəf ulayır.

Mənim xasiyyətimdir, həkim və ya digər peşə sahiblərinin iş otağına göz gəzdirmək, hansı rayondan olmağını soruşmaq. İstəyirəm qəbuluna düşdüyüm adama “ilişim”, yəni, həmsöhbət olum. Desə ki, filan rayondanam, deyim ki, filankəsi tanıyırsan? O da deyə ki, qohumumdur, mən də deyəm ki, tələbə yoldaşımdır və beləliklə, cibimdəki  50 manatı sağ- salamat evə apara bilim. Ona görə də həkimin “Qızıl qələm” mükafatı tərəfindən yapışmaq istəyirəm. Əlimi  “Qızıl qələm”ə uzadıb  həkimdən soruşuram:

-“Qızıl qələm”i nə vaxt almısınız?

-Keçən il, 50 manata almışam.

Aha, həkim artıq  qəbulunun 50 manat olmağı haqqında mənə işarə verir.

Özümü o yerə qoymuram, növbəti sualımı verirəm:

-Məqalə yazırsınız?

-Yox, mən yaxşı resept yazıram, aydın xətlə, muncuq kimi dərman  adlarını düzürəm  kağıza. 

Həkim ürəklə danışıır:
-Bir dəfə “Qızıl qələm” mükafatı  komissiyasının  məsul katibi gəlmişdi yanına, böyrəklərinə  aydın xətlə bir resept yazdım, xəttim xoşuma gəldi. Sən demə, mühür də cibindəymiş. Çantasında yazılmamış hazır ödül varmış. Adımı  yazıb verdi mənə.

Həkimə heç nə demirəm, az qala ödüm ağzıma gələ. Çıxıram çölə. Öd, ödül, ödə sözləri beynimdə fırlanır.

Görəsən, bu ödüllər hardan gəldi ölkəmizə? Kim gətirdi, niyə gətirdi? 
   
İş yerim  Rəşid Behbudov adına Mahnı Teatrına yaxındır. Türk dövlətlərindən gələn yazarların tədbiri olacaqdı.  Xasiyyətimdir, mən  tədbirin bir əvvəlini xoşlayıram, bir də sonunu. Çünki  adamlarla görüşüb salamlaşıram, bayramdırsa, bayramlaşıram, təbrikləşirəm. 

Elə  teatra  çatan kimi dostum qolumu dürtmələdi.

-Bax, bax, bir maşın ödül.

Gördüm ki, iri bir maşının  arxasını veriblər teatrın arxa hissəsinə. Üç -dörd fəhlə ödülü boşaldır teatrın anbarına. O saat iki əlli dizimə vurdum,  dedim, vay, gecə yarısına qədər burdayıq.  Əvvəl biz  onlara ödül verəcəyik, sonra  da onlar  bizə  ödül verəcəklər. Ödülün verilməsi, ödül alanın minnətdarlığı və s. Düz 6 saat çəkəcək.  Ödüllər təqdim olunub qutaranacan canımız çıxacaq. Beynimdə müqayisələr aparıram, cıxış yolu axtarıram.

Məncə, Rusiyanın ödülü azdır. Amma Türkiyədə ödül çoxdur.  Hesablayanda adambaşına iki ödül düşür. Ödülün əvəzinə  pul  versələr, heç  ruhum da inciməz. Həm də pulun  bir idarəetmə funksiyası var. Yəni, həm darıxmıram,  həm də pul məsələsi o qədər uzun çəkməz.
Ödülün başqa bir tərəfinı də  deyim. Gəlin açıq danışıq. İndiyə qədər açıq danışmamışıq deyə bu günə qalmışıq, yəni, az qala ödüllər çıxıb otursun başımızda. 

Bu sirri də açıb, yazımı bitirirəm. Elə adamlar var ki, gedib Türkiyədən və ya başqa ölkələrdə bir maşın hazır  ödül gətirib satır adamlara. Qaz vurub qazan doldurur.  Adını da qoyur ki,  guya filankəsi, məsələn, mənim  dayım oğlu Bəybalanı.  Yenə məsələn, Türkiyənin  İzmir şəhərində heyvanların müdafiəsində göstərdiyi xidmətə görə “Yaşasın Bəybala”  ödülü ilə təltif ediblər. O da var ki, dayıım oğlu Bəybala  Şirinqum qışlağında turacın, ördəyin, qazın kökünü tamamilə kəsib.  

İstəyirəm mən də bir möhür düzəltdirim, gen- boluna camaata ödül paylayım. Elə kənd adamlarına verib hərəsindən bir quzu alsam, dədəmin dədəsinə də bəsdir.

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений