Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Öpülməyə layiq müəllim əli



Artıq kəndimiz işğala məruz qalmışdı. Həmkəndlilərimiz kimi bizim 4 nəfərlik ailə də kəndi tərk edib, köçkün həyatı yaşamağa məhkum idi.  Əynimizdəki paltarlarımızdan başqa heç nə çıxarmağa macal tapmamışdıq. Bərddə iki ünvan dəyişdik. Sonra çadır şəhərciyinə gəlməyi qərara aldıq. Bu işlərdə bizə bəzi qohumlar kömək edirdi. Məndən 3 yaş kiçik körpə qardaşım, beş yaşı olan mən və anam idi. Atamsa hələ də cəbhədəydi. Bizimlə tez-tez görüşə bilmirdi. Çadır şəhərciyinə köçdüyümüzdən də çətinliklə xəbər tuta bilmişdi. Çadırda Yevlaxdan olan tanışlarımız bizi axtarıb tapmışdı. Şəhərdə bağça müdiri olan Zeynəb xanım əslən Naxçıvanlıydı. Onun da oğlu Rafiq cəbhədə vuruşurdu. Atamgillə eyni bölükdə...

Elə tanışlığımız da bizim kəndimizdə başlamışdı. Çadırımıza qonaq gələn xanım heç nəyimizin olmadığını görüb yanında gələn sürücünü geri- Yevlaxa yola saldı. Çox keçmədi ki, həmin sürücü bizə iki dəst mitil (yorğan döşək və isti yun örtuk), qab-qacaq dəsti gətirdi. Sürücünün gətirdiyi əşyalar arasında qələm, karandaş, cütcizgili iki ədəd dəftər, bir də üzərində dünya xəritəsini əl-ələ verərək saran müxtəlif irqlərə məxsus uşaqların şəkli yer alan kitab vardı. Zeynəb xanım həmin kitabın “ƏLİFBA” olduğunu dedi. Torpaq, palçıq üzərində ağacla maraqlı şəkillər cızmağı, palçıqdan kəndimizin küçələri ilə şütüyən tanklaırn heykəllərini düzəltməyi bacarsam da, yazıb- oxumağı bilmirdim. Qış aylarıydı. Artıq atam bir dəfə çiynində silah çadırımıza gəlib ailəsinin yaşadığı yeni evi görmüşdü. Hərbidən aldığı maaşla bizə isti paltar da aldığına görə daha məni çadırımızdan çölə çıxıb gəzişməyə qoyurdular.

Bir gün gözüm məktəbdən gələn uşaqlara sataşdı. Düzü, həsəd apardım onlara. Qaçıb evdə anama yalvardım ki, mənim də adımı məktəbə yazdırsın. Anam hələ yaşımın düşmədiyini, gələn il kəndimizin məktəbinə gedəcəyimi bildirdi. Çünki oradakı bütün insanlar elə hesab edirdilər ki, uzağı 2-3 aya qayıdacaqlar kəndlərinə. Hər kəs xərçəng xəstəliyi tutmuş və bundan xəbərsiz olan insan kimiydi. Ağrıların ötəri olduğuna və tezliklə sağalacaqlarına ümid edirdilər.

Mən növbəti dəfə, daha növbəti dəfə məktəbdən gələn uşaqları gördüm. Durmadan ağlayıb anamın zəhlə-zivarın tökdüm ki, bəs, mən də məktəbə getmək isdəyirəm. Məni məktəbə yazdırsın... Dayanmadan ağladığımı görən anam səhər tezdən qolumdan tutub məni çadır şəhərciyinin məktəbinə apardı. Qadın kimi-kimsəni tanımırdı. Ümidsiz olduğunu bilirdim. Siniflər üçün qurulmuş 5 iri çadır olan yer məktəb idi. Yenicə köçkün adını alıb, bizim kimi çadıra köçən Ağdam rayon 2 saylı köçkün orta məktəbi...

Məktəbin çadırları arasında gəzişirdik ki, görək kimi tapırıq. Birdən anamın da müəllimi olmuş nuranı bir kişi bizi çağırdı. Anamla görüşüb nə axtardığını soruşdu. Anam məsələni ərz elədi. Sonra Temir müəllim bizə “gözləyin” deyib direktor Tünzalə Vəliməmmədovanın oturduğu çadıra girdi. Bir müddətdən sonra bizi bir sinifə aparıb orada anamı gözəlüzlü, mehriban baxışlı, gənc olmasına baxmayaraq, saçları dən-dən ağarmış bir müəllimlə görüşdürdü. Müəllim anamı görən kimi gözləri dolub ağlamağa başladı. Sən demə, köçkünlüyün ilk günlərində Səmayə müəllim bizimlə bir yerdə Yevlaxla Bərdə rayonlarının arasındakı “Naves” adlanan yerdə qalıb.

Müəllimlər və anam üçlükdə xeyli söhbət etdikdən sonra qərara gəliblər ki, məni kiritmək üçün bu tədris ilini sinifə gəlib-gedim. Amma adım birinci sinifə növbəti il yazılsın.

Məni sinfə saldılar. Alaqaranlıq, buz kimi çadırın içərisində dik qoyulmuş mişar daşlarının üzərində mümkün qədər səliqəli oturan, məndən ən azı bir-iki yaş böyük uşaqlar məni buz kimi baxışlarla süzürdülər. Cəmi bir qələm, ilk 5-6 səhfəsini yazdığım dəftərim, bir də Zeynəb xanımın gətirdiyi “ƏLİFBA” varıydı əlimdə. Səmayə müəllim arxamca sinifə girib nazik uzun barmaqları olan əlini başıma qoyub mehriban-mehriban başımı sığallayaraq, məni sinif yoldaşlarımla tanış elədi. Sinifin üzü lövhəyə duranda sol küncündə boş daşın üzərində oturub parta yoldaşımla yaxından tanış oldum. Həmin gün onlar “P p” hərfini keçirdilər. Yarısı olmayan, qalan yarısı da param-parça olan yazı taxtasında Səmayə müəllimin səliqəli xəttilə “P p” yazılmışdı.

Həmin gün mən ilk ev tapşırığını aldım. Müəllimim mənə “Əlifba”nın ilk üç hərfini evdə yazıb əzbərləməyi tapşırdı. Beləliklə, ilk tapşırığı yaxşı yerinə yetirdim. Növbəti 3 hərf, sonra növbəti 3 hərf, daha sonra növbəti 3 hərfi yazdırdı. Hamısını əzbərlədim. Artıq uşaqlara çatmağıma bir şey qalmamışdı. Müəllimim anamı məktəbə çağıtdırıb mənim adımın məktəbə yazılmasını direktordan xahiş elədiyini və məndən çox razı olduğunu bildirdi. Hərdən elə olurdu ki, müəllimim mənə daha çox vaxt ayırdığı üçün sinif yoldaşlarımdan utanırdım. Amma qarşıma qoyduğum məqsədimə çatmağa müəllimim yardımçı oldu. Beləliklə, mən gəlib sinif yoldaşlarımla ayaqlaşdım...

Zaman-zaman inkişaf edib dəyişməyə başladıq. Partamız, yazı taxtamız, qarqudan hörülüb palçıqla sıvanan, içində odun peçinin yandığı isti sinif otağımız oldu. Lap sonra xarici təşkilatlar bizə daşdan məktəb də tikib verdi. Amma mən birinci sinfi, daşın üzərində oturub dizimin üzərində yazdığım ilk hərflər kimi Səmayə müəllimi də unutmadım. Əlindəki ağacla başımızın üstündəki çadırın üzərinə toplanan yağış suyunu boşaltmasını, soyuqdan donub qələm tuta bilməyən barmaqlarımızı bir-bir ovcunun içinə alıb nəfəsi ilə qızdırmasını, ən səliqəli yazımızın üstünə çadırdan daman su damalası düşərkən bizə təskinlik verməsini - heç nəyi unutmadım...

Böyüyüb yaşa dolduqdan sonra müəllimin həyat hekayəsini anamdan eşitdim. O, Ağdərə rayonundan idi. Həyat yoldaşı tibb işçisi olmuşdu. Müharibə təzə başlayarkən həyat yoldaşı ermənilər tərəfindən qətlə yetirilib. Onun meyidini qapılarına şəhidin öz atı gətirib. Cəmi bir övladı var idi. Azyaşlı qız övladı. Əgər səhv etmirəmsə, adı Gülnar idi. Uşağın ağır xəstə olduğunu anam danışırdı. Amma mən heç vaxt Səmayə müəllimin sinifdən, dərsdən qeyri şeyi düşündüyünü görməmişdim. O, mənim yaddaşımda müəllimliklə yanaşı, bir döyüşçü kimi qaldı. Əsl döyüşçü. O, öz cəbhəsində var gücü ilə döyüşdü. Məhz bu səbəbdəndir ki, indi Səmayə müəllimin hərf öyrətdiyi uşaqların içərisində xeyli sayda peşəkar hərbçi və digər xidmət sahələrində çalışan, dövlətimizin şərəfini elə müəllimimizin özü kimi ləyaqətlə qoruyan vətəndaşlar var.

Ölkəmiz Müəllimlər gününü qeyd edir. Cəmiyyətimizə misilsiz töhvələr verən, Azərbaycanın inkişaf etdirilməsi üçün bizlərə ziyalı vətəndaşlar qazandıran, bu şərəfli peşəyə layiq olan hər kəsin gününü təbrik edirəm. Səmayə müəllimin timsalında öpülməyə layiq olan bütün müəllim əllərini öpürəm.

Elgün Gəncimsoy       

   








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений