Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Xilas modelimiz: Lenini basdırmaq lazımdır



Adi bir davranış, adi bir xoş söz bəzən gündəmi dəyişir, insan baxışlarında müsbətə və ya mənfiyə doğru yol açır. Yaxşı yadımdadır, biz uşaq olanda da valideynlərimiz səbəbini bilərəkdənmi-bilməyərəkdənmi, tez-tez evin iç mənzərəsini dəyişərdilər. Çarpayımız, masamız, hətta yataq otaqlarımız belə ildə azı bir dəfə fərqli məkana köçürdü. Bu fərqlilik bizdə nədənsə xeyli sevinc həyəcanı da yaradırdı. Məktəb divarlarının ən müxtəlif formalarda rənglənməsi, yollara sallanan böyürtkən kollarının kəsilib təmizlənməsi, səkilərin ağardılması, taxta çəpərlərin rənglənməsi həmişə bizlərə dərk etmədiyimiz enerji verib. Eyni paltar da adamı yorur, arada onu təzələyəndə adam çox gümrahlaşır, hətta qida rasionunu dəyişmək də bu xüsusdandır. Düşüncə və baxışlarda dəyişiklik etmək isə daha gözəldir. Gördüyünüz kimi, mənzildəki əşyaların yerini dəyişməklə ab-havanı müsbətə yönəltmək mümkün olur. Bu gün də bizlərə gərginlik gətirən bəzi nəsnələr var ki, onu mütləq dəyişmək lazımdır. 

Fikirləşdim ki, əcəba, görəsən ölkəmizi, habelə dünyanı xilas etmək üçün nə etsək, yetər?! Aylardır ki, bu yönümdə baş sındırıram, düşüncələrimi zorlayıram, yuxularımı zəlil günə qoyuram, Firdovsidən Bəhmənyara, Petrarkadan Drayzerə, Bilgə Xaqandan Çöhrəqanlıya qədər bütün yazılanları ələk-fələk edirəm, heç nə alınmır. Sən demə, əsl məğzlər yazılmayanlar, danışılmayanlar və göstərilməyənlərmiş. Bu qənaətə gələndən sonra sükuta çəkildim ki, sükunətə mübtəla olmayım. Məhz bundan sonra ölkəmizi və dünyamızı xilas etməyin çox sadə, çox asan “modelini” buldum. 

Gəlin, əvvəlcə öz məmləkətimizdən başlayaq. İllərdir dəmləmək üçün quru çay tapılmır. Hamı deyir “kraskadır”, amma hər gün bütün telekanallar bu zəhərli boyaları reklam etməklə məşğuldur. Qan-damar sistemindəki problemlər, təzyiq oynamaları, gözlərin zəifləməsi, ən nəhayət, infarkt halları məhz həmin quru çaylar vasitəsilə bizlərə sırıdılır. Ölkəmizi bürüyən və İranda daha təhlükəli vəziyyətə çatdırılan infarkt, sonsuzluq, xərçəng və digər xəstəliklərin 70 faizlik səbəbi hər gün içdiyimiz çaylardadır. İlk öncə bunun qarşısını almaq lazımdır. Çünki ağac yarpaqlarını qurudub dəmləmək daha təhlükəsizdir, nəinki qutu-qutu, kilo-kilo satılan çaylar. Bu gün çörək də çörək ətri vermir, pomidor-xiyar sintetikdir, almanı kəsəndə iki gün ağappaq qalır. Kolbasa və sosislər barədə də yazardım, amma oxucularımı “yetim” qoymaq istəmərəm. Bəlkə banandan yazaq? Yox, bu, daha təhlükəlidir. Biskivitlər, dönərlər, başqa nəsnələr də onun kimi. Bu gün yumurta sarımsaq dadır, Qubada çürüyüb getdiyi halda bizə Fransadan, Kanadadan alma gətirilir, necə ki, bir vaxtlar sonsuzluq yaratmaq üçün ABŞ-dan “hinduşka” boyda toyuqlar, İrandan sellofan torbalar gətirilirdi. Öz məqsədlərinə çatandan sonra dayandırdılar. 

Son illər eşidirik ki, paytaxt və əyalət restoranlarında kütləvi zəhərlənmələr olur. Bunu balıqla əlaqələndirirlər. Əsla, məclisdə olanların çoxusu deyir ki, bir tikə də balıq yeməyib. Deməli, səbəb digər qidalar, rəngli sular və ya hansısa başqa şeydir. Məhz bu səbəbləri aradan qaldırmaq lazımdır. Kim bilir, bəlkə dırnağımızı “kitayski” dırnaqtutanla deyil, qayçı ilə, özü də bütöv şəkildə kəsmək bizi bəlalardan qurtara bilər?! Bəlkə başımızı mənşəyi bilinməyən şampunlarla deyil, dədə-babadan qalma paltar sabunuyla yusaq, ölkə insanlarımızda nikbinlik yaranar? 

Doğrudan da, nəsə eləməliyik, nəyisə dəyişməliyik ki, qurtulaq. Bəlalarımızdan biri də yaramaz nostaljiliyimizdir. “Filankəs sürücüm olub, indi icra başçısıdır”, “Filankəs məndən siqaret dilənirdi, indi altında “Hummer” var” kimi çürük fikirlərə mübtəla olmaqla çürüyürük. 

1996-97-ci illərdə, ağır dönəmlərdə, yaşamaq uğrunda çoxları kimi mən də mübarizə aparırdım. O vaxt səhər saat 5-6 arası “28 May” stansiyasının üstündəki bazarda tərəvəz satır, saat 10-da teatrda məşqə gedir, məşqdən sonra qəzetlərə məqalələrimi paylayır, axşama doğru bir dostumun çörək dükanında satıcılıq edir, həftədə üç dəfə də çörək sexində qarovulda dururdum. İndi bəzən tərəvəz satdığım məkanda, yaxud çörək dükanında birgə işlədiyim insanlar məni görəndə bəlkə də “Gör nə gündəyik, bizimlə bir vaxtlar bazarda olan bu adam indi televiziyalara çıxır, qəzet çıxarır, kitab yazır” deyirlər. Amma heç kim adamların bu mərtəbəyə necə gəldiklərini, hansı yollardan keçdiklərini bilmirlər. Axı sürücü birdən-birə icra başçısı olmur, dostlardan siqaret istəyən ayrılıb gedən kimi “Hummer” sürmür. Bax, irəli gedənlərə belə xəbis yanaşmamız, paxıllıq hissimiz var ki, onlar da bizi saymır, qəbuluna düşə bilmirik. Bunu da düzəltməliyik ki, ölkəmiz düzəlsin. 

MDB-nin sovet nostaljisindən qurtulması üçün də Kremldə qorunan Vladimir İliç Leninin nəşini torpağa tapşırmaq lazımdır. Çünki qanlı bir ideologiyanın kabus-müəllifi nə qədər ki, iki dünya arasında qalır, onun müridləri də silahı yerə qoymurlar. 

Sözardı: Bəlkə də metropolitenin stansiya adları da xilasımıza xidmət edə bilər. Mən bilən sonuncu dəfə “Məşədi Əzizbəyov” stansiyasının adını dəyişib “Koroğlu” qoydular. Bəlkə “Nəriman Nərimanov”u “Rəsulzadə”, “Xalqlar Dostluğu”nu da “Kərkük”, “Ulduz”u “Babək” etsək, daha gözəl günlərə qovuşarıq. Zarafata salmayın, bəzən xırda bir detal böyük enerji yaradır. Belə olmasa, Məhəmməd Əminin büst və adlarını yavaş-yavaş ləğv edərdilərmi heç? 

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений