Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Filmin sonu 



Onlar orta məktəbdən bir-birini sevirdilər. 60-cı illərin uşaqları idilər. Samirə Arifdən iki sinif aşağı oxuyurdu. Orta məktəbi bitirdilər. Sonra… Sonra isə müharibə başladı.. Qarabağ müharibəsi...

Arif əsgərliyə getdi. Ağdərəyə düşdü. Samirəni isə zorla qonşu kənddəki dayısı oğlu Ramizə nişanladılar. “Qız nişanlı qalmaz” deyib tələsik toy etdilər. Arif də eşitdi bunu. Müharibə daha da alovlandı.
Samirənin ərini də əsgər apardılar. 1992-ci ildə…

Çox keçmədi Ramiz şəhid oldu. Bir oğlu vardı Ramizin. Qəbiristanlıqda boynu qırmızı yaylıqlı bir başdaşı da yol keçənlərə əl elədi, sanki deyirdi ki, orda- Ağdamda mənim qanım qalıb, alın haa…

Çox keçmədi ki, Arif əsgərlikdən sağ-salamat qayıtdı. Samirə başqa evdə gəlin idi, daha doğrusu, şəhid ailəsi idi. Arif isə Samirəni hələ də sevirdi. Ona qovuşmaq olardımı? “Tütək səsi” filmindəki səhnələr yadına düşürdü. 

Arif şirkət prezidentinin həyətində bağban işləyirdi. Yaxınlıqdakı “moyka”da əsgərliyə getməyən nazir uşaqlarının bahalı maşınlarını yuyurdu. Aylıq qazancı 258 manat idi. Heç özünə çatmırdı. Yaxşı iş tapa bilmirdi. Bakıdakı “JEP” lərə baxıb kovrəlirdi...

Bir gün Arif dostunun toyunda Samirə ilə qarşılaşdı. Elə bil aradan illər keçməmişdi. Müharibə olmamışdi. Arif Samirəyə onunla ailə qurmaq istədiyini bildirdi. Samirə dinmədi, “fikirləşərəm” dedi. Samirə artiq atasıgildə qalırdı. Şəhid ailəsi kimi dövlət ona böyük qayğı göstərirdi. Müxtəlif yardımlar edilirdi. Hər ay pul verilirdi. Televiziyalar ondan müsahibələr alırdı, qəzetlər şəklini çap eləyirdi. Onun üçün hər şey növbəsiz idi. Artıq şəhid əri haqqında gözəl bir mətn hazırlamışdı, danışanda caşmırdı da… Ərinin ildönümlərində televiziyalarda o qədər çıxışlar eləmişdi ki, artıq kədərlənmirdi… İkinci bir istəyi də yaranmışdı, Arifə sevgisi yenidən baş qaldırmışdı. Niyə də onunla ailə qurmasın? Cavan gəlindir, ölənlə ölmək olmaz ki?

Qohumlar da razı oldular. Təkcə Ramizin ata-anasından başqa… Onlar Samirəni ikinci oğullarına almaq istəyirdilər. Buna nə Samirə razı oldu, nə də ki oğlan.
Günlərin bir günü Samirə Ariflə kəbin kəsdirməyə getdi. İcraçı Samirəyə xəbərdarlıq elədi ki, əgər  ailə qursan, bütün şəhid ailəsi imtiyazlarından məhrum olacaqsan. Elə bil Samirəni ilan vurdu. O, yardımlara öyrəşmişdi. Ailə qursaydı, yardımlar kəsiləcəkdi, bu, hələ bir yana dursun, demək, daha populyar olmayacaqdı.
- Vaxt verin fikirləşim,- dedi Samirə.
Samirə evə gəldi, hesablayıcı maşını qarşısına qoydu və  hər şeyi çox dəqiqliklə hesabladı. Demək, Arif ayda 258 manat alir, vəssalam. Nə qədər calışdı əlavə şeylər tapa bilmədi.
Sonra şəhid ərinin-  Ramizin “qazancına” keçdi. Bir ayın qazancını hesablayıcı maşına vuranda min manatdan yuxarı elədi.
Üstəlik iclaslar,  televiziyalar, qəzetler, yardımlar…
Demək bizdə şəhid sağ adamdan çox maaş alır.
Bax, dəhşət bu idi.
Samirə səhər gedib hər şeyi Arifə danışdı. Bütün məsələləri ona bir-bir izah elədi. Arif ayaq üstə qurudu...

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений