Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Fədayə Laçın nə vaxt azadlığa buraxılır? - VƏKİLİNDƏN AÇIQLAMA - ÖZƏL



Məhbus, “Qoca” ləqəbli Etibar Məmmədovun həbsxanadan qaçmasında əli olduğu bildirilən Fədayə Laçın artıq vəkili ilə görüşüb.
 
Vəkil Turkel Süleymanlı Cebhe.info-ya açıqlamasında müğənninin son durumu haqda məlumat verib. İlk dəfə olaraq, bəzi məlumatları açıqlayıb. 
 
- Maraqlıdır, “Qoca” öldüyü üçün birgə əməliyyatda adı hallanan müğənni azadlığa çıxa bilərmi?
- Xeyr, bu formada ola bilməz. Hüquqi tərəflərlə bağlı müraciətlərimizi edəcəyik. Qanunda da belə bir şey yoxdur ki, kimsə öldüyü üçün ittiham digər şəxsin üzərindən götürülsün. 
 
- Fədayə Laçının azadlığa buraxılması üçün hansı adımlar atacaqsız?
- İlk növbədə çalışacağıq ki, qəti-imkan tədbiri dəyişdirilsin. Çünki xanımdır. Fədayə xanım da Etibar Məmmədovun qaçması ilə bağlı xəbəri ilk dəfə olaraq, televiziya vasitəsilə öyrənib. Etibar Məmmədov qaçandan sonra Fədayə Laçının onunla heç bir telefon əlaqəsi olmayıb. Bəziləri deyir ki, Etibar Məmmədov qaçandan sonra müğənni ilə görüşüb, zəngləşib. Xeyr, bu yanlış məlumatdır. İlk dəfə Cebhe.info-ya bu məlumatı açıqlayıram. Etibar Məmmədov qaçdıqdan sonra Fədayə Laçını hüquq-mühafizə orqanları bir neçə dəfə çağırıb. Üçüncü çağırışda müğənni həbs olunub. Fədayə xanım hüquq-mühafizə orqanlarının bütün çağırışlarına könüllü gedib. Onun qanunun tələblərindən yayınmaq fikri olmayıb. Qanundan yayınmaq fikri olsaydı, Fədayə xanım xəbəri eşitdikdən sonra qaça, gizlənərdi. O adam, Etibar Məmmədov özü ortada olmadıqdan sonra, Fədayə Laçının istintaqın gedişinə heç bir maneçiliyi ola bilməz. Hər kəs törətdiyi əməlində cinayət varsa, ona görə cəza çəkməlidir.
 
- “Qoca” ilə qaçma xəbəri yanlışdır?
- Bəli, yanlışdır. O ərəfədə Fədayə Laçının Etibar Məmmədovla şəxsi görüşü, yaxud da telefon əlaqəsi olmayıb. Daha əvvəllər görüşdüyü üçün Fədayə Laçını saxlayıblar. Fədayə Laçın da inkar münasibətlərin olmasını inkar etmir. Onun qaçmasına da hər hansı maddi-mənəvi köməklik göstərməyib. 
 
- Sonuncu dəfə nə zaman görüşüblər?
- Bu işi bü günlərdə mənə veriblər. Bu haqda növbəti günlərdə açıqlama verərəm. Hadisə günü, ondna bir neçə gün öncə də görüşləri olmayıb.
 
- Kimsə həbs olunduqda, səhhətindəki problem, körpəli olması və s bu kimi amillər irəli sürülərək qərarın yumşaldılması tələb olunur. Maraqlıdır, hazırda hansı amil Fədayə xanımın xeyrinə işləyə bilər?
- Bəraət qazandırmaq yalnız məhkəmədə olur. Fədayə Laçının üstünlüklərindən biri xanım olması və istintaqdan yayınmaması, münasibətdə olduğu şəxsin ölməsidır. Fədayə Laçının cəmiyyət üçün hər hansı təhlükəsi yoxdur. Kimisə vurmayıb, asmayıb. Xaricdə də belə təcrübə var ki, istintaq məhkəməyə qədər kimisə həbs etmir, məhkəmə qərarınadək şəxs evində qalır. Çox təəssüflər olsun ki, bizdə şəxs dərhal həbs olunur. Tutaq ki, bu adam 6-9 ay Kürdəxanı təcridxanasında yatdı. Bilmirik ki, məhkəmə nə qərar verəcək. Daha sonra məhkəmə başqa qərar verir. Bu zaman sual yaranır ki, bu müəddətdə şəxs niyə təcridxanada yatmalı idi? Şəxs məhkəmə qərarı verilən gündən cəza çəksin də. Bilirsiz ki, həbsxana şəraiti çox ağırdır. Fədayə Laçın kimisə öldürməyib ki, onun azadlıqda olması kimin üçün təhlükəli olsun.
 
- Haqqında yazılanlara münasibəti necədir?
- Fədayə Laçın həm jurnalistlərə, həm də sənət adamlarına təşəkkürünü bildirir. Belə bir hadisədə adının hallanmasından təəssüf hissi keçirilir. Deyir ki, bu yaşadək nə polisə, nə prokrorluğa yolum düşməyib, yalnız sənətlə məşğul olmuşam. Etibar Məmmədovla şəxsi münasibətə görə belə hadisə olub. Hazırda vəziyyəti normaldır, mənəvi dəstək verən hər kəs sağolsun. 
 
- Saxlanma şəraiti necədir?
- Normaldır, saxlanma şəraitindən heç bir narazılığı yoxdur. Hamı ilə, otaq yoldaşları ilə də münasibəti normaldır.
 
- Səhhətində bu vaxtadək nəsə problem olubmu?
- Bu haqda ailə üzvlərinə müraciət etmişəm, gərək ki, sənəd olsun. Məlumat olsa, açıqlayacağam. Elə işlər var ki, onun üçün müəyyən zaman lazımdır. Hələ ki, Fədayə Laçınla bir görüşüm olub. 
 
- Hətta, belə söz-söhbət gəzir ki, Fədayə Laçın bu günlərdə azadlığa çıxa bilər?
- Azadlığa çıxmaq dedikdə, biz müraciət etmişik ki, ən yaxın zamanda zaminliyə buraxılsın, yaxud ona ev dustaqlığı verilsin. İstintaq aparılmalıdır, kimin günahı var, yoxdur, bu araşdırılmalıdır. Yaxın zamanda məhkəmə müraciət edəcəyik. Şəxsin həbs rejiminin dəyişidirlməsi məhkəməyə təqdim ediləcək ərziə ilə baxılacaq. Yəqin ki, bir neçə gün ərzində də bu məsələyə baxılacaq. 
 
- Məhkəmə nə zaman olacaq?
- Belə istintaqların gedişi bəzən 6-9 ay çəkir. Bilirsiz ki, başqa həbs olunan adamlar da var. Bəlkə də məhkəmə bir ilədək çəkdi. 
 
- “Qoca”nın ölüm xəbərini necə qarşılayıb?
- Təəssüf hissi ilə qarşılayıb. Şəxsi sual olduğu üçün bu haqda danışmamışıq. 
 
Qeyd edək ki, müğənni Fədayə Laçın hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. 
 
Nigar Məhərrəm
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений