Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Zəhərli kokteyl



Hər insanın beynində yaşayacağı fəlakətin əlaməti var. Omen...

Həyat zəhərli kokteyldir. Hər şey qarışıqdır, hər şey beyində qarışır. Bir yerdən sonra hər şey biri-birinə qarışır: arzular istəklərə, istəklər ehtiraslara, ehtiraslar sevgiyə, sevgilər aqressiyaya, aqressiya tənhalığa, tənhalıq insanlara... Və bir yerdən sonra insan artıq tənha da olmur, yalnız da olmur, qorxaq da olmur, bir yerdən sonra insan heç nə olmur. Bir yerdən sonra insanın beyni suya tökülmüş beton kimi tədricən daşa çevrilir. İnsanı həyata bağlayan bütün səbəblər bu “nəm beton”un içində daşlaşır və beyin xatırlamaqdan başqa heç bir işə yaramır. Vaxtilə həyata bağlayan hərəkətli səbəblər, indi isə yığın-yığın meyitlərə çevrilmiş cansız səbəblər hücum çəkdikcə, “daşlaşmış beton”un kiçik boşluğunda qalmış beyin özünü “iynəli divarlar”a çırparaq uzunmüddətli ölüm prosesinə girir. Yenidən həyata bağlanmaq üçün sonuncu şans kimi yaratdığı süni səbəb də öz cazibəsini itirdikcə, insan sürətlə öz ciddiyyətindən məhrum olmağa başlayır. Ətrafında həyatı əmələ gətirən hər şeyi mənasızlaşdırıb, ölüm saçmağa başlayır.

İnsan və həyat arasında sona çox qalmış ipi beyində məskən salmış eybəcər çeynəməyə başlayır. Atropos...

Daşa çevrilmiş beyinə həmişə hücum olur və istehkamın arxasında müdafiə mövqeyində dayanır. Məhz öldürməyə başladığı səbəblər hücumların sayını artırdıqca, bunlar “beton dənəcikləri”nə parçalanmış beyinə su kimi tökülür və donur. Daşa çevrilir. Lakin düşdüyü boşluqda həyat axtarışını aparan hər insanın beynində başqalarından daha yaxşı və daha fərqli yaşaması üçün milyardlarla öz cinsindən olanları öldürüb meyitlərinin çürüntüsündən gübrə yarada biləcək qədər hirs var. Bəzən az sonra özünü öldürüb bütün əzablarına son qoyacağı hissinin yaşatdığı xoşbəxtliyin aşağı-yuxarı dartılan hulqumu da insana yeni nəfəs verib həyata bağlaya bilir. Əlbəttə, oxşarı olmayan xoşbəxtlik hissi də intihardan az əvvəl yaşanır.

Beyin kiçik hücrədə özünü divarlara çıpdıqca, mərhəmət öz yerini hiddət və qəzəbə verir. Aqve...

İnsan bir yerdən sonra heç nə olmur. Bədəninin ən təpə nöqtəsində ətlə suvanmış yumuru, içi boş sümüyünün içinə beyin yox, bozlaşmış və xanalarında ağ və qara rənglərə çevrilmiş vaxtilə həyata bağlayan, indisə “hərəkətsiz səbəblərin fotolenti”ni gəzdirir. Bu, xatırlatmaqdan - əzab verməkdən başqa heç bir işə yaramır. Hər şeyi kokteyl kimi biri-birinə qarışdırır, hadisələri bir cümlədə yekunlaşdırıb lent kimi uzadır.

Xəbər lenti...

12:30  -  Məmur oğlu gecə klubunda qıza görə dava saldı

12:27  -  Çörək oğurlayan 2 yaşlı uşaq azadlıqda

12:21  -  Vətəndaşın şikayət etdiyi hollandiyalı nazir istefa verdi

12:11  -  Ən çox siyasi məhbus olan ölkələr: Siyahıda Azərbaycan da var

12:01  -  Məşhur müğənni toyunda soyundu - FOTOLENT

11:52  -  Kamikadze 39 can aldı

11:47  -  Tələbə qızı qaçırdı, sonra nə edəcəyini bilmədi

11:40  -  Dəbdəbəli və bahalı qəbir daşları sifarişi azalıb

11:37  -  Dolların sabaha olan məzənnəsi

11:33  -  General 12 il azadlıqdan məhrum edildi

11:30  -  Yaşlı kişi avtobusda 12 yaşlı qıza təcavüz etdi

11:26  -  Prezidentlər görüşdülər: Bağlı qapı arxasında 5 saat danışdılar

11:19  -  Milyarder iş adamı qadın modellər üçün “kisənin” ağzını açdı

11:10  -  Borca görə intihar edən kişinin məktubu: “Xoşbəxtəm, heç kəs məndən pul istəməyəcək”

11:00  -  Əməliyyatdan sonra anasını ilk dəfə görən körpə...

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений