Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"İŞİD-i çökdürən" general: Hakimiyyətə gətirilir?



İran İnqilab Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar üzrə komandanı, general Qasim Süleymani siyasi populyarlıq qazanmağa başlayıb. Bir qayda olaraq, publikaya qapalı şəxs kimi tanınan Qasim Süleymaninin son dövrlər İran cəmiyyətində açıq siyasi təbliğatı aparılır. Siyasi iddiası olmayan və çox az adamın görə bildiyi SEPAH generalı ilə bağlı vəziyyət dəyişib. İrandakı şəhərlərin küçələrində böyük portretləri yerləşdirilib. Dükanlarda, "Bank SEPAH"ın filiallarında, valyutadəyişmə məntəqələrində də Q.Süleymaninin fotoşəkilləri ali lider Ayətullah Seyid Əli Xameneyinin portretləri ilə yanaşı asılıb. 

General Süleymaninin belə populyarlıq qazanması onun Suriyada və İraqdakı fəaliyyəti ilə əsaslandırılır. İran cəmiyyətində indi sərdar Süleymaninin göstərdiyi "qəhrəmanlıqlar"dan danışılır, tərəfdarları onu İraqı, Suriyanı, bir sözlə, şiəliyi İŞİD-dən xilas edən bir sərkərdə kimi təqdim edirlər. 

Hətta İranda "Sərdar Süleymani Azərbaycanı İŞİD-dən xilas etdi" kimi şayiələrə də rast gəlmək olar. Ancaq qəddar fəaliyyəti ilə ad çıxaran generalın təbliğatının İranın regional maraqları ilə bağlı olduğunu, yoxsa Qasim Süleymaniyə yüksək vəzifə veriləcəyini söyləmək çətindir. O özü vaxtilə siyasi iddiasının olmadığını bəyan etsə də, son dövrlər əldə etdiyi hərbi qələbələrə görə irəli çəkiləcəyi də istisna olunmur. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, yalnız İranda deyil, Azərbaycan respublikasında da İranyönümlü qüvvələr Qasim Süleymanini xilaskar kimi təbliğ edir. O, İŞİD-dən, PKK-dan gələn təhlükələrin, İraqın, Suriyanın bölünməsinin qarşısını alan komandan adlandırılır:

"Qasim Süleymani əslində, gizli fəaliyyət göstərməyib. Onun harada nə işlə məşğul olduğunu hər kəs yaxşı bilir. Qasim Süleymani İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının "Qüds ordusu" adlanan qolunun başçısıdır. Yəni o, İraqda da, Suriyada da, Livanda da, Yəməndə də ortaya çıxa bilər. Yəni İran İslam İnqilabı Keçikçiləri Qvardiyasi bu ölkələrdə fəaliyyət göstərir. Amma general Süleymaninin adı ona görə çəkilir ki, onun rəhbərlik etdiyi ordunun fəaliyyət göstərməsi üçün daha geniş ərazi var. 2003-cü ildə İraqda Səddam Hüseynə qarşı əməliyyat keçiriləndə Qasim Süleymani artıq İraqda idi. Həmin vaxt onun amerikalılarla işbirliyində olmasına dair informasiyalar yayılmışdı. Bu yaxınlarda belə bir xəbər ortaya çıxdı ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Qasim Süleymaniyə məktub göndərib. Lakin SEPAH generalı məktubu açmayıb və bildirib ki, bizim amerikalılarla işbirliyimiz yoxdur. İndi isə Qasim Süleymani də daxil olmaqla İran generallarının, yaxud Rusiya generallarının adı ona görə çəkilir ki, onların fəaliyyət göstərməsi üçün şərait var. İran döyüşdə iştirakını etiraf etməsə də, rəsmən bəyan edir ki, onları Suriyaya Bəşər Əsəd dəvət edib. İran hərbçiləri də Suriyada guya təlim keçməklə məşğul olur. Döyüşlərdə ölənlərin isə könüllü müharibəyə getdiyini bildirirlər. Dünya şiələrinin lideri Ayətullah Seyid Əli Sistaninin İraqın qorunması ilə bağlı fətvası var. İran rejimi də belə fətvaları əsas tutaraq bildirir ki, müsəlman torpaqlarının müdafiəsi uğrunda döyüşmək bizim borcumuzdur. Hərbi əməliyyatlarda iştirak edənlər isə din yolunda cihad edən insanlardır. O ki qaldı Qasim Süleymaninin perspektivdə hakimiyyətə gətirilməsi məsələsinə, bu da istisna olunmur. Hazırda İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının İraqda və Suriyadakı qüvvələrinə Qasim Süleymani komandanlıq edir. Digər tərəfdən, onun yüksək vəzifəyə gətirilməsi mümkün ola bilər. Sadəcə olaraq, bunun üçün zaman yetişməyib. Qasim Süleymani ali lider Seyid Əli Xameneynin ən etibarlı adamlarından sayılır. Çünki İrandakı hakimiyyətin əsas dayağı "SEPAH"-dır. Bu qvardiya İranın həm daxilində, həm də xaricdə ölkənin maraqlarını qoruyur. Qasım Süleymani bu İran hakimiyyəti üçün həyati vacib bir bölgədə fəaliyyət göstərir. Onun Suriya və İraqdakı işləri İranın təhlükəsizliyi, bütövlüyü və əraz bütövlüyünün qalmasına xidmət edir. İndiki şəraitdə Süleymanini belə strateji yerdən ayırıb Tehrana kabinetə salmaq ağılsızılıq olardı. İran tərəfi bunu etməz".

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений