Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Astroloq Səbuhi Rəhimli ilə SÖHBƏT -  “Az qala 18 nazir zəng edib soruşdu ki...”



Yeni il həm də insanın həyatdan yenilik gözləməsidir. İnsan nə olacağını bilmək, onu gözləyənlərə hazır olmaq istəyir. Həm şəxsi həyatında, həm ölkə, həm də dünya çapında baş verəcəklərlə bağlı təxminləri peşəkardan dinləmək isə ayrı bir istəkdir.

“Cümhuriyət” qəzeti yeni təqvim ili ərəfəsində astroloq Səbuhi Rəhimlini redaksiyada qonaq edərkən 2017-ci ilin yekunları, 2018-ci ilin gözləntilərindən danışmağı hədəfləmişdi. Amma plan ayrı, reallıq ayrı. Söhbət məcrasından çıxdı...

Dosye: Səbuhi Rəhimli 1970-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Qarabağ müharibəsinin könüllü iştirakçısıdır. Qazidir. Ötən əsrin 90-cı illərindən astrologiya ilə məşğul olur. Azərbaycanda astrologiya üzrə tanınmış mütəxəssis hesab olunur. 38 kitabın müəllifidir. Şairdir və bir neçə şeir kitabı nəşr olunub. “Qoroskop” qəzetinin baş redaktorudur.

-Qarşıdan gələn Sarı İt ili ilə arxada qoyacağımız Xoruz ili arasındakı fərqi izah edərdiniz.
-12 zodiak illəri arasında 3 siyasi il var ki, onlardan biri də Xoruzdur. Xoruz ilində doğrudan da siyasi qütbləşmələr olur. 2017-ci il gərgin keçdi, maliyyə böhranı, qarşıdurmalarla yadda qaldı. 2018-ci ilin fevralın 16-a qədər Xoruz ilinin himayəsi altındayıq, siyasi proseslər gedir. Yanvarın 1-də sadəcə, təqvim dəyişir. Xoruzun bir xüsusiyyəti də var ki, bu ildə yeni münaqişələr başlamır. Köhnələr davam edilir və dayandırılır. Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş, İraqda kürd muxtariyyatının müstəqiliyi məsələsi alovlandı, dayandı... 

-Bu hesabla Qüds problemi də elə bu il həll olmalıdır?
-Bəli, yatıb, guya qalxıb ki?! İŞİD tamamilə darmadağın oldu. İki ölkədə birdən tamamilə məhv edildi.

-Amma yenidən, baş qaldırır.
-O səyyardır. “Əl-Qaidə” də əslində yox olub. Amma orada-burada aradabir özünü göstərir. Göstərməlidir də, maliyyələr qatılıb, iş görməlidir. Amma İt ili tamam başqa bir aləmdir. Barış, sülh ilidir. İt ilində minlərlə hadisələrə baxdım, məhəlli münaqişələri xaric, heç birində demək olar ki, yeni böyük müharibələr başlamayıb. Daha çox sülh müqavilələləri bağlanıb. Dünyanın qütbləşmiş, fikir ayrılığı olan siyasi qüvvələri daha çox kompromisə gələ bilər. Yəni İt ili siyasi və iqtisadi baxımdan yaxşıdır. Hətta orta əsr astroloqları deyirdi ki, İt ili xəyanəti bağışlamır, ona görə də ailələr daha möhkəm olur. Deyilənləri arqumentlərlə araşdırdım, statistik məlumatlarıdan belə məlum oldu ki, ən az boşanma 2006-ya, yəni bundan əvvəlki İt ilinə təsadüf edib.

-Bu hesabla gələn il daha az boşanma xəbərləri yazacağıq?
-Bəli, güman ki.

-Qarabağ münaqişəsinin başlanması hansı ilə təsadüf edir? 
-1988 - Əjdaha ili idi.

-Əjdaha ilində başlayan münaqişələrin bitmə ili hansıdır?
-2001-ci ildə Əjdaha ilində başlayan 30-a yaxın  müharibəni araşdırdım. Gördüm ki, onların təxminən 10-u elə Əjdaha ilində də başa çatıb. Tam əminliklə deyə bilmərik ki, Qarabağ müharibəsi də Əjdaha ilində bitəcək.

-Növbəti Əjdaha ili nə vaxtdır?
-2024-cü ildə. Həm də Qarabağ astroloji, yaxud da məntiqi amillərə sığan məsələ deyil. Burada iradə və əzm amili var.

-Niyə astroloqlar bir az çətinə düşən kimi "bu, astroloji nəzəriyyəyə sığmır" deyirlər? Ya da ümumi proqnozlar verirlər? 
-Astrologiya uğurlu zamanı göstərir və orada fərdin, kütlənin üzərinə düşən öhdəlikləri deyir. 

-O zaman bizim Qarabağ üçün uğurlu zamanımız nə vaxtdır?
-Uğurlu zaman 2012-ci ildən başlayıb. Mən 2000-ci ildə yazdım ki, 2012-yə qədər heç nə yoxdur, sonrakı illər isə var. Hətta, 2015-ci ilin dekabrında verdiyim müsahibədə demişdim ki, 2016-cı il aprelin birinci yarısında indiyə qədər olmayan döyüş əməliyyatlarının şahidi olacağıq. 

-Amma bu, son deyil axı...
-Bu son deyil. Amma tərpəniş üçün zamandır. 

-Bəs nəticə nə vaxtdır? 
-"Quran" ayəsi deyil ki, elə də olsun. Tutalım, siz məni bu gün müsahibəyə çağırırsınız. Qoroskopuma baxıram uyğun deyil. Yəni, bu gün gəlməyə də bilərdim. Elə məqamlar var ki, iradədən asılı şeylərdir. Bunu necə proqnozlaşdıra bilərsən? Qarabağ döyüşlərində bir nəfər var idi, adı məxfidir. O, həm energetik, həm də astroloji baxımdan döyüş əməliyyatlarının hesablamasını aparırdı. Məsələn, deyirdi ki, sabah axşama qədər Drombonu alıb, iki gün dayanmaq lazımdır. Bunlar da hərəkətə keçirdilər. Verilən proqnozu etmirsə, bu, artıq astroloqun günahı deyil. Sabah Qarabağ savaşı başlasa, ən az itki ilə qələbəyə, hədəfə çatmaq baxımından öz bilgilərimdən istifadə edə bilərəm ki, bəhrələnsinlər. 

-Deyirlər, bəzi ölkə prezidentləri, yaxud da hökumət müəyyən qədər də olsa astroloji proqnozlarla işləyir? 
-1960-cı illərdən bu yana, hətta Reyqanın vaxtından Amerikada hər ilin yanvarında nəinki astroloqları, hətta cadugərləri, ekstrasensləri, ümumiyyətlə, öncəgörmə qabiliyyəti olanları bir araya toplayırlar. Prezident özü olmasa da, administrasiyası həmin adamları dinləyir. Ən azı gələn il haqqında ictimai, siyasi mənzərəni öyrənir. Həmin proqnozlar sınaqdan keçir, təsdiqini tapır. Özü də onların hamısı məxfi adamlardır, sırf siyasi baxımdan işləyirlər. Yeri gəlmişkən, sovetlər dönəmindən sonra arxivlər açıldı. Məlum oldu ki, hətta SSRİ Dövlət Təhlükəsizlik Komitəsində də ekstrasenslər - astroloqlar, öncəgörənlər və s. ordusu olub. 

-Bəs indi necə, keçmiş SSRİ məkanındakı ölkələr arasında ekstrasens, astroloq, öncəgörənlərin məsləhətindən istifadə edənlər var?
-Hamısı istifadə edir, sadəcə, üzə çıxarılmır. Astrologiya kütlə üçün nəzərdə tutulan bir şey deyil.

-Bu hesabla Azərbaycanla bağlı da eyni şeyləri düşünə bilərik?
-Yəqin ki, var...

-Məsələn, sizi çağırıb, "Gələn il üçün ölkəmizi nələr gözləyir" sualını veriblər?
-Yox. Daha çox müdafiə olunmaq üçün nələrdən istifadə etmək barədə müraciətlər olur. İllər öncə ANS-in efirində yayımlanan "Qulp" verilişində demişdim ki, ilin axırında 8 nazir işdən çıxarılacaq. Təsəvvür edin, bəlkə də 18 nazir - birinin arvadı, digərinin müavini, bəzilərinin qohum-əqrabası- mənə zəng vurmuşdu. İki nazir və bir komitə sədri şəxsən özü zəng vurdu ki, siyahıda mənim adım yoxdur?

-Siz dediyiniz şəxslərlə bağlı olan bir məsələdir. Ölkə çaplı bir məsələ deyil. Təbii ki, hər kəsi öz taleyi maraqlandırır.
-Nə olsun? Nəticədə məmurdur. Nələrsə, yaxud da gözlənti olanda, bunlar narahat olmağa başlayır. 

-Bəs ölkə ilə bağlı müraciət edən olmayıb?
-Yox. Bir dəfə terror hadisəsi ilə bağlı müraciət olub. Həmin hadisənin dəqiq mənzərəsini yaratmaqda köməyim dəyib. Bir hadisə danışım. Rayona gedəndə, Bibiheybət tərəfdə Bayıl yamacında Bakı şəhər İcra Hakimiyyətinin işçiləri ağac əkirdilər. Orada bir dostum işləyirdi, yaxınlaşdım, dedim ki, neyləyirsiniz? Ay Oxatan bürcündədir, həmin vaxt ağac əkiləndə torpaq tutmur. Əlavə etdim ki, vallah, havayı yerə o boyda əziyyət çəkirsiniz, ağacı Ay Buğa, Oğlaq bürcündə olanda əkərlər. Bu söhbətdən sonra Hacıbala müəllim (Bakı meri Hacıbala Abutalıbov-red) yaxın adamı vasitəsilə şəxsən müraciət etdi ki, zəhmət olmasa, qarşıdan gələn ayın ağacəkilmə saatlarını, günlərini bildirim. Mən də köməklik etdim. Məhz buna görə də bu gün Bayıl yamacı yaşıllaşıb. Ağacların biri də qurumayıb. Düzdür, elm hələ bunu sübut etməyib. Amma ta qədimdən insanlar biliblər ki, ağacı məhz Ayın Buğa və Oğlaq bürclərinə təsadüf etdiyi günlərində əkərlər. 28 gün ərzində ay bütün bürclərdən keçir, hərəsində gün yarım, iki gün qalır. Təbii ki, söhbət ağacın əkilmə mövsümündən gedir. 

-Belə çıxır ki, astrologiya sizin üçün kifayət qədər gəlirli sahə ola bilər?
-Orta əsrlərdə deyirdilər ki, astrologiya yeni bir dindir. Bu elmin dərinliyinə baxanda, nüvəsinə düşəndə, madiyyat-filan unudulur. Mən adam qəbul etmirəm, şou-proqramlara çıxmıram. Hətta mobil nömrəmi belə verməyə xəsislik edirəm. Çünki bir adama itirilən vaxtda mən daha yaxşı elmi iş yazaram. Bəziləri bunu axmaqlıq da sayır (Gülür). Amma əslində, bu elmin içinə, dərinliyinə varanda, anlayırsan ki, astrologiya pul qazanmaq, madiyyat üçün deyil. İstər Azərbaycan, istər Rusiya, istərsə də Ukraynada tanıdığım astroloqlar var ki, adam qəbul etmir. Onlar elmi yaradıcılıqla məşğul olurlar. Amma Türkiyədə adam qəbul edənlər var. Onlar ancaq eyni şeyləri deyirlər: yüksələn bürcün budur, enən bürcün budur. Amma əslində, mahiyyəti heç nədir. Onların yanına gedənlər də deyirlər ki, sadəcə, tarot kartları, yaxud da əl cizgiləri ilə fala baxırlar, amma özlərini astroloq kimi qələmə verirlər. Dini, fəlsəfəni, psixologiyanı, insanın ruhsal duyğularını bilməyən adam astrologiyanın dərinliyinə vara bilməz. Bax, buna görə də insan madiyyatdan bir az qaçır. 

-Nazirlərə proqnoz verib, pul qazanmaq istəmirsiniz, daha çox elmi əsaslara söykənən fəaliyyətlə məşğul olmaq istəyirsiniz, bunu anladıq. Maraqlıdır, Səbuhi Rəhimlidən sonra ortada qalacaq əsaslandırılmış, yaxşı bir elmi iş olacaqmı? 
-Yaxşı bir deyim var: sonunu düşünən qəhrəman ola bilməz. Mənim ən birinci hədəfim qara magiya, falçılıqla məşğul olanları sıradan çıxarmaq olub. Buna da kifayət qədər nail olmuşam. Bundan başqa, uşaqlıqda aktyorluğa hazırlaşırdım. Valideynlərim də müəllim idi. Evimizdə qalın qırmızı psixologiya kitabı vardı. Onu oxumağa başladım. Kitabdan hansı hadisəni eşidəndə insanın üz cizgiləri, reaksiyası necə olur-bunu öyrənirdim. Amma öyrəndikcə, artıq sinifdə hansı uşağın yalan danışdığını, müəllimin hansısa şagirdə 4 əvəzinə 5 yazmaq istəyəndə üzündəki ifadəni qeyri-ixtiyari tuturdum. Daha sonra aktyorluğu oxudum, orada da insanın içini açan məqamlar var. Təsəvvür edin, bunların hamısını bilib, üstəlik, astrologiyanı öyrənəndə adama ləzzət edir.

-O zaman sizinlə yaşamaq çətin olar... 
-Yox, siz də jurnalistsiniz, həsassınız. Həyat təcrübəsi də göstərir ki, bəzən müsahibin başdan-ayağa yalan dediyini bilə-bilə müsahibəni alırsınız. Üzünə gülüb, gedirsiniz. Hər şey gözəldir (Gülür). 

-İctimai həyatda bunu etmək olar, amma şəxsi həyatda çətindir axı.
-Minlərlə adamla çayxanada, yaxud da haradasa oturmuşuq, söhbət etmişik. Siz çayxanada oturduğum adamların hansısa biri ilə astrologiyadan söhbət etməyimə dair fakt tapa bilməzsiniz. Bizim tamamilə ayrı dünyagörüşümüz var.

-Sizdə sanki astrologiya elmi ilə bağlı bir az qısqanclıq da var.
-Niyə ki?! Biz dost kimi oturub, danışırıq. Mövzular müxtəlifdir. Siyasətdən daha çox danışırıq, nəinki astrologiyadan. Qısqanclıq niyə? Firudin Qurbansoy astrologiyaya aid qəzet çıxarıb. Hətta İlham Mirzəyev də astrologiyaya aid qəzet çıxarırdı...

-(Sözünü kəsirik) “Hətta” sözünü xüsusi vurğuladınız...
-Mən onlara kömək edirdim, yazı verirdim. Deyirdim ki, yazılar çox olsun. Bilirsiniz niyə? Məsələn, rus jurnalistləri ilə danışanda astrologiyadan elə suallar verirlər ki, mən bilmirəm. O qədər maarifləniblər ki... O gün bir jurnalist gələn illə bağlı məndən müsahibə almaq istədiyini bildirdi. Dedim ki, suallaırnızı konkretləşdirin, mənə elektron ünvana yollayın. Göndərdi. Sual verir ki, üzümüzə gələn Sarı İt ili bizə nə vəd edir (Gülür). Konkretləşdirilmiş suala baxın da. Əksinə, istəyirəm ki, hamı maariflənsin. Bizdə astroloqların sayı 20-30-a çatsın. Ukraynada 18 astroloq var, onların bir neçəsi ilə ünsiyyət yaradıram, yazışırıq. 

- Şərqdə, Azərbaycanda yaranan astrologiya niyə ən zəif mərhələsini məhz elə burada yaşayır? İstedadlı adam yoxdur, yoxsa başqa səbəblər var?
(Ardı olacaq)

Aytən Həsənova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений