Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nigar Camalın 17 minlik çəkməsi və cırılmış ayaqqabısıyla qalan məhkum məktəbli...



Qonaq getmişdim. Ev yiyəsi süfrəyə Allahın verdiyi nemətlərdən düzməyə başladı... Gərgin idi, qonaq qəbul etdiyi üçün yox, süfrəyə istədiyi naz-neməti qoya bilmədiyi üçün... Özü də etiraf edirdi... Öz təbirimcə, “Narahat olma, sizi görməyə gəlmişəm, hər şey qaydasındadır, bir də ki, şükür Allaha süfrədə düzdüklərin yemək deyil ki?”, - deyib qadının narahatlığına əngəl yaratmaq istəyirdim. Amma özündə deyildi, vicdanı ilə bacarmırdı. Bir vaxtlar hər kəsə açıq mehmanxana olmuş bu ev indi pulsuzluqdan, çarəsizlikdən dilə gəlmişdi, çöküşünü elan etmişdi sanki... Al-əlvan, işıqlı otaqlar, gülüş saçan ev sakinləri gecəyə bürünmüşdü.  Qaranlığın səssizliyi içində boğulurdu hər kəs, hər şey... İşıqlı sabaha, uğura ümidlər azalmışdı, bəsarətlər bağlanmışdı, əl işə getmirdi... Dolanışığın çətinliyindən qadın kimi ev də belini bükmüşdü...

“Bilirsən, yaşamaq üçün birinci yemək vacibdir, amma xırda problemləri həll edəcək qədər də vəziyyət çətinləşib”,- deyə qadın şikayətləndi... Belə də həyat olar? Hər kəs öz qınına çəkilib, heç kimin heç kimdən xəbəri yoxdur... O vaxtlar bir tikə çörəyimizi qonşularla, qohumlara paylaşırdıq, boy-boy yeməklər, şirniyyatlar, fərqli reseptlər marağındaydıq. Fikrimiz hər dəfə yeni nəsə hazırlamaq idi. İndi yeməyə çörək tapmırıq. Bir parça çörək, dolanışıq pulu tapanda şükür edirik ki, ac qalmırıq. Yaşamaq bu deyil axı? “3-5 manat pulumuz olsun yetər” deyib günlərimizi, ömrümüzü beləcə başa vururuq. Bəs arzular, uşaqlarımın istəkləri, təhsili, gəzməyi, yaxşı bəslənməyi? Bunlara nə vaxt yetəcəyik? Haqqımız yoxdur? Mənim övladlarımın teatrı, kinoteatrı, əyləncə mərkəzlərini görmək, xarici ölkələri gedib gəzmək haqqı yoxdur?  Niyə insanların ancaq bir təbəqəsi  yüksək səviyyədə  yaşayır, digər təbəqələr yoxsuldur? Bir də görürsən ki, övladı ilə öyünür. Mənim qızım rəqsə, rəsmə, pianinoya, dərs hazırlıqlarına, əcnəbi dil öyrənməyə, nə bilim filan yerə kursa gedir. Mən istəmirəm məgər? Niyə bu duruma gəldik? Bu qədər lovğalıq, özünü öymə, laqeydlik hardan yarandı? Fərasətimiz, bacarığımız, yoxsa cəsarətimiz yoxdur? Hər bir şeyimiz var, çox şükür. Bu gün mən iş tapa bilmirəm. Niyə? Çünki işə girməyə də pul verməliyəm.  Bacarıq kimin nəyinə lazımdır ki? Hamı nəsə maraq izindədi. Ehhh, heyf övladlarım belə bir zəmanədə yaşamalı oldu. Onlara gün ağlamaqdansa, qarınlarını güclə doyururuq”.  Elə bil qadının dərdi açılmışdı. Bununla belə hər kəlməsində Tanrıya da qucaq açmaqdan yorulmurdu...Yenidən söhbətə başladı... 

“Oğlumun bir həftədən çoxdur ki, cırılmış ayaqqabısını təmirə apara bilmirəm, uşaq məktəbə mövsümə uyğun olmayan ayaqqabı ilə gedir. Yağış sanki üstümə yağır. Hər məktəbdən evə gələndə üzünə baxa bilmirəm, az qalır ki, ürəyim yerindən qopsun...  Televizorda isə Nigar Camalın 17 minlik çəkməsini reklam edirlər. Harınlığa bax e...  17 min... Bu pula maşın almaq olar. Vur-tut çəkməni cəmi - cümlətani iki dəfə geyəcək, ya geyməyəcək, tullayacaq o tərəfə...Gücü var, alır, daha camaatın ürəyini niyə bulandırırsız?”

Düşüncələrə qərq olub oradan uzaqlaşdım... Bir də baxdım ki, evdəyəm.. Elə bu an kanallardan birində Türkiyədə "Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimində iştirak edən müğənni Nigar Camalın bahalı çəkmələri nümayiş olunurdu. ..“Bu önəmli gecə üçün yerli moda evlərindən birinə qara, qısa don sifariş verən ulduz obrazını 17 min manatlıq çəkmələrlə tamamlayıb. Çəkmənin bahalı olmasının səbəbi üzərinin Svarovski qaşlarıyla bəzədilməsidir”...

Alçina Amilqızı
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений