Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda daha 11 şəhər ayağa qalxdı: Xalq molla rejimini devirir



Dekabrın 28-dən başlayaraq İranın Məşhəd şəhərində hökumətə qarşı başlayan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb.

Cebhe.info-nun məlumatına görə,  bir neçə şəhərdə dini lider Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilib.

İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində on minlərlə aksiyaçının qatıldığı etirazlarda səsləndirilən şüarlar daha radikal və sərtləşib. Bu dəfə, şüarlar əsasən İranın dini lideri, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə qarşı yönəlib.
Kirmanşah, Qum və Rəşt şəhərlərində etirazçılar “Seyid Əli! Utan, xəcalət çək, ölkədən və hakimiyyətdən əl çək”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq”, “Ruhaniyə ölüm”, “Fələstin və Qəzzə Zolağını burax, bizə gün ağla”, “Polis, get, oğrunu tut”, “Suriyanı burax, bizim halımıza yan”, “Laricani iraqlıdır, öz ölkəsinə qayıtmalıdır” şüarları səsləndirərək, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz bildiriblər.

Bir neçə şəhərdə, o cümlədən də Kirmanşahda polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb və polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma nəticəsində onlarla aksiyaçı döyülərək həbs edilib,  yaralılar isə xəstəxanaya çatdırılıb.

Yayılan son məlumatlarda bildirilir ki, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Hazırda Təbrizdə elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.

Xatırladaq ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanmışdı.

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений