Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda düyməyə basıldı: Okeanın o tayından gələn dəstək, rejim və xalq qarşı-qarşıya



Məhəmməd Əsədullazadə: “ABŞ etiraz aksiyalarına dəstək verir” 

Dekabrın 28-dən başlayaraq İranın Məşhəd şəhərində hökumətə qarşı başlayan kütləvi etirazlar genişlənərək digər şəhərlərə də yayılıb.

Bir neçə şəhərdə dini lider Əli Xamneyiyə qarşı şüarlar səsləndirilərək onun hakimiyyətdən getməsi tələb edilib.

İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində on minlərlə aksiyaçının qatıldığı etirazlarda səsləndirilən şüarlar daha radikal və sərtləşib. Bu dəfə şüarlar əsasən İranın dini lideri, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə qarşı yönəlib.

Kirmanşah, Qum və Rəşt şəhərlərində etirazçılar “Seyid Əli! Utan, xəcalət çək, ölkədən və hakimiyyətdən əl çək”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq”, “Ruhaniyə ölüm”, “Fələstin və Qəzzə Zolağını burax, bizə gün ağla”, “Polis, get, oğrunu tut”, “Suriyanı burax, bizim halımıza yan”, “Laricani iraqlıdır, öz ölkəsinə qayıtmalıdır” şüarları səsləndirərək, ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz bildiriblər. Dekabrın 29-da isə paytaxt  Tehranda  qədim “Hüseyniyyə” məscidi naməlum adamla tərəfindən yandırılıb. Aksiyaların başlanması ilə eyni gündə sözügedən hadisənin baş verməsi təsadüfi sayıla bilməz.  Nümayişlər siosial tələblərlə başlansa da, Tehranın ən böyük məscidlərinidən birinin yandırılması  ölkədəki molla rejiminin devrilməsində maraqlı olan qüvvələrin də hərəkətə keçdiyini göstərir. 

Bir neçə şəhərdə, o cümlədən də Kirmanşahda polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaranıb, polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Toqquşma nəticəsində onlarla aksiyaçı döyülərək həbs edilib,  yaralılar isə xəstəxanaya çatdırılıb.

Yayılan son məlumatlarda bildirilir ki, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis, eləcə də mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Hazırda Təbrizdə elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.

Xatırladaq ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən dekabrın 28-də İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanmışdı.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd  Baqiri jurnalistlərə açıqlamasında ölkəni bürüyən etiraz aksiyalarına münasibət bildirib.

2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazları pisləyən və onun başçılarını (Mirhüseyn Musəvi və Mehdi Kərrubi) “amerikalı fitnəkarlar” adlandıran Baqiri deyib ki, onun başçılıq etdiyi qüvvələr İslam Respublikası hakimiyyətinə qarşı çıxanların niyyətini həyata keçirməsinin qarşısını alacaq: “Biz İslam inqilabının devrilməsini istəyənlərin şeytani və iyrənc yuxusunun çin olmasına imkan verməyəcəyik. Biz İslam Respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb onları məyus edəcək, onların öz iyrənc hədəflərinə çatmasının qarşısını alacağıq”.

Qeyd edək ki, İranda daxili-siyasi vəziyyət  ilk baxışdan sabit görünsə də, xalq etirazlarının baş qaldırması üçün ciddi əsaslar  formalaşıb. Bu, ilk növbədə, ölkədə  yoxsuslluğun və işsizliyin səviyyəsinin artması ilə bağlıdır. Yerli sakinlər Həsən Rushaninin prezident seçilməsindən sonra İranda korrupsiya hallarının genişlənməsindən də narazılıq edir.  Xatırladaq ki, Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 2017-ci ilin iyul ayında maliyyə  fırıldağında  ittiham olunaraq həbs edilmişdi.  Sonradan 9,3 milyon dollar girov məbləğində azadlığa çıxan Hüseyn Firudinin  qardaşının  hakimiyyətə gəlişindən sonra şəxsi sərvətinin 100 milyon dollara çatdığı barədə məlumatlar var.  Ölkədə sosial-iqtisadi  durumun pisləşdiyi belə vəziyyətdə İran hökuməti  milli gəlirin böyük hissəsini silahlanmaya və hərbi əməliyyatlara yönəldir.  Bu xərclər daha çox İranın raket proqramının inkişafında , eləcə də Suriyada SEPAH, Yəməndə “Ənsərullah” vasitəsilə qeyri-rəsmi şəkildə hərbi həməliyyatların aparılmasına, Livanda “Hizbullah”, Fələstində HƏMAS hərəkatının, İraqda  70 min nəfərə yaxın “Haşti-Şaabi” qüvvələrinin  (Şiə milis dəstələri) silahlandırılması  və maliyyələşdirilməsinə sərf olunur. Rəsmi məlumatlara görə, İranın hərbi büdcəsi  2017-ci ildə 10,3 milyard dollar təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici  11,6 milyard dollara qədər artırılıb. 2018-ci ildə İran dövlət büdcəsindən Müdafiə Nazirliyinə 500 milyon ABŞ dolları, Silahlı Qüvvələrin Baş Qərargahına 479 milyon ABŞ dolları, İslam İnqilabının Keşikçilər Korpusuna 7,5 milyard ABŞ dolları, orduya 2,7 milyard ABŞ dolları, Bəsic qüvvələrinə 333 milyon ABŞ dolları vəsait ayırıb.  Xaricdəki hərbi əməliyyatların İslam İnqilab Keşikçiləri Korpusu vasitəsilə aparıldığını nəzərə alsaq, İranın 2018-ci ildə də Yaxın Şərqdə müharibəyə daha çox vəsait ayırdığını görmək olar.  Qeyri-rəsmi məlumatlarda isə İranın hərbi xərclərinin göstərildiyindən təxminən iki dəfə çox olduğu bildirilir. Bu da öz növbəsində  əhalinin güzəranına təsirsiz ötüşmədiyindən  sosial  narazılığın artmasına səbəb olur. Aksiyalarda Suriyadan və Fələstindən çıxmaq barədə şüarların səslənməsi də ölkənin gəlirlərinin hərbi əməliyyatlara xərclənməsinə etirazları əks etdirir.  

Hətta, bəzi vətəndaşlar kasıblıq həddində yaşamağa etiraz olaraq Məhəmmədrza Şah  Pəhləvinin dövründə indikindən daha normal dolanışığa sahiv olduqlarını deyir. Paytaxt Tehranla müqayisədə  yoxsulluğun artması  kənar şəhərlərdə daha çox müşahidə olunur. Ona görə də son illər Tehrana əhali axını xeyli artıb. 
  
Yaranmış vəziyyəti  Cebhe.info-ya şərh edən  Cənubi Qafqazda Təhlükəsizlik və Sülh İnstitunun rəhbəri Məhəmməd Əsədullazadənin fikrincə, İranda baş verən nümayişləri mövcud teokratik rejimə qarşı yönəlib. Hətta bu proseslərin ABŞ xüsusi xidmət orqanları tərəfindən   təşkil  və  idarə olunması da istisna edilmir: 

“ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik strategiyasında İranın hədəf alması artıq aktuallaşır. Artıq İran ətrafında siyasi proseslərə start verilməsini qeyd edə bilərik. 
İranın Yaxın Şərqdə fəal regional siyasəti və hərbi qarşıdurmalarda bilavasitə və dolayı iştirakı, ABŞ və İsrailin geosiyasi maraqlarının qarşısını almağa hesablanıb. Həmçinin,  bununlaTehran rejimi 2011-ci ildə Yaxın Şərqi ağuşuna alan, siyasi tektoniklə müşaiyət olunan "Ərəb baharı" dalğasının İrana çatmaması üçün siyasi-hərbi səfərbərliklə Suriya, İraqda və Yəməndə dəstəklədiyi silahlı qruplar vasitəsi ilə vəkalət müharibəsinə başladı.  Tehranın yürütdüyü hazırki siyasət bu ölkəni  Suriyada və Yəməndə böyük bir müharibənin içinə çəkməklə, beynəlxalq oyuçuların hədəfinə  gətirdi. Hazırda ABŞ və İsrail İrana qarşı birgə mübarizədə  razılığa gəlib. İki ölkənin Suriya və Yəməndə Tehrana qarşı hərbi təzyiqlərini artıracağı  və İran daxilində iğtişaşları qızışdıracağı istisna edilmir. Qeyd edim ki, Suriyada 2011-ci ildə eyni ssenari hazırlandı. Kiçik aksiyalar bu ölkəni müharibə meydanına gətirirdi. 

İranın Məşhəd, Kirmanşah şəhərlərində və digər əyalətlərində korrupsiya, bahalaşma, yoxsulluğa qarşı etiraz aksiyaları fonunda səslənən şüarlar əsasən siyasi şüarlardı. Burada Suriyada İranın siyasəti tənqid edilir. Əsas  hədəf  kimi ali dini lider Seyyid Əli Xamneyi hədəf seçilib. Əgər ali dini lider tənqid edilirsə, bu aksiyalarda xarici qüvvələrin əli olduğunu istisna etmək olmaz. İranda Əhmədinejad  dövründə Həsən Müsəvi tərəfdarlarının aksiyaları geniş vüsət alsa da, rejim hədəfə alınmamışdı. Həmin nümayişlər rəqiblərin mübarizəsi idi. İndisə isə keçirilən və qəzəblə dolu aksiyalar birbaşa Tehran rejiminə qarşı yönəlib. İranda aksiyaları sosial media vasitəsilə izləyəndə xalqın nə qədər rejimə qarşı olduğunu və ali rəhbər Xamneyini , prezident Ruhanini tənqid etməklərindın bu qənaətə gəlirəm ki, xalq təkcə yoxsulluq deyil, siyasi ədalət və rejimini dəyişməsinə çalışır.  Hesab edirəm ki, bu etiraz nümayişləri siyasi sifarişdir və idarə olunandır. Əgər bu, xaricdən idarə edilirsə, demək İrana qarşı çox ciddi plan həyata keçirilir. İranın Yaxın Şərqdən çıxarılması üçün daxili problemlərə cəlb edirlər. İranın vitse-prezidentinin bu nümayişlərin mühafizəkarlar tərəfindən təşkil edilməsini qeyd etməsindən bir daha aydın olur ki, nümayişlər idarə olunur.  ABŞ artıq bu etiraz aksiyalarına dəstək verir.  Məhz Qərbin, xüsusilə ABŞ-ın əsas hədəfi İranı daxili problemlərə cəlb etmək, xalqı ayağa qaldırmaqla rejimi dəyişdirməkdir. Rəsmi Tehran bu etiraz nümayişlərini önləyə bilməsə, dalğa Tehrana çatarsa, böyük qarşıdurmaya və vətəndaş müharibəsinə səbəb olar. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma şiddətlənir. Tehran rejimi gözləmədiyi durumla qarşı-qarşıyadır”.

Müşfiq Abdulla
Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений