Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qonşunun evi yanır..



İranda baş verən hadisələr bu ölkənin dağılması mövzusunu gündəmə gətirib.  Məlum məsələdir ki, İranın çöküşü və ya dağıdılması asan məsələ deyil. Söhbət ilk növbədə orada teokratik rejimin devrilməsindən gedir. Bunun həm müsbət, həm də  mənfi tərəfləri var. Müsbət tərəfləri terrorizmə dəstək verən, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, Ermənistanla müttəfiq olan bir rejimin aradan qalxması, Güney Azərbaycanın müstəqilliyi məsələsinin yenidən gündəmə gəlməsidir. 

Mənfi tərəfləri ondan ibarətdir ki, İranın çöküşü Suriyadakı kimi qanlı müharibəyə səbəb olsa, Azərbaycan qaynar qazanın içinə düşəcək. Necə deyərlər, qonşunun evi yanırsa, od  sənin də evinə keçə bilər. İranda vətəndaş müharibəsinin baş verməsi milyonlarla qaçqının radikal dindarlarla birlikdə Azərbaycana axın etməsinə səbəb olar. İranın  süqutu və ya parçalanması müstəqil kürd dövləti məsələsini reallaşdırmaq üçün əlverişli situasiyanın  yaranması deməkdir. Rusiya Suriyada olduğu kimi terrorizmlə mübarizə və cənub sərhədlərinin təhlükəsizliyi adı altında Azərbaycana, İrana  ordu yeridə bilər. Moskva bu siyasətini azı  Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirməyə çalışacaq. Bunlar çox ciddi təhlükələrdir. Xalqımızın burada əldə edəcəyi yeganə  siyasi divident  Güney Azərbaycanın müstəqillik əldə etməsi və müəyyən mərhələdən sonra Quzeylə, yəni Azərbaycan Respublikası ilə birləşməsidir. Təbii ki, qeyd edilən prosesin gerçəkliyə çevrilməsi İrandakı soydaşlarımızın ilk növbədə siyasi iradəsindən asılıdır. Onlar bunu nə qədər istəyir? Yaxud müstəqillik əldə etməyə nə dərəcədə hazırdırlar? Amma etiraf edək ki, indiyə qədər bu məsələyə daha çox nəzəri yanaşma üstünlük təşkil edib və siyasi utopiya kimi baxılıb. Rusiya ilə İngiltərə arasında 1907-ci ildə bağlanmış müqavilə və ABŞ, Britaniya və SSRİ arasında 1943-cü ildə Tehranda imzalanmış saziş İranın ərazi bövlüyünün qorunmasına beynəlxalq təminat verir. ABŞ-ın İranla bağlı hazırki planlarında bu ölkədə yaşayan kürdlərə və zərurət yaranarsa bəluclara müstəqillik verilməsi nəzərdə tutulsa da,  Azərbaycan türkləri üçün belə bir siyasi layihə mövcud deyil.  Digər tərəfdən, kürdlərin müstəqil dövlət qurmasını istəməyən Türkiyə, İraq  və Suriya, ərazisində 150-dən çox millət yaşayan federativ Rusiya, Şimali İrlandiyanın ayrılmasını suverenliyi üçün ciddi təhdid hesab edən Böyük Britaniya  Güney Azərbaycan məsələsini nə qədər dəstəkləyəcək? Bunlar hələ müsbət cavabını tapmayan sualdır. Ona görə də  müstəqil Güney Azərbaycan məsələsinin reallığa nə qədər yaxın olduğunu demək çox çətindir.  Amma bəzi həqiqətlər var ki, qaçılmaz görünür.  İstənilən halda İrandakı diktatura rejiminin dəyişilməsi tarixi zərurətə çevrilib. Son günlər keçirilən etiraz aksiyaları İranda bu prosesə start verildiyini və indi mümkün olmasa da, yaxın vaxtlarda dəyişikliyin reallığa çevriləcəyini göstərir. Qeyd edilənlər məsələnin daha çox strateji və geosiyasi tərəfləridir. Yəni, bütün bunlar Azərbaycan vətəndaşlarına İrandakı dini rejimi facebook vasitəsilə bir radikal dindar  baxışı ilə kor-koranə müdafiə etməyə əsas vermir. 

Hər halda,  ən pis demokrat ən ədalətli radikal dindardan yaxşıdır. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений