Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağ Evdən sonra NATO da Bakını seçdi: Dünyanın taleyi Azərbaycan paytaxtındakı gərgin müzakirədə   



NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti yanvar ayında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla görüşəcək.

Cebhe.info xəbər verir ki, bu barədə informasiyanı “BuzzFeed” portalı yayıb. Portal görüşün Bakıda baş tutacağını bildirib. Saytın məlumatına görə, bu, tərəflər arasında 2013-cü ildən bu yana ilk görüş olacaq. Qeyd edək ki, Gerasimov bundan öncə Bakıda ABŞ Baş Qərargah rəisi Jozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavellə görüşüb.

Xatırladaq ki, son 2 ildə artıq 3-cü dəfədir ki, Azərbaycanın paytaxtı bu kimi görüşlərə ev sahibliyi edir. Qeyd etdiyimiz ki, bundan əvvəl ABŞ və Rusiya arasında Bakıda 2 dəfə görüş keçirilib. Hər iki görüşdə Ukrayna, Suriya və digər regionlardakı münaqişələr müzakirə edilib. Görüş məkanı kimi Azərbaycan paytaxtının seçilməsinə gəlincə, bu, rəsmi Bakının müzakirəyə çıxarılan regional məsələlərə, o cümlədən NATO və Rusiyaya münasibətdə balanslı siyasət yürütməsi ilə əlaqələndirilir.

“Gürcüstan və Ermənistandan fərqli olaraq….”

Politoloq Arzu Nağıyev Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan heç bir hərbi-siyasi blokda təmsil olunmur. Politoloqun sözlərinə görə, Rusiya və NATO arasında müzakirəyə çıxarılan regional məsələlər baxımından da Bakı uyğun məkandır: “Məlumdur ki, Azərbaycan həm NATO, həm də Rusiya ilə geniş əlaqələrə malikdir. NATO-nun keçirdiyi tədbirlərdə fəal iştirak edən Azərbaycan digər yandan Rusiya ilə silah alqı-satqısı sahəsində əməkdaşlıq edir. Həmçinin bu məsələlərin müzakirəsi üçün Ermənistan və Gürcüstan uyğun deyil. Azərbaycan isə bu ölkələrdən fərqli olaraq, neytral mövqe seçib və öz müstəqil siyasətini yeridir. Buna görə də Azərbaycanı seçirlər. Son 2 ildə Bakıda keçirilən bütün belə görüşlər üçün də münbit şərait yaradılıb. Bu görüşlər birbaşa Azərbaycan dövlətinin nəzarəti altında keçirilir. Beləliklə, ABŞ-dan sonra NATO da Rusiya ilə görüş üçün Bakını seçdi. Bakı eyni zamanda təkcə belə görüşlərin yox, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün də ideal məkandır”.

“Bakı Qərb və Rusiya üçün rahat məkandır”

Politoloq Zaur İbrahimli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan ABŞ, Avropa İttifaqı və Rusiya ilə münasibətlərdə hər zaman tarazlığı qorumağa çalışır. Politoloq qeyd edib ki, Azərbaycan həm Rusiyanın, həm də Qərb ölkələrinin iştirak etdiyi regional layihələrin əsas təşəbbüskarı kimi çıxış edir: “Bunlara Cənub Qaz Dəhlizi layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizini nümunə kimi göstərə bilərik. Hərbi-texniki əməkdaşlıq sahəsində də balans gözlənilir. Bütün bunlar Bakını hər iki tərəfin özünü narahat hiss etməyəcəyi məkana çevirir. Əlbəttə, Bakının bu statusda qəbul edilməsi Azərbaycanın xarici siyasət maraqlarına cavab verir. Azərbaycanın önəmini bir daha diqqətə çatdırır. Həmçinin Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulamağa imkan verir”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений