Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı dünya siyasətinin mərkəzində: Prezident paytaxtı hərb dünyasının sülh mərkəzinə çevirir



Azərbaycan regionda əhəmiyyətli güc mərkəzidir. Sülh və təhlükəsizlik naminə keçirilən, dünyada formalaşmış iki qütb arasındakı soyuq münasibətin istiləşməsi üçün qışın bu çağında Bakının seçilməsinin əsas səbəbi budur. Kimin nə deməsindən, yaxud istəyib-istəməməsindən asılı olmayaraq, rəsmi Bakı bu gün dünya siyasətinin istiqamət veriləcəyi bir mərkəzə çevrilib. Bakını güc mərkəzinə isə təkcə təbii qaynaqları, yaxud geostrateji əhəmiyyəti çevirmir, həm də dövlət siyasəti və prezidentin iradəsi bu ağırlığı verir.

Dünyanın taleyini həll etmək gücündə olan NATO və Rusiya arasında görüş növbəti dəfə Bakıda keçiriləcək. Bu, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında 2013-cü ildən sonra ilk görüş olacaq.

Bu silsilədən olan görüşlər əvvəllər də Bakıda keçirilib. 2016-cı ilin sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilmiş görüş də Bakıda baş tutdu. Sentyabr görüşündən bir neçə ay əvvəl – həmin il fevralın 16-da isə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasındakı görüş də Azərbaycanın paytaxtında keçirildi. Hər iki görüşdə Suriya və Ukraynadakı gərginlik, NATO-Rusiya, ABŞ-Rusiya münasibətləri müzakirə edilmişdi. Yanvar ayında Gerasimov və Skaparotti arasında nəzərdə tutulmuş görüşdə Ukrayna və Suriyadakı gərginliklə yanaşı, Şimali Koreya böhranına dair müzakirələrin də olacağı bildirilir.

Niyə Tbilisi, Ankara, Astana yox, məhz Bakı?

Məsələnin ən maraqlı tərəflərindən biri budur ki, bir zamanlar ABŞ-la keçmiş SSRİ arasındakı soyuq münasibətlər, başqa sözlə desək, “soyuq müharibə” hazırda ABŞ-la Rusiya arasında yaşanır. Tərəflər arasındakı münasibətlərin Tramp hakimiyyətə gəldikdən sonra istiləşəcəyi gözlənilsə də, bu baş vermədi. Əksinə, münasibətlər daha da gərginləşdi və ABŞ Rusiyaya qarşı sanksiyaları müddətsiz olaraq uzatdı. Hazırda ABŞ-Rusiya, dolayısı ilə NATO-Rusiya münasibətlərindəki gərginlik ötən əsrin 80-ci illərini xatırladır. Belə bir durumda Bakı NATO-Rusiya münasibətlərinin yaxşılaşdırılması yolunda vasitəçilik missiyası həyata keçirir. Nəticədə tərəflər öz aralarındakı gərgin münasibətləri Bakıda aydınlaşdırmağa çalışırlar. Bu baxımdan, Azərbaycan paytaxtının dialoq məkanı kimi seçilməsi təsadüfi hesab edilmir. Əlbəttə, prinsip etibarilə görüş son illərdə Rusiya ilə yanaşı, Qərb, yaxud ABŞ-la da münasibətləri qaydasında olan Qazaxıstanda və ya  NATO üzvü olan Türkiyədə keçirilə bilərdi. Yaxud Gürcüstanı görüş yeri kimi məqbul saymaq olardı. Lakin tərəflər Bakını seçir. Görünür, bunun da bir sıra səbəbləri var və tərəflər qlobal məsələləri burada müzakirə etməkdə maraqlıdırlar. Burada eyni zamanda həm Rusiya, həm də Qərblə münasibətlərdə müttəfiqlik perspektivi daşıyan dövlətlərin xarici siyasətdə tutduqları mövqe ilə Azərbaycanın dövlət olaraq yürütdüyü xarici siyasətdəki fərqlilik, ilk növbədə müstəqil xarici siyasət əsas pay sahibidir.

Mixail Saakaşvilidən sonra Gürcüstanda hakimiyyətə gələn siyasi komandanın ölkə ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edilməsinə baxmayaraq, rəsmi Moskva ilə münasibətləri dostluq mesajları ilə müşayiət olunur. Eyni zamanda Gürcüstanın ABŞ və NATO ilə münasibətləri çox yaxşıdır, üstəlik Avropa Birliyi ilə də sıx əlaqələrə malikdir. Hazırda bu ölkədə Amerika və NATO-nun koordinasiya mərkəzləri fəaliyyət göstərir. Atlantik Alyansı və Amerikanın Gürcüstanda hərbi bazada birləşə biləcək qədər hərbi birləşmələri də var. Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayan rəsmi Tbilisi Qərbə inteqrasiya siyasətində konkret mövqeyə malikdir. Yəni, Gürcüstanın Rusiya ilə nəzəri münasibətləri normal olsa da, xarici siyasətindəki prioritetlər baxımından tərəf sayılır və özünü qorumaq, müdafiə gücündə olmadığından Qərbin hərbi-siyasi bloklarına qoşulmaqda maraqlıdır.

Başqa sözlə...

Görüşün keçirilə biləcəyi növbəti məkan - Qazaxıstanla bağlı başqa problemlər var. Tbilisidən fərqli olaraq, rəsmi Astana Rusiyanın liderliyində fəaliyyət göstərən Avrasiya İttifaqı və Gömrük Birliyinin üzvüdür. Bu məsələ Qazaxıstanın bu qədər məsul görüşün keçirilməsi üçün əlverişli mövqe və etibarlılığını kifayət qədər azaldır. Xarici siyasətdə bu üzvlər ittifaqların nizamnaməsinə uyğun olaraq nəzəri olsa da Rusiyanın geosiyasi maraqlarını müdafiə edirlər.

Ermənistanla bağlı isə məsələ aydındır, bu ölkə   Rusiyanın forpostudur və İrəvan Qərbin maraqlarına cavab vermir.

O cümlədən NATO üzvlüyünə, həmçinin Rusiya ilə ikitərəfli münasibətlərinin yaxşı olmasına baxmayaraq, Ankara da məsuliyyətli və dünya düzənində sülhü möhkələndirəcək görüş üçün əlverişli məkan statusu qazana bilmir. Ona görə ki, Türkiyə iqtidarının da ziqzaqlı gedişləri görüşən tərəflərin heç biri üçün əlverişli mühit yaratmır.

Daha geniş mənada götürsək, istər Ermənistan, istər Qazaxıstan, istər Gürcüstan, istərsə də Türkiyədən fərqli olaraq, Azərbaycan  xarici siyasətdə birbaşa öz maraqlarının ifadəçisi və istənilən hərbi-siyasi bloka qoşulmamaqda birmənalı mövqe sahibidir. Dünya artıq Azərbaycanı məhz bu mövqe ilə qəbul edir. Prezident İlham Əliyev də dəfələrlə açıq şəkildə bildirib ki, Azərbaycan xarici siyasətdə çoxşaxəli əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, Azərbaycanın iştirakı ilə bölgədə keçirilən beynəlxalq enerji layihələrində həm Rusiya, həm də Qərb dövlətləri yer alır.

Digər regional münaqişələrdən (Gürcüstan, Ukrayna, Moldova və s.) fərqli olaraq, Qərb və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə xüsusi həssaslıqla yanaşmasını da bununla əlaqələndirmək olar. Məsələn, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması müzakirə mövzusu olmasa da, Dağlıq Qarabağın yenidən prosesin gedişatında Azərbaycanın suverenliyinə qaytarılacağı ilə bağlı həm ABŞ-dan, həm də Rusiyadan gözləntilərimiz, eyni zamanda hər iki supergücün kifayət qədər açıq bəyanatları var.

“Qafqazın İsveçrəsi”

Həm Rusiya, həm də Qərblə geniş siyasi-iqtisadi münasibətlərə malik olan Azərbaycanın xarici siyasətdəki mövqeyi ölkə prezidentinin uğuru sayıla bilər. Bakıda keçirilən 3 NATO- Rusiya, ABŞ -Rusiya görüşləri  də göstərir ki, dünyanın bir-birinə zidd olan siyasi qütbləri Azərbaycan prezidenti İlham Əliyevin siyasətindən nəinki razıdır, həm də bu xarici siyasətdən bəhrələnmək niyyətindədir. Zaman-zaman insan haqları məsələlərinə görə Avropa İttifaqı və ABŞ-da erməni diasporundan maliyyə alan bir sıra siyasi institutlar Azərbaycana sanksiya tələbi ilə çıxış etsələr də də, Qərb dövlətlərinin rəsmi Bakı ilə ortaq dili bu təzyiqlərin qarşısını alır.

Təsadüfi deyil ki, keçən il NATO- Rusiya, ABŞ - Rusiya arasında Bakıda görüşlər keçiriləndə Amerika KİV-ləri Azərbaycanı “Cənubi Qafqazın İsveçrəsi” adlandıraraq, Bakının müzakirə məkanı kimi seçilməsini də İlham Əliyevin uğuru kimi vurğulayırdılar.

Tramp – Əliyev, Putin – Əliyev əlaqələri

Bakıda keçirilən bütün görüşlərdə Rusiya, ABŞ və NATO-nun hərbi dairələrinin başçılarının prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də rəsmi Bakının çoxşaxəli əməkdaşlıq çərçivəsində tərəflərə verdiyi önəmdən qaynaqlanır. Maraqlıdır ki, Danford və Gerasimov indiyədək bir dəfə görüşüb və bu da Bakıda baş tutub. Bu, dünya siyasətini istiqamətləndirən supergüclərin Azərbaycana verdikləri əhəmiyyətin hansı səviyyədə olmasından xəbər verir. Bu baxımdan, Bakıda keçirilən hər görüş dünyanın diqqət mərkəzində olur. Yuxarıda da qeyd etdiyimiz ki, bu, Azərbaycanın həm ABŞ, həm Rusiya, həm də NATO ilə yaxın, balanslı münasibətlər qurmasından, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməsindən qaynaqlanır. Hesab edilir ki, bu, həm də Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Donald Tramp, eyni zamanda Rusiya dövlət başçısı Vladimir Putinlə yüksək səviyyəli əlaqələr qurmasının, hər iki liderin İlham Əliyevi etibarlı tərəfdaş kimi görməsinin nəticəsidir. Bir sözlə, Bakının belə tarixi görüşlərə ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür.

Rusiya-Qərb münasibətlərində Bakı prosesi

NATO-Rusiya, ABŞ-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün aparılan danışıqlarda “Bakı prosesi” adlanan yeni anlayış ortaya çıxıb. Əlbəttə, bu da təsadüfi deyil. Çünki Bakı dəfələrlə sivilizasiyalararası multikultural əlaqələr mövzusunda keçirilən tədbirlərə ev sahibliyi edib. Digər tərəfdən, bu tip görüşlərin keçirilə biləcəyi ölkələrdən fərqli olaraq Azərbaycan dünyəvi dövlətdir. Din, məzhəb və millətindən asılı olmayaraq bütün etnik qruplar Azərbaycanda normal şəraitdə - heç bir basqı, təzyiq olmadan yaşayırlar. Azərbaycan hər zaman sülhü, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanılması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır. Azərbaycan dövlətinin müsəlman ölkələri ilə yanaşı, Avropanın xristian ölkələrindəki dini məkanların bərpası və təmiri işində aldığı aktiv rol da İlham Əliyevin humanist və bəşəri dəyərlərə önəm verməsinin göstəricisidir.

Mühüm məqamlardan biri də budur ki, Azərbaycan müsəlman ölkələri içində ən təhlükəsiz, ən sabit münasibətlərin mövcud olduğu ölkə kimi digərlərini üstələyir. Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə olduğuna görə görüş yeri kimi Bakının seçilməsi Moskva üçün də heç bir problem yaratmır. Eyni zamanda bu seçim ABŞ-ın da maraqlarına uyğundur. Çünki ABŞ uzun müddətdir Azərbaycanla Əfqanıstanda terrorizmə qarşı mübarizədə strateji əməkdaşlıq edir. ABŞ qoşunlarının silah-sursat və mallarının 80 faizi Azərbaycan üzərindən daşınır.

Qarabağ üçün şans

Etiraf etmək lazımdır ki, Bakının bu kimi mühüm tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bölgənin aparıcı dövləti olmasını təsdiqləyir. Bir daha göstərir ki, ölkəmiz beynəlxalq münasibətlərin formalaşmasında, müxtəlif qütblər arasında vasitəçilik etməkdə çevik rol oynayır. Azərbaycan paytaxtı təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əhəmiyyətli məkan imicinə malikdir. Azərbaycan gələcəkdə terrorizmə qarşı keçiriləcək tədbirlərin müzakirə edildiyi daimi məkan kimi də seçilə bilər. Nəzərə alaq ki, Azərbaycanın adı bir dəfə də olsun əcnəbilər üçün təhlükəli ölkələr sırasına daxil edilməyib.

Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Qərb- Rusiya münasibətlərində başlayan yeni dönəm də Azərbaycanla bağlıdır və tərəflər bunu “Bakı prosesi” adlandırırlar. “Bakı prosesi” Azərbaycanın əhəmiyyətini və beynəlxalq münasibətlərdəki rolunu xeyli dərəcədə gücləndirir. Bu isə Ermənistanın geriyə çəkilməsi və nəticədə Dağlıq Qarabağ probleminin ədalətli həll ediləcəyinə inamı artırır.

“Cümhuriyət” Analitik Qrupu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений