Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Audit yoxlamaları: Palata nöqsansız qurum tapmır



Müxtəlif vaxtlarda Hesablama Palatası tərəfindən büdcədən maliyyələşən bütün dövlət qurumlarında audit yoxlamalar aparılır. Bu zaman həmin qurumlarda yol verilmiş istər hüquqi, istərsə də maliyyə pozuntuları üzə çıxarılır.Mövcud faktların ciddiliyi nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası öz səlahiyyəti çərçivəsində toplanmış materialları ya hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edir, ya da müəssisəyə müəyyən xəbərdarlıq olunur.Müşahidələr onu deməyə əsas verir ki, indiyə qədər elə bir qurum olmayıb ki, Palata tərəfindən aparılan audit yoxlamalarda ciddi pozuntu və nöqsanlar aşkarlanmasın.

O da məlumdur ki, bir çox hallarda Palatanın üzə çıxardığı nöqsanlarla bağlı daha kəskin qərarların qəbul olunmur. Buna Palatanın səlahiyyətlərinin məhdudluğu imkan vermir.Ekspertlər təklif edir ki, Palatanın səlahiyyətləri artırılaraq, ona bəzi hallarda birbaşa cinayət işi haqqında qərar vermək hüququ verilsin.

Maraqlıdır, dövlət büdcəsindən maliyyələşən elə bir dövlət qurumu varmı ki, orada dövlət əmlakı mənimsənilməsin?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə bildirib ki, Hesablama Palatasının işi dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirməkdir:

“Bu qurum dövlət vəsaitlərinin səmərəli istifadə edilməməsi faktlarını araşdırır. Bu günə qədər elə bir hala rast gəlinməyib ki, Hesablama Palatası hansısa bir dövlət qurumunda yoxlama aparsın və orada mühasibatlıq, xəzinədarlıq, eləcə də təyinatdan kənar xərcləmələr kimi nöqsanlar aşkarlamasın.Bəzi müstəsna hallar var. Bu da ondan ibarətdir ki, Palatanın İcra hakimiyyətlərində və bu qurumun tabeliyində olan dövlət müəssisələrində aşkarlanan qüsurların aradan qaldırılması üçün zaman verilir.Xüsusilə, dəftərxana, xəzinədarlıq və mühasibatlıq sənədlərinin tərtib edilməsində texniki yanlışlıqlara yol verilibsə və bu dövlət vəsaitlərinin böyük həcmdə israfçılığı demək deyilsə, onlara dövlət vəsaitlərinin geri qaytarılması və sənədlərin düzəldilməsi üçün zaman verilir. Bu günə qədər Hesablama Palatasının təcrübəsində audit yoxlama aparılan, lakin qüsur aşkarlanmayan hər hansı dövlət təşkilatına rast gəlinməyib”.

İqtisadçı onu da qeyd edib ki, təcrübədə dövlət əmlakına vurulan ziyanın geri qaytarılması halları da olub:

“Dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi hallarına əvvəllər daha çox rast gəlinirdi. Çünki nağdsız hesablaşmalardan istifadə olunurdu. Məlum olduğu kimi ötən il tender haqqında qanun qəbul olundu və dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması üçün mühüm qanunvericilik bazası yaradıldı. Göstərə bilərik ki, 2015-2016-cı illərdə Rabitə Nazirliyində dövlət vəsaitlərinin talan olunması ilə bağlı araşdırmaları Baş prokurorluqla yanaşı, Hesablama Palatası da həyata keçirmişdi.Həmin vəsaitlər cavabdeh şəxslərin əmlaklarına həbs qoyularaq geri qaytarıldı.Bu praktika oldu.

Hətta cinayət işi açılmadan belə zaman verilir ki, vəsaitlərin geri qaytarılması təmin olunsun.Bəzən ehtiyac olmayan, lüzumsuz ştat vahidləri yaradılır.Tenderlər keçirilən zamanı dövlət vəsaitinin istifadəsi ilə bağlı lazımi informasiyalar əks olunmur.Qanunun tələblərindən irəli gələn müddəalar həyata keçirilmədiyi üçün çox vaxt dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsində şəffaflıq pozulur”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений