Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bahalaşan neft: Azərbaycana nə vəd edir?



Yeni ildən Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azəri LT CIF” markalı neftin qiyməti bahalaşıb. Yanvarın 12-də dünya bazarında "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,59 dollar və yaxud 0,83 yaiz artıb. Beləliklə, "Azeri LT CIF" markalı neftin qiyməti 71,84dollar/barelə bərabər olub. Qeyd edək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Məlumat üçün bildirək ki, ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,9 milyon barel azalıb. ABŞ Enerji İnformasiya İdarəsi  (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,9 milyon barel (1,2 faiz) azalaraq 419,5 milyon barelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 3,9 milyon barel azalması istiqamətində idi. Əvvəlki həftədə xam neft ehtiyatlarında 7,4 milyon barel azalma qeyd edilmişdi. Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 663,7 milyon bareldə sabit qalıb. ABŞ-ın həftəlik benzin ehtiyatları isə 4,1 milyon barel (1,8 faiz) artaraq 237,3 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 2,6 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftədə 4,8 milyon barel qalxmışdı.

Bu dövrdə ölkənin xam neft istehsalı da əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 290 min barel azalaraq 9,49 milyon barelə düşüb. Ölkənin xam neft ixracı da sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 460 min barel azalma ilə 1,01 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 308 min barel azalma ilə 7,66 milyon barelə enib. ABŞ-ın xam neft ehtiyatları və istehsalındakı geriləmənin ardından qlobal bazarda neftin qiymətlərində yüksəliş davam edib. London Brend növü neftin barel qiyməti 69,16 dollara, ABŞ-ın Qərbi Texas tipli xam neftin barel qiyməti də 63,45 dollara qədər yüksəlib.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, London birjasında neftin qiymətində artım tendensiyası müşahidə olunur:

“Əgər yanvarın 10-da neftin qiyməti 1 barelə görə 69.21 dollar idisə, yanvarın 11-də bu fərq 69.47 dollar olub. Neftin qiymətlərinin artımına təsir edən amil yanvarın 12-də ABŞ Enerji Administrasiyasının açıqlayacağı həftəlik neft hasilatı və neft ehtiyatları ilə bağlı hesabatdır.Bununla bağlı verilən proqnozlar ona dəlalət edir ki, Amerikada neft ehtiyatları ilin əvvəlindən azalmaqda davam edir.Bunun fonunda neftin qiymətləri artıma meyillidir”.

Cari qiymətlərlə müqayisədə il ərzində neftin qiymətinin necə olacağına gəlincə, ekspert qeyd edib ki, neftin hazırkı qiyməti reallığı əks etdirmir:

“Cari ildə ABŞ-da gözləyirlər ki, 1970-ci ildəki hasilat rekordu yenilənəcək. Yəni, gündəlik neft hasilatı 9.6 milyon bareldən 10 milyon barel həddə qədər yüksələcək və yeni bir rekord qeydə alınacaq.Bununla da neftin qiymətlərinin dünya bazarında azalmasına gətirib çıxaracaq.Neftin orta qiymətlərinə ancaq birinci rübün üçüncü dekadasında korrektələr edilə bilər.Təbii ki, dünya iqtisadiyyatı ilə bağlı ilkin məlumatlar, verilən proqnozlar müqayisə ediləcək.Göründüyü kimi, proqnozlar mürəkkəbləşib.Bununla bağlı öncədən nəsə demək asan məsələ deyil”.

İlham Şaban onu da xatırladıb ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülmüşdü:

“Neftin orta qiyməti təqribən 56 dollar oldu. Hökumət bununla bağlı ancaq Neft Fondunun büdcəsində dəyişiklik etdi.Yəni, xərclər hissəsi artırıldı.Başqa sözlə, dövlət büdcəsində dəyişiklik olmadı.Bu da onunla bağlıdır ki, büdcə kəsirinin həcmi böyükdür. Ötən il faktiki olaraq neftin qiymətləri proqnoz göstəriciləri üstələdi. Azərbaycanda rekord göstəricidə büdcə kəsirləri yarandı.Təbii ki, hökumət neft gəlirlərindən büdcə kəsirlərini bağlamaq üçün yararlanırdı. Buna görə də cari il üçün 1 milyon ton neft hasilatının azalması proqnozlaşdırılır. Neftin qiymətinin artımı həmin hasilat həcmlərinin azalması nəticəsində yaranan büdcə defisitinin örtülməsində yenidən istifadə edilə bilər.Əgər büdcənin xərclər hissəsi ötən illə müqayisədə 3 milyard manatdan çox artırılıbsa, güman etmirəm ki, hökumət onu yenidən artırmağa meyilli olsun.Bu, iqtisadiyyatın yenidən qızışdırılması əlamətlərini özündə büruzə verə bilərdi”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений