Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elmar Məmmədyarova məktub: “Babəkəm, Koroğluyam, Robin Qudam, amma....”



Salam Elmar Məmmədyarov müəllim!

Hər il Yeni il, Novruz, Müstəqillik günü, Qurban bayramları, nə bilim Kristmas, Pasxa, Rio festivallarında bir ağızdan deyirik ki, gələn ili Cıdır düzündə, Xankəndində, Şuşada qeyd edək. Amma 30 ilə yaxındır ki, hər il xəyalən Cıdır düzündə at səyirdirik. Yəni, hər birimiz yel dəyirmanlarıyla döyüşən Don Kixota dönmüşük. Hələ bu azmış kimi qayıdıb deyirik ki, Koroğlunun atı Cıdırda susuz qalıb, Kəlbəcərdə qalmış ağacların yerinə üşüyürük, nə bilim Babəkəm, Cavanşirəm, Koroğluyam, Robin Qudam, xoş gəlmisən, ay qudam, ay qudam....

Vallah, kişinin 98 yaşında atası da öləndə qayıdıb deyir ki, onu Qarabağ dərdi öldürdü. Yəni, Elmar müəllim, bu Qarabağ elə bir dərdə çevrilib ki, ölmüş eşşək ətindən hazırlanmış dönər yeyib xərçəng də olsan, şübhələnirsən ki, Şuşada qalmış,  gül olduğunu bilməyib çoxumuzun quş hesab etdiyi “Xarı bülbül” didib-didib yara açıb içində. Başqa sözlə, nə Koroğlu, nə Babək, nə Nəbi nəvəsi, ay Elmar müəllim?

Demək, bilmirəm neçə gün əvvəl işdən çıxmışdım və babat yorulmuşdum. Evdə də heç kəs yox idi, getdim evə. Əyilib ayaqqabılarımın bağını açanda donub qaldım. Yalançının sözü olmasın, düz yarım saata yaxın ayaqqabılarımın iplərinə baxmışam. Çox mənasız bir işdir, bilirəm. Amma gözlərimi iplərdən çəkə bilmirdim. İplər gözlərimdə ilana çevrilmişdilər. Əvvəlcə biləklərimdən damarlarımı deşib qanımı yeyə-yeyə başıma qalxdılar. Beynimi yedikdən sonra dişlərimdə qurdalanıb, bir az burda vaxt keçirib, bir az da öz aralarında söz-söhbət edib çıxıb getdilər.

Elmar Məmmədyarov müəllim!

Bağışlayın, fikrim qarışdı. Hə, onu deyirdim axı, Rio festivallarında da deyirik ki, gələn il Şuşada qeyd edərik. Amma 30 ildir ki, hər il işğalların günlərini qeyd edirik. Belə desək, işğal günlərində işğal olunduğumuz yada düşür. 20 Yanvar üçün yanvarın 20-də, 26 Fevral üçün fevralın 26-də ağlayırıq. 

30 ildir ki, “Havalar soyuqdur, ermənilər toyuqdur” kimi şeylərlə ermənilərin nə qədər qalın boyuna sahib olduqlarını sübut etməyə çalışırıq. Nə bilim, Sarkisyan haqqında “multfilm” çəkirik, Ohanyanın arvadını fahişə çıxarırıq, erməni əsgərlərinə rus dilində “xoruz” deyirik. Amma nə edək ki, bundan o tərəfə keçə bilmirik.

Elmar müəllim!

İndi də deyirsiniz ki, həmsədrlər kreativ təkliflər veriblər. Bilirsiniz sizin haqqınızda nə deyirlər? Sizdən soruşurlar ki, “kreativ təklif” deyəndə nəyi nəzərdə tutursunuz – Qarabağ tək günlər Azərbaycanın, cüt günlər Ermənistanın olacaq? Bəs bazar? Onda bazar günü də istirahətdə olacaq Qarabağ?

Nə bilim Elmar müəllim! Siz də qəribə adamsınız, biz də qəribə adamlarıq. Amma Elmar Məmmədyarov müəllim, həmin ayaqqabılarımın ipləri ağzımdan ilan kimi çıxıb fısıldayanda o şeyi dəqiq bilirdim ki...

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений