Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mircəfər Bağırovun siyahıdan sildiyi erməni yazıçı və onun havadarları - Qohumu sirləri açdı



20 il Azərbaycana rəhbərlik etmiş Azərbaycan Kommunist Partiyası MK-nın I katibi (1933- 12 iyul,1953) və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri oktyabr 1932 - dekabr 1933) işləmiş Mircəfər Bağırov tariximizin ziddiyyətli şəxsiyyətlərindəndir. Onun haqqında fikirlər müxtəlifdir. Kimisi onu Azərbaycan ziyalılarının repressiyaya məruz qalmasının əsas baiskarı hesab edir. Lakin son zamanlar bir sıra tədqiqatçılar M.Bağırovun Azərbaycan xalqı qarşısında müəyyən xdmətlər göstərdiyini yazırlar. Xüsusən onun Azərbaycan torpaqlarına göz dikmiş ermənilərə qarşı mübarizə apardığı qeyd olunur. Mircəfər Bağırov nəslinin davamçısı Məmməd Tağını bununla bağlı yazısını təqdim edirik.
 
1956-cı ildə Rudenkonun Mircəfər Bağırovun məhkəməsindən bir epizod:
 
Rudenko: -Müttəhim Bağırov, 1947-ci ildə Nizami təntənələrinə gələn Şaginyan Mariettanı siz qəbul etməyib, hələ üstəlik təhqir etmişdiniz, nə üçün?
Bağırov: -Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarına göz dikdiyi üçün. Mənimlə görüşmək istəyirdi, rədd etdim. Dedim ki, nə qədər istəyir verin, yeyib-içsin və çıxıb getsin.
Məhkəmənin əsas şahidlərinin tərkibinə diqqət yetirin: istintaq materiallarında şahid kimi adları çəkilən Manuçarov, Baqdasarov, Sevoyan, Saakyan, Qasparyan,Yegizarov, Lazarev, Dudiyev, Xaldibanov, Mılov, Ziyalov, Xentov, Aksyonov-Şerbitski və başqaları. 
 
 
Yalançı şahidlər arasında sözsüz ki, soydaşlarımız da olub. 1946-cı ildə nə baş verib: 
1946-cı ildə Ermənistan Dövlət Nəşriyyatı Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabını nəşr edib. Ermənistanda və Moskvada ermənilər və ermənipərəstlər tərəfindən rəğbətlə qarşılanan bu kitabın Azərbaycanda da oxucuları az olmayıb. Əsərdə «tarixi hadisələr və faktlar kobud surətdə təhrif olunur» desələr də, etiraz səsini qaldırmayıblar. Yalnız və yalnız Mircəfər Bağırov susa bilməyib. Marietta Şaginyanın daşnak baxışlarını alt-üst edib.
 
M.Bağırovun Kremlə, ÜİK(b)P MK katibi A.A.Jdanova göndərdiyi rəsmi məktubunu bütünlüklə oxuculara çatdırıram:
 
«1946-cı ildə Ermənistan Dövlət Nəşriyyatı tərəfindən M.Şaginyanın «Sovet Zaqafqaziyası kitabı nəşr olunub. Sizə bildirməyi zəruri hesab edirik ki, bu kitab çoxlu siyasi səhvlərlə doludur, tarixi həqiqətləri təhrif edir və əslində Zaqafqaziya xalqlarına böhtandır.
 
Dediklərimizi təsdiq etmək üçün kitabdan bəzi səciyyəvi parçaları nəzərinizə çatdırıram:
 
1927-ci ildə yazılan «Sevan gölü» oçerkində müəllif Zaqafqaziya xalqlarını tarixən yorulan, əldən düşən, kökü kəsilməyə məhkum edilən xalqlar kimi təsvir edir: «Zaqafqaziyalılar - qədim, yorğun, dünyagörmüş xalqlardır: ötən minilliklərin təsiri ilə onlar məxluqa çevriliblər. Bu sözlər qədim xalq olan, kəşməkeşli keçmişindən yorğun düşən ermənilərə də aiddir. Günəşin hərarətindən və tarixi ahıllıqdan burada isitmə kimi naxoşluq olan tənbəllik çox güclüdür. Bunu ört-basdır etmək üçün məcburi qaydada kiçik bir ordu var: hərbi düşərgə həyatı, təlimlər, məşqlər, marşlar, rəsmi - keçidlər... Yaxınlıqda isə şaqraq səsli pionerlər təbillərin gurultusu altında yürüşə çıxırlar. Bütün bunlar bədənlərini düz saxlaya bilməkdən ötrü ermənilərin vərəmli bel fəqərəsinə keçirilən tibbi kəmərdən başqa bir şey deyildir.» (səh. 128)
 
İnqilabdan illər keçməsinə baxmayaraq, Şaginyanın Zaqafqaziyada gördükləri ancaq dilənçilik, xarabalıqlar və vəhşi həyat tərzidir.
 
Şaginyan üçün Qarabağda keçmişdəki təhkimçi erməni məlikləri əzizdir, belələrini coşğun məhəbbətlə qələmə alır, erməni mülkədarlarını ağıllı və xeyirxah sahibkarlar kimi idealizə edir:
 
«...Bu məliklər xəyalpərəst və lovğa gürcü knyazlarına bənzəmirlər. Budur, saçı-saqqalı ağarmış rütbə sahibi öz vətəni Qarabağa qayıdır. Nikolay ordusuna məxsus şinelini çiynindən ataraq, xırmana taxıl döyməyə gedir. 
 
O da kəndliləri kimi Qarabağda «qaradam» deyilən (pəncərəsiz və təkcə baca yeri olan) komada yaşayır, başqalarından bununla fərqlənir ki, onun daxması generalsayağı səliqə-səhmanlıdır, tər-təmizdir, ağardılmışdır.) (səh.226)
Dağlıq Qarabağı «erməni ölkəsi» (səh.224), «Ermənistanın dvoryan hissəsi» (səh.225) elan edən Şaginyan 1946-cı ildə erməni-azərbaycanlı qırğınını xatırladır, dağıntıların mənzərəsini canlandırır, hətta yazır ki, «Şuşanın ermənilər yaşayan hissəsindəki bir xəndəkdə qana bulaşmış bır çəngə qadın saçını öz gözüylə görmüşdür.» (səh.254)
Müəllifin çadra ilə əlaqədar söylədikləri Azərbaycan qadınlarının adına olduqca yaramaz və təhqiramiz ifadələrdir: «Çadra ehtirasa gətirmək vasitəsi kimi gərəklidir. Onun gecə qaranlığına bənzər mübhəmliyi içərisindəki kövrək bədən hərəkətləri əsrlər boyu təşəkkül tapmış olduqca mürəkkəb zehniyyətlər məcmusu doğurub, həm uzaq əcdadlara məxsus vəhşiliyin - qadını təpikləmək və tapdalamaq ehtiyacının, həm «mənimdir», «mənimdir» kimi gizli, qapalı, örtülü və vəhşi mülkiyyətçilik hissiyyatının, həm də Zaqafqaziyada geniş yayılan homoseksualizmin psixoloji əsasını burada axtarmaq lazımdır.» (səh.257).
 
Eyni zamanda Avropa və Amerika qarşısında Şaginyanın kölə xislətini və yaltaqlığını qeyd etmək lazımdır. Dağlıq Qarabağın təbii sərvətləri haqqında danışaraq, bunları Amerikanın təbii sərvətləri ilə müqayisə edən müəllif yazır: «Ölkənin müftə elektrik enerjisi, istifadəsiz qalmış insan enerjisi, bol meşələri və son dərəcə gözəl təbii müalicə vasitələri - bütün bunlar bir- biriylə həmahəngdir və göz qabağındadır. Amerikalı qibtə ilə söyləyərdi: Bu deyilənlərin bəziləri bizim sıldırımlı dağlarımızda, gözoxşar qərb ştatlarımızda da var: əsrarəngiz təbiət, təmiz hava, meşə, təbiətin bəxşişi olan su enerjisi... Ancaq bax, orada ən əsas bir şey çatışmır, onsuz da ölkəni canlandırmaq, gerilikdən və ətalətdən qurtarmaq qeyri-mümkündür.
 
Bəs bu gün üçün əsas olan nədir? Pulmu? Amerikalılar puldan heç vaxt korluq çəkmirlər. Yox, o başqa cavab verəcək və onun cavabı bizim üçün gözlənilməz olacaq: «Çatışmayan adamdır, işləməyə hazır olan adam. Qarabağda belə adamlar var, işləmək arzusunda olan adamlar.» (səh.228-229).
 
Dağlıq Qarabağa səyahəti zamanı müəllif yaxşı və gözəl nə görürdüsə, hamısını Avropada gördükləri ilə əlaqələndirir: «Avropanın haradasa orta qurşağına, İsveçrə, Bavariyasına, Tirola, Avstriyaya xas oian xəfif Avropa yağışı Dağlıq Qarabağda da tez-tez yağır, eləcə də tez kəsir (səh.295). «Əkinçilik mədəniyyəti havanın təmizliyində təcəssüm edir. Bu, havası sanki saflaşdırılan Avropada xüsusilə nəzərə çarpır.» (səh.227).
 
 
M.Şaginyanın «Sovet Zaqafqaziyası» kitabından çoxlu belə misallar gətirmək olar. Sadəcə aydın deyil ki, əsas etibarilə 20-25 il əvvəl yazılan bu oçerkləri 1946-cı ildə yenidən çap etmək Ermənistan Dövlət Nəşriyyatının nəyinə lazım olub? Görünür, nəşriyyat bunu ifşa olunan xalq düşmənlərinin güclü təsiri altında edib və mahiyyətcə bu, anqlo-saksların, eləcə də vətənimizin digər düşmənlərinin sovet xalqlarının ünvanına yağdırdığı rəzil böhtanlardan və törətdiyi təxribatlardan heç nə ilə fərqlənmir.
Kitabın satışdan yığışdırılmasını zəruri hesab edirik.
Əlavə: Marietta Şaginyanın «Sovet Zaqafqaziyası» kitabı.
Azərbaycan K(b)P MK katibi M.Bağırov
21 iyul 1947-ci il.»
 
(Bu məktub Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindədir.) 
 
Ona görə də, 1947-ci ildə Nizami yubleyi şənliklərində M.Bağırov 1946-cıil iyun ayının 20-də Azərbaycan K/B/P MK Bürosunun qərar layihəsində M.Bağırov yubiley Komitəsinin tərkibindən M.Şaginyanın və onun havadarlarının adını siyahıdan silmişdi. Onlar kimlərdir: 
 
1.N.Tixonov 
2.A.Fadeev 
3.Antakolskiy 
4.Bertels. 
 
Bağırov Azərbaycandan uzaqlaşdırıldıqdan və güləlləndikdən sonra M.Şaginyan bəzi Azərbaycan ziyalıları üçün əzizxələf olmuşdu. Belə ki, 1981-ci il dekabrın 9-da respublika qəzetlərində M.S.Şaginyana «Azərbaycan SSR əməkdar elm xadimi» fəxri adı verilməsi barədə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı dərc edilib. Moskva yazıçıları «Bakinskiy raboçiy» qəzetində bu Fərmanla tanış olub, Marietta Sergeyevnanı təbrik etməyə yollanıblar. Fəqət, Azərbaycanın erməni əməkdar elm xadimi 3 aydan sonra onu sevənləri göz yaşına qərq edib. 1982-ci ilin martında 94 yaşında vəfat edib.
 
Azərbaycanda M.Şaginyanın xatirəsi əziz tutulub. 1987-ci ildə ASE-nin 10-cu cildində onun şəkli və haqqında məqalə çap edilib.
 
Məmməd Tağı







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений