Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İydə ağacları



Hərdən mənə elə gəlir ki, boynumun qurtaracağında baş yox, tikanları beynimə işləyən lüt kirpi bitib. Həmin kirpini lüt göstərən şey də tikanlarının olmamasıdır, daha doğrusu, əsl kirpidən fərqli olaraq bu kirpinin tikanlarının içinə doğru bitməsidir. Əlbəttə, bu tikanlar uzandıqca beynimin içinə doğru işləyirlər. Sonra həmin tikanlar beynimin içində yumrulanmış başqa bir kirpiyə çevrilir. Arxasınca tünd qara, balaca və yekəbaş ilanın arxasınca qovduğu bu kirpi havalar soyuyandan başımın içində yumalanmağa başlayır. Əlbəttə, yumalandıqca tikanlarını beynimə batırır. Belə desək, havalar soyuyanda başım içində qırmızımtıl qatıq olan bankaya çevrilir. İçində yekəbaş, balaca, tünd qara rəngli ilan balasının arxasınca kirpi qovduğu qatıq bankası...

Balaca kirpi balası başımın içində fırlandıqca, sanki şumlanmış torpağa çevirdiyi beynimin içinə öz tikanları ilə atdığı lağımların arasına iydə tumları səpib gizlənir. Hər lağımda gizlətdiyi tumlar sürətlə böyüyüb iydə ağacları olurlar. Sonra mən çənəmi avtomatın lüləyinə dirəyib, kepkamın dimdiyini bir az da yuxarı qaldıraraq gözlərimi bu iydə ağaclarına zilləyib haralardasa yox oluram. Bəzən özümü qatarın içindəki çoxlu adamların arasında müvazinətini güclə saxlayan plastilin heykələ, bəzən qollarını yanlarına sallayıb qupquru adamların arasından keçən ruha, bəzən də sıldırım qayanın üstündə dayanıb gözlərini səmanı parçalayan ildırımın parlaq, əyri xətlərinə zilləyən və heç nə haqda heç bir fikri olmayan adama çevrilirəm. Həmişə belə olur. Havalar soyuyub başımın içindəki iydə ağacları böyüməyə başlayanda gündə bir şeyə çevrilirəm.

İlk dəfə iydə ağacları 8 il əvvəl öz tikanlarını başımın içinə sapladılar. Həmin ildən başlayaraq, heç vaxt iydələr yadımdan çıxmırdı. Balaca yun yumağına oxşayan və yedikcə gənziyi qıcıqlandırıb adamı öz cılız cüssəsindən daha güclü boğan meyvələri olan bu ağaclar 8 il əvvəl başımda bitib məni keçmişə qaytardılar. Hər ağacın gövdəsində isə balaca bir kirpi yumrulanıb yatır. Bu, mənin beynimdir, ağrıyan beynim, iydə ağaclarının öz balaca tikanlarını batırıb başımı qan tuluğuna çevirən beynim...

Dediyim kimi, hər il havalar soyuyanda bu iydə ağacları sürətlə böyüyüb çiçəkləməyə və bar verməyə başlayırlar. Soyuq hər şeyi - adamları, binaları, ağacları, yolları, dükanları kənarları kəsici kublara çevirəndə, yalnız başımın içində meyxoş ətri olan iydə ağaclarının çiçəkləri güllük-gülüstanlıq yaradır. Nədənsə, soyuğu buna görə maddiyyat kimi qəbul edirəm. Mənim üçün qışda soyuq dondurucu və görünməz hava kütləsi yox, hər şeyi ən xırda zərrəciyinə qədər dondurub balaca kublara çevirən sehirbaz çubuğudur. Bu çubuğun toxunduğu hər şey kənarları kəsici kublara çevrilirlər. “Kəsici soyuq” deyəndə qışı həmişə belə başa düşürəm. Təkcə başımın içindəki iydə ağacları bu kənarları kəsici şeyləri dondan çıxarıb hərəkətə gətirə bilir.

Şübhəsiz ki, mənim 8 il əvvəl – hər şeyin üstündən sürətlə qaçıb keçən vaxtlarımda beynimin iydə ağaclarına ilişib qalması təsadüfən olmamışdı. Həmin vaxt doğulduğum yerlərdən çox uzaqlarda idim. Qayıdıb-qayıtmayacağım haqda da heç bir fikrim yox idi. Həmin vaxt sadəcə məni bu yerlərə gətirib çıxaran zərurətin səbəblərinə köklənmişdim. Hər tərəfdan hərbçilər və silah-sursatlarla mühasirəyə alındığım üçün bura qədər qoyub gəldiyim şeyləri mənə xəyal gücüm hesabına da olsa, yenidən beynimdə canlandıracaq xırda bir şeyə ehtiyacım vardı ki, bu axtarışlar içində olanda gözlərim kəndimizdə də bitən iydə ağaclarına sataşmışdı. Həmin andan bu ağaclar mənə xəyalən geriyə qayıdış bileti qazandırdı. Nəzərə alsaq ki, mənim o zaman düşünmək üçün vaxtdan çox heç nəyim yox idi, bu ağaclar mənim üçün göydəndüşmə idilər. Beləliklə, hər gün gözlərimi çayın sahili boyunca uzanan iydə xiyabanlığına zilləyib geridə qoyub gəldiyim şeylər haqda düşünürdüm. Bu ağacların sarı çiçəkləri, balaca dikanları, yarpaqları, əyri budaqları, yöndəmsiz gövdələrini nələrəsə çevirib, olduğum yerdən qopurdum.

Ağacların dibində gah məndə sevgi haqda ilk təəssüratı yaradan sevdiyim qız, gah atamın donuq gözləri, gah həyatı ağır-ağır, əzab-əzab yaşayan anam, gah hərəsi bir tərəfdə olan qardaşlarım, gah soyutma kartof və pörtləmiş makaron iyi verən tələbəlik illərim, gah kəndimizin kənarından axan balaca çayın kənarında oturub gəmi gözlədiyim uşaqlığım, gah da düşüncələrimi həmişə ziyarət edən dəxli olmayan adamlar peyda olurdular. Hər dəfə bu ağaclara baxıb yerimdə donanda gələcək haqda bütün təəssüratlarımı darmadağın edən keçmişə qayıdırdım.

Əlbəttə, nə o vaxt, nə də bu gün başımın içində xırda yarpaqları arasında gizlənmiş tikanları olan iydə ağacları ilə yaşamaq asan məsələ deyil. Bu iydə ağacları 8 il əvvəl, mən hər şeydən əlimi üzüb, bütün dünyanın qapılarını üzümə bağlayıb özümü öz içimdə ömürlük məhbus elan edəndə, gələcəyin açıq pəncərələrinə də qara pərdələr çəkib məni geri-geri itələməyə başladılar. Bunu ilk dəfə 8 il əvvəl çənəmi avtomatın lüləyinə dirəyib gözlərimi çay boyunca bitmiş iydə ağaclarına zilləyəndə hiss etdim. O andan etibarən həyatı olduğu kimi qəbul etməyib, yaşamağı hər gün həvəssiz, bir az ətrafın təzyiqi ilə məcburi şəkildə icra etdiyim rituala çevirdim. İndi aradan səkkiz il keçib və mənim 29 yaşım var. Bu yaşda insan həyat haqqında nə qədər ciddi düşünür, bunu deyə bilmərəm, amma indiki düşüncəmə görə, keçmişi beyninə saplayıb özünü gələcəkdən məhrum etmək özünəxəyanətdən başqa heç nə deyil. Zatən, dünyanı dəyişmək mümkün deyil. Zatən, dünya əvvəldən hansı formada lazım idisə, indi də elədir. Nəzərə almaq lazımdır ki, bizi çevrələyən quru insan kütləsi xaraktercə heyvanlardan fərqlənmir. Etiraf etmək lazımdır ki, bir ac heyvan özünün ac mədəsini doydurmaq üçün həyatını hansı təhlükələrə atırsa, insan da hansısa imtiyaz, yaxud daha rahat yatmaq və daha ləzzətli yemək əldə etmək üçün özünü bundan da artıq təhlükənin içinə atır. Deməyim budur ki, hər insan özünü xilas etməyə çalışır. Özünü xilas etməyə cəhd etməyəni, heç kəs gəlib qolundan tutub düşdüyü bataqlığın içindən dartıb çıxarmayacaq.

Sadəcə olaraq, bir az bəşəri, bir az humanist düşündüyünü iddia edən adamlar var ki, onlar da yenə də öz maraqları üçün bir az fərqli düşüncələr ortaya qoyub özlərini başqa formada gözə soxmağa can atırlar. Şübhəsiz ki, bir yazar, bir filosof, bir ciddi düşüncə adamı bəşərilikdən, ümumi insan faciələrindən yazanda səmimi olmur. Bu günədək “Nobel”, yaxud “Oskar” almış insanlara baxmaq lazımdır. Bu “sülh mükafatları” həmin insanlara verilib ki, onların yaradıcılıqları, “bəşəri faciə” adlandırdıqları baxışları hansısa etnik qrupun, hansısa millətin üzləşdiyi problemlər, belə desək, digər millətləri əzib yox etməyə meyilli siyasi iddiaların leytmotivində təcəssüm edir. Məsələn, bu gün dünyanın hansısa yerində müharibədən qaçan bir uşağın dənizdə boğulub ölməsi, bezini sidiyion yox, dənizin duzlu suyunun şişirdiyi faciəsini ən dəhşətli, ən toxunaqlı cümlələrlə ifadə edənlərin baxışları bu “bəşəri facilər silsiləsi”ndən kənarda qalıb özünə əl çalır. 

Yəni, hər kəs özünü alqışlayır, hərə bir aktyordur, hərənin kiçik səhnəsi, bir rolu var və hər kəs öz xəyal gücünün apardığı yerə qədər lojada kütləvilik yaradıb özünü alqışladır. İydə ağacları-zadda boş şeydir. Bu, özünü aldatmaqdan başqa heç nə deyil. Sadəcə olaraq, hamı özü üçün başqalarını səmimiyyətlə qamçılayıb özünü xilas etməyə çalışır. Nə qədər ki, bir insan mərhəmətli əllərə çevrilib başqalarının eqolarını yavaş-yavaş sığallayır, hər şey onun üçün də, başqaları üçün də yaxşı olacaq. Yox, əgər bir dəfə bu mərhəmətli əlləri dayandırıb yanına salladınsa, vəssalam, həmin o başqaları səndən imtina etmək üçün həmişə cüt vəziyyətdə saxladığı ayaqlarını dizlərindən büküb çəkdiyin əzabların üstündən haley-hopla tullanacaqlar. Yəni, nə qədər ki, ölməmisə, həmişə özünü sağ saxlamaq şansın var. Yaşa, yaşa bildiyin yerə qədər, sırtıqca, ən dəhşətli şeylərin üzünə irişə-irişə...

Özünü axmaq vəziyyətdə qoymaq bahasına belə insan özünü xilas etməlidir. Əgər həqiqətən həyat əsl həqiqətlər üçün faciələrə zəmin yaradanların şallaqlandığı ədalət məhkəməsi olsaydı, ilk növbədə insanların özləri bu faciələrə yol verən ehtiraslarını, hirslərini şallaqlayıb şikəst etməli idilər. Amma reallıq bu olmadığı üçün hər insan öz zövqlərini oxşamayan şeylərin beyinlərini şallaqlayıb hər şeyi öz keçici həzlərinin qulluğunda dayanan köləyə çevirirlər.

Yəni deməyim budur ki, həyatı öz axarına buraxmaqla yanaşı, insan ya özü-özünü belə əzən beynindən qaçmağa, ya da bunu bacarmırsa, iki ayağını yerə möhkəm basıb əks hücumlar qarşısında tədricən öz üzərinə çökməyə hazır mövqe seçməlidir. Gerisi təfərrüatdır. Yox bir, “iydə ağacları”, “balaca, yumrulanıb dombalaq aşan kirpi balası”, “tünd qara rəngli, yekəbaş ilan”, “avtomat lüləyinə dirənmiş çənə”... nə bilim nə? Cəhənnəmə ki...


Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений