Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mikayıl Cabbarov müəllim, sizi Allah bizə vergi verib 



Salam, Mikayıl Çingiz oğlu Cabbarov müəllim! Sizə dəhşətli formada hörmətim var.

Allah Fazil Məmmədov müəllimin atasına rəhmət eləsin, Mikayıl Çingiz oğlu Cabbarov müəllim. Bəlkə də kişi heç ölməyib. Amma diriyə də, ölüyə də rəhmət var. Ölüyə bir düşürsə, diriyə min rəhmət düşür. Allahın mərhəmət kisəsinin çoxlu ağzı var. Buna görə də elə bəribaşdan təklif edirəm ki, Allahın özünü də vergiyə cəlb edəyin. Yəqin ki, bu mərhəmətləri elə-belə paylamır. Özü də deyir axı, dini kitablarda  ki, mənə dua edin, min qat qarşılığını alacaqsınız. Mikayıl Cabbarov müəllim, sizcə Allah bu çağırışı elə-belə edir? Allahın özünə and olsun ki, mən buna inanmıram, siz nə deyirsinizsə, deyin. Yaxşı pulu-zadı olmuş olar. Göyə bir nümayəndə heyəti göndərin, görün nə işlər görür, biznesi-zadı varmı? Olmamış olmaz.

Mikayıl müəllim, əzrayılı da vergiyə cəlb edəyin. Mələk killerdir. Yəqin, bu adam öldürmək işini havayı görmür. Beşdən-ondan nəsə almamış olmaz..

Axır vaxtlar sizdən qəribə-qəribə qərarlar verilir. Bir ara xəbər çıxdı ki, guya siz şairlərdən vergi alınmasına göstəriş vermisiniz. Əgər bu məlumat doğrudursa, mən dördəlli razıyam. Şairlərdən təkcə şeir yazdıqlarına görə vergi almaq lazım deyil. Hava pulu, araq pulu, pivə pulu, iki dilim kolbasa, bir dilim pendir pulu, ozon qatını çirkəndirdikləri üçün karbon vergisi almaq lazımdır. Lazım gəlsə, qulaq, ağız, əl, ayaq işlətdikləri üçün bədən üzvlərinin hər birinə görə ayrıca vergi alınmalıdır. Vergidən yayınanları ömürlük həbs etmək lazımdır, hətta, dövlət həbsxanada da pulsuz yatmaq, yemək, ayaqyolu və s. verir deyə, buna görə də vergi almaq lazımdır.

O vaxt vergidən yayınmış Nizamidən, Füzulidən, Nəsimidən də ödənilməmiş vergilər faiziylə bərabər alınsın.

Mikayıl Cabbarov müəllim, yadımdan çıxmamış deyim ki, siz Allahın vergisisiniz ki, bizim payıma düşmüsünüz. O allaha 0.5364675483290000000000000 dəfə min şükür. Nə qədər sevinirəm, Allah haqqı.

Sağ olun, Mikayıl müəllim. Vergilər naziri gələndən qabağınıza çıxanı-çıxmayanı vergiyə cəlb edirsiniz. Ziyad Səmədzadə də yadınızdan çıxanları yadınıza salır. Deyir ki, kəndliləri da vergiyə cəlb etmək lazımdır. Bu təklifi də nəzərdən keçirib, nötqə-vergülünə qədər düzgün, bütün qrammatik qaydalara uyğun həyata keçirməyinizi sizdən dəhşətli formada xahiş edirəm. 65 milyon il əvvəl Azərbaycan ərazilərində yaşayaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinə ciddi şəkildə zərər vurub ot yeyən dinozavrlardan da vergi almaq lazımdır.

Mənə elə gəlir ki, Ziyad müəllim düz deyir. Kəndlilərdən vergi almaq lazımdır. Təkcə kəndliləri yox, qoyun-quzunu, camışları, inəkləri, toyuqları, pomidor-xiyarı da vergiyə cəlb etmək lazımdır. Bayramlarda da kəndlilərlə yanaşı, şəhərlilərdən “stoliçnıy salat” pulu alınsın. Buna bir “dur” deyən olacaq, görəsən?! Allah haqqı, olmaz belə. Əsəbləşirəm, Mikayıl müəllim, yadıma düşdükcə. Pis başa düşməyin məni. Həssas adamam belə məsələlərdə. Prinsipialam.

Bir sözlə, hamıdan vergi almaq lazımdır, Mikayıl müəllim. Xahiş edirəm ki, bunu nəzərə alın. Yaddan çıxan qalmasın. Allah eləməmiş, kiminsə xətrinə dəyər. Sonra nə deyərlər? Mən də yadıma düşdükcə sizə deyəcəyəm. Allah canını sağ eləsin, Ziyad müəllim də yadınıza salır bir-bir. Küncə-bucağa yaxşı-yaxşı baxmaq lazımdır ki, heç kəs yaddan çıxmasın. Biz həssas adamlarıq. Tez küsürük, bir dəfə yaddan çıxdıqsa, vəssalam. Mısmırığımızı sallayıb başımızı yerdən qaldırmırıq.

Amma Mikayıl müəllim, sizdən bir xahişim var. Hafiz Hacıyevdən, Elarizdən, Maral Tahirqızından, Namiq Qaraçuxurludan, Miri Yusifdən, Zaur Kamaldan, skripkaçı Səlimdən, Araz Əlizadədən vergi almayın. Niyəsini soruşsanız, özüm də bilmirəm.


Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений