Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sahibkarlıq subyektlərinin hüquqi statusu dəyişir



Sadələşdirilmiş vergi dövriyyəsinin qaldırılması təklif olunur. Ötən gün “Vergilər, Şəffaflıq, İnkişaf” adlı konfransda çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, yeni Vergilər Məcəlləsinin işlənməsinə ehtiyac var. Deputat təklif edib ki, Vergilər Nazirliyi tərəfindən Vergilər Məcəlləsi işlənib hazırlansın və Milli Məclisə təqdim olunsun.

İqtisadçı həmçinin qeyd edib ki, sadələşdirilmiş vergidə dövriyyə həddi 200 min manatdan 400 min manatadək qaldırılmalıdır:

“Sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Təklif edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırılsın. Bu həddi keçən sahibkarlara 15 faiz kimi vergi tətbiq edilməlidir”.

Vahid Əhmədov onu da vurğulayıb ki, Əlavə Dəyər Vergisi (ƏDV) diferensiallaşdırılmalıdır: "Nə üçün ƏDV yalnız 18 faiz olmalıdır?! Dünyanın bir çox ölkələrində ƏDV sektordan asılı olaraq 10-25 faiz civarında dəyişir. Tezliklə Azərbaycanda da  müxtəlif dərəcələrdə ƏDV-nin tətbiqinə başlanmalıdır”.

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən edilmiş dövriyyə həddinin artırılması təklifi hazırkı iqtisadi şərtlərə uyğundur:

“Məlum olduğu kimi manat devalvasiya olunub və dəyərinin 54 faizini itirib. Bunun müqabilində ölkədə əhəmiyyətli səviyyədə inflyasiya gedib. Xüsusilə 2016-2017-ci illərdə inflyasiya nəticəsində dövriyyənin manatla ifadədə həcmi artır. Əslində real dövriyyənin yox, sadəcə nominal dövriyyənin həcmində artım baş verir. Bu isə son nəticədə sahibkarlıq subyektlərinin fəaliyyət sferasında hüquqi statusunun dəyişməsi ilə nəticələnə bilər. Yəni, 200 mindən artıq dövriyyəsi olan subyektlərin artıq əlavə dəyə vergi ödəyicisinə çevrilməsi məsələsi gündəmə gəlir.

Bu kimi hallar artıq son dövrlərdə geniş yayılıb. Əslində isə subyektin mahiyyət etibarilə fəaliyyətində ciddi dəyişikliklər baş verməyib. Yəni, böyümə, inkişaf yoxdur. Sadəcə manatla ifadədə dövriyyə genişlənib. Bu isə son nəticədə subyektlərin vergi rejimini dəyişməklə vergi yükündə və eyni zamanda alışılmış vergi inzibatçılığında müəyyən problemlərə gətirib çıxarda bilər. Həmçinin çətinliklər yaradır. Buna görə də mövcud iqtisadiyyatın tələbatına uyğun olaraq müyyənləşdirilmiş 200 min manatlıq öhdəliyin dövriyyə həcminin təklif olunduğu kimi 400 min manata qədər artırılması məqsəduyğun hesab edilir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений