Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bütün sevgilərə ithaf: Ağıza dartılan hulqum



Sevgi qədər illərlə damla-damla, zərrə-zərrə qurduğun dağılmaz xarakteri bir saniyədən də az vaxtın içində altını-üstünə çevirib yerlə-yeksan edən heç nə yoxdur. Özünəinam və özünümüdafiə hislərini tamamilə aradan qaldıran bu narahatedici prosesin, bir nəfərə hiss etdiyin düşkünlüyə görə bir gün islanmış paltar kimi ipdən asılmağa qədər yolu var. Lakin bu sevdiyinin yoxluğuna yox, sevginin səndə yaratdığı düşkünlüyün xarakterini darmadağın etməsinə olan etirazdır.

Sevgi – sürətli ürək çırpıntıları ilə müşayiət olunan bu proseslə tanışlığım 2003-cü ilə təsadüf edir. Həmin vaxt 15 yaşım vardı. Daha doğrusu, 15-dən bir xeyli keçmişdim. 

Kişi – qadın münasibətləri haqda “1001 gecə” nağılları, hekayələr, filmlərdən ilk təəssüratlarımın yarandığı həmin il gözlənilmədən ürəyim düşdüyü yerdən çırpınaraq çıxmağa meyillənmişdi. Uşaqlarla oynamaqdan belə imtina edib, ailə münaqişələri və müharibənin istənilən an başlayacağı qorxusuna alüdə olub əlimi hər şeydən üzdüyüm bu vaxtalarda bir qızla münasibət qurmaq mənim istəklərim, belə desək, uşaqlıq arzularım xaricində idi. Heç bu haqda düşünmürdüm. Buna nə zamansa vaxt ayıracağımı da bilmirdim. Lakin bir gün ürəyim yerindən çıxmaq formasında döyünməyə başladı, bu, mənə zillənmiş o qızın baxışları altında baş vermişdi. Təsadüfi idi. Lakin məktəbin tinini dönərkən divar arxasından boylanan başın təkcə görünən gözləri və şauqili vəziyyətdə aşağı sallanan saçı bunun təsadüf olmadığı əminliyini yaratdı. 

O, diqqətimə gəlmişdi. Boz keçən uşaqlığım bir anda özünə əlavə rənglər qatmağa başlamışdı. İlk dəfə idi ki, mən həyatın təkcə ayaqlarımın addım atdıqları yerlərdən ibarət olmadığını dərk edirdim. Başım yerdən qalxmışdı, ətrafa baxmağa başlamışdım. Lakin yenə də başqa insanlar yox idilər. O qızın fonunda hər kəs ya ölmüşdü, ya da susmuşdu. Bəlkə də mən onları hiss etmirdim. Həyat onun tənəffüslərdə mənə zilənən gözlərində davam edirdi.

Məktəbə getməyi də sevməyə başlamışdım. Bu istəyin də kökündə o dayanırdı. Zaman o zaman idi ki, ünsiyyət qurmaq rahat deyildi. Üstəgəl, qatı ənənələrin başlar üzərində qaldırdığı “cəllad bıçağı” bizi biri-birimizdən uzaqda sevməyə məcbur edirdi. Lakin gizli şəkildə olsa da, bu səddi aşmaq lazım idi. Hər ikimiz bu səddi aşmaq qərarı verəndə mən özümü məktəbin “emalatxana” adlanan sinfində onu gözləyərkən tapmışdım. İlk görüşə bir az özümə gəlmək üçün tez getmişdim. Saat əleyhimə işləyirdi. Bütün diqqətim boş dəhlizə yönəlmişdi. Elə ki, dəhlizdə “dikdaban nəğməsi” səslənməyə başladı, mən yoxa çıxdım. Qapı açılıb o, qarşımda dayananda çox pis formada gülməyə başladım. Özümü gizlətməyə çalışırdım, lakin əllərim də, qollarım da, alın nahiyyəmdə başlayan keyləşmə və içimə dolmuş havasızlıq mənə mane olurdu. Mən içinə qaz vurulmuş şar kimi uçunurdum. Otaq boş və mənə gizlənmək üçün yer yox idi.

Bir müddət susduq. Nə o danışırdı, nə də mən. Lakin mənim özümdən keçməyim qarşısında o, kifayət qədər cəsarətli idi. Hələ indi bilirəm ki, ona cəsarəti verən elə mənim utancaqlığım və özümü itirməyim idi. Başımı taxta döşəmədən ayırandan onu və məni bura gətirən səbəbi naməlum qısa cümləylə izah etdim, “özün bilirsən”. O da heç nə demədi.

O görüşdən sonra heç vaxt görüşmədik. Susaraq bir-birimizə baxırdıq. Elə susaraq da ayrıldıq. Heç vaxt bilmədik, bir-birimizi sevirik, ya yox. Təkbətək qalan başqa vaxtlarda da danışmadıq.

Əlbəttə, sevginin ilkin təəssüratını yaratma prosesi kimi yadımda qalmış bu hadisə məndə sonrakı illərdə sevginin elə insanı narahatedici ən təhlükəli proses olduğu fikrini qətiləşdirdi. Lakin sonradan bildim ki, sevginin ürəyə heç bir aiddiyyatı yoxdur. Bildim ki, sevgi qripdan az əvvəl beyindən fontan vuraraq burun kapilyarlarını yandıran qaynar nəfəsdir. İnsanın burnunu iki dəfə qaynar nəfəs yandırır: qripdən az əvvəl və insan öz-özü ilə danışmağa başlayanda. Qripin sevgiyə heç bir aiddiyyatı olmasa da, insanın özü içində özüylə danışması birbaşa sevgiylə əlaqədardır. Elə ki, insan danışmağa başladı, burundan qaynar nəfəs çıxıb kapilyarları pörtlətməyə başlayır. İçə çəkilən nəfəs pörtlənmiş bu nazik damarları əvvəlcə soyudub ağrısını sakitləşdirir, sonrakı prosesdə isə yuxarıdan aşağı fondan vuran qaynar nəfəs daha ağrıdıcı formada yandırır. Bu, insanın sevdiyi ilə gözləri arxasında etdiyi söhbətdir.

Həmişə düşünürdüm ki, insan özüylə danışanda ürəyində yoxsa, başqa yerində danışır. Sonradan bildim ki, insan nə ürəyində, nə də beynində danışır. Heç yumulmuş ağızda sakit dayanmış dilin də bura aidiyyatı yoxdur. İnsan özüylə gözlərin arxasından burun dəliklərinin çıxdığı yerə qədər qövsari uzanan zolaqda danışır. Dil isə tərpənməyə meyillidir. Bu sevgidir.

Başqa adla desək, bu proses sevginin insana gətirdiyi haldır. Sevərkən insanın mədə-bağırsaq sistemi qarışıq zonada hiss etdiyi yarıac toxluğu da nəzərə alsaq, sevgi – qarın nahiyyəsindən başlayan daşlaşmanın hulqumu ağıza gətirmək hadisəsidir.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений