Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

NATO Rusiya ilə Ukraynada toqquşur: Bütöv bir ölkə təhlükə altında



NATO-nun sabiq baş katibi Foq Rasmussen Rusiya ilə ciddi qarşıdurmaya səbəb ola biləcək açıqlama verib. Hazırda Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri vəzifəsini daşıyan F.Rasmussen NATO-nun 20 min nəfərlik silahlı qüvvəsinin sülhməramlı missiya ilə Donbasa yerləşdirilməsini təklif edib. Onun sözlərinə görə, belə bir addımın atılması Ukraynanın şərqində sülhün təmin olunmasına şərait yarada bilər. Rusiya prezidenti Vladimir Putin isə sülhməramlı qüvvələrin BMT-nin mandatı və məhdud səlahiyyətə malik formada təşkil olunmasını təklif edir. 
 

20 min nəfərlik NATO hərbçisi Ukrayna ərazisinə daxil olarsa, Rusiyanın bu hadisəyə sərt reaksiya verəcəyi şübhə doğurmur. Çünki rəsmi Moskva NATO-nin Yaxın Şərqə doğru genişlənməsini milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. İndi isə Alyansın güclü sayda silahlı qüvvələrinin sülhməramlı mandatla olsa belə, Rusiya ilə sərhəddə yerləşməsi bölgədə siyasi və hərbi qarşıdurmanı yeni mərhələyə keçirə bilər. Üstəlik, NATO-nun bitərəf beynəlxalq təşkilat deyil, ABŞ başda olmaqla Qərbin konkret geostrateji təhlükəsizlik maraqlarına xidmət edən bir qurum olduğunu nəzərə alsaq, Moskvanın Rasmussenin təklifi ilə razılaşacağı inandırıcı görünmür. 

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbə və Ukraynaya xəbərdarlıq xarakterli mesaj ünvanlayıb. O, bəyan edib ki, Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq. 

Siyasi müşahidəçilərin fikrincə, Suriya ərazisindəki müharibədən qalib çıxan Rusiyanın Şərqi Avropada və Ukraynda NATO-ya, o cümlədən, ABŞ-a qarşı müqavimətinin fəallaşacağı gözlənilir. Rusiyanın NATO üzvü olan Türkiyə ilə müttəfiqlik münasibətləri qurması rəsmi Moskvanın Yaxın Şərqlə paralel, Qara dəniz regionunda mövqelərini gücləndirib. Eyni zamanda, Putinin mart ayında keçiriləcək prezident seçkilərində gözlənilən qələbəsi Qərbə qarşı hazırkı siyasi kursun davam edəcəyini göstərir. NATO isə Ukrayna ərazisinə daxil olmağa cəhd edərsə, bu həm hərbi, həm də diplomatik müstəvidə gərginliyin artmasına gətirib çıxara bilər. 

NATO Əməkdaşlıq Şurasının rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Rasmussenin qeyd edilən təklifi gözlənilən idi. Politoloq hesab edir ki, əslində, bu NATO-dan daha çox ABŞ -ın planıdır:

“Rusiya Donetskdən və Luqanskdan geri çəkilsəydi və həmin bölgələrdə separatçı rejimlər yaratmasaydı, sadəcə, Krımda qalmaqla kifayətlənsəydi, NATO belə bir addım atmayacaqdı. Əgər bu gün Rasmussen belə bir təkliflə çıxış edirsə, bu o deməkdir ki, artıq Donbas da Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə kimi işğal olunub və dondurulmuş münaqişəyə çevrilib. Həmin ərazilər geri qaytarıla bilmədiyi üçün NATO-nun sabiq baş katibi də belə bir təkllif irəli sürüb. 

Deməli, NATO-nun qoşunu sülhməramlı kontingent adı altında Ukraynanın şərqinə yerləşəcək. Problemin həllinə dair 2015-ci ildə yaradılmış Minsk formatı isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu kimi ciddi fəaliyyət göstərmir. Bu səbəbdən, Amerika NATO qoşunlarını münaqişə bölgəsinə yerləşdirəcək. Donbas Rusiyanın işğal altında qalacaq və heç vaxt tanınmayacaq. Ukaynanın digər əraziləri, o cümlədən, Odessa, Macarıstanla sərhəddəki qərb bölgəsində isə ABŞ-ın NATO-dakı qüvvələri yerləşdiriləcək. Gürcüstandan sonra Ukraynanın NATO-ya inteqrasiya prosesi sürətlənəcək. Lakin tərəflər arasında açıq müharibə gözlənilmir. Sərhəddə atəşkəsin pozulması isə baş verəcək. Rusiya özünün müdafiə məqsədilə Avropa sərhəddində hava hücumundan və raketdən müdafiə sistemləri qura bilər. Hətta Baltik və Polşa illə sərhəddə hərbi təlimləri də gücləndirəcək. Rusiya 2018-ci ildə gizlin kod adı “Baltikyanı ölkələrin və Polşanın işğalı” olan irimiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır. Görünür, Amerika da həmin təlimə görə, Rusiyanın bütün Avropa ilə sahilboyu sərhədləri boyunca yerləşdirmək istəyir. Rusiyanın Türkiyə ilə yaxınlaşması və Türkiyədəki xaosun bitirilməsi də həmin planın tərkib hissəsidir”.

Müşfiq Abdulla

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений