Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Özümüzə kəsdiyimiz fətva




Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm –
Öz ana dilini bilməyənlərə!

(Tofiq Bayram)

Bu gün Beynəlxalq Ana Dili günüdür. UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Bu gün dünyada öz ana dilində təhsil almaq, yazıb-yaratmaq hüququ olmayan yüzlərlə xalq var.  Onlardan biri də İranda yaşayan soydaşlarımızdır. Bu dövlətin qurulmasında, sərhədlərinin genişlənməsində, müdafiəsində böyük rol oynamış Azərbaycan türkləri öz ana dilində təhsil hüququna malik deyillər. İranda 150 minlik erməni icmasının öz ana  dilində universiteti, televiziyası, bir neçə yazılı mətbuat orqanı var. Ancaq İrandakı şovinist rejim ana dilində yazıb-oxumaq hüququnu Azərbaycan türklərinə çox görür. 

İran ideoloqlarının əsas tutalqası da budur: “İranda yaşayan azərbaycanlılar öz ana dilində yazıb oxumaq istəmirlər, fars dilini sevirlər”. Din pərdəsi altında gizlənmiş İran mollaları türk dilini aşağılamaq, fars dilini yüksəyə qaldırmaq üçün uydurma fətvalar da verirlər. Məsələn, iri şəhərlərdən birinin imamı cümə xütbəsində deyibmiş: “Fars dili cənnət, türk dili cəhənnəm dilidir”.

Maraqlıdır ki, son illər İran ideoloqlarının sözlərini Bakıda tutuquşu kimi təkrarlayan soydaşlarımızın sayı da artıb. İndi artıq “İran 35 milyonluq Güney Azərbaycan türklərinə ana dilində təhsil hüququ verməlidir” tələbinin qarşısına molla rejiminin sözünü danışan özümüzünkülər çıxır.

Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikası, onun milli düşüncəli ziyalıları, demokratik təşkilatları ana dili, milli kimlik davası aparan Güney Azərbaycan türkləri üçün istinad nöqtəsi sayılırdı. Güneydəki Milli Hərəkat Quzeyə boylanır, buradan ilham, enerji, ideya alırdı. Son illərin müşahidəsi göstərir ki, artıq Quzey Güney üçün öz cazibəsini itirir. Çünki Azərbaycan Respublikasının özündə ana dilinə münasibət heç də ürəkaçan deyil. Hələ də bir sıra nazirliklərdə, dövlət və özəl şirkətlərdə, banklarda əməkdaşlar insanlara rus dilində ünsiyyət saxlayır, ana dilinə sayğısızlıq göstərirlər. Ən təəccüblüsü bir zamanların alovlu MİLLƏTÇİLƏRİ, VƏTƏNPƏRVƏRLƏRİ övladlarını Azərbaycanda “sevə-sevə” qorunub saxlanan rus bölmələrinə qoyurlar. Biz öz dilimizi bəyənmir, övladlarımıza rus dilində təhsil veririksə, onda İran hökumətinə “soydaşlarımıza türk dilində təhsil hüququ ver” deməyə mənəvi haqqımız yoxdur.

Yeri gəlmişkən, qonşu Gürcüstanda orta və ali təhsil heç də bizdən zəif deyil. Ancaq orda Sovetdən qalma rus bölmələri ləğv edilib. Keçmiş Sovet respublikalarından Baltikyanı ölkələrdə, Ukraynada rus bölmələri artıq yoxdur. Bizdə bir sıra valideynlər övladlarını rus bölmələrinə məhz keyfiyyətli təhsil arzusu ilə yazdırırlar. Gənc nəslin keyfiyyətli təhsil alması lazımdır, hətta çox vacibdir. Ancaq bunun tək yolu uşaqlarə rus bölməsinə yazdırmaq deyil! Türkiyədə rus bölməsi yoxdur, orda təhsil keyfiyyətsizdirmi? Türk universitetləri dünyanın keyfiyyətli təhsil verən aparıcı, nüfuzlu ali məktəbləri ilə bir sırada dayanır. Rus dili ötən əsrin 60, 70, 80-ci illərində dünyada işlək dil olub. Ancaq SSRİ-nin dağılması, Rusiyanı zəifləməsi ilə rus dili də mövqelərini itirib. Rus dilini öyrənmək eyib deyil, kimsə buna qarşı çıxmır. Söhbət ayrıca rus bölməsinin saxlanmasından gedir. Rus dili dünyanın qabaqcıl elm, texnologiya dili deyil. Bu statusda ingilis dilidir. O məntiqlə Azərbaycan ingilis bölmələri fəalliyyət göstərməlidir. Azərbaycan gəncləri ingilis, alman, yapon, Çin dillərini öyrənsələr, bu dildə ali təhsil alsalar daha yaxşı olar, nəinki Sovetdən qalma ənənə ilə rus bölmələrində oxusalar.

Təhsil sistemində rus bölməsinin saxlanması həm də milli təhlükəsizlik məsələsidir. Sirr deyil ki, rus bölməsinin şagirdlərində Azərbaycanın müstəqilliyi şüuru, ana dilinə sevgi o qədər də güclü olmur. Onlara “Velikorus” sevgisi aşılanır, rus dövlətçiliyini, rus ədəbiyyatını, rus ziyalılarını sevdirirlər. Azərbaycanda (əsasən iri şəhərlərdə) təxminən 150 minlik rus dilli icma var. Onlar hələ də keçmiş SSRİ nostalgiyası ilə, Moskvadan idarə olunan böyük dövlətin yaranacağı inancı ilə yaşayırlar. Kremlin keçmiş Sovet dövlətlərini bir çətir altına yığma “projesi” olan Avrasiya İttifaqı, Vahid Gömrük Təşkilatı kimi neoimperiya layihələrini də ən çox dəstəkləyən, arzulayan onlardır.

Elman Cəfərli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений