Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zərdab sakinləri bələdiyyədən narazıdır - Şikayət



“186 hektar torpaq sahəsinin təmənnasız icarəyə verilməsi və buna görə icarə haqqının alınmaması  konkret cinayət əməlidi”

“Əzizovlar Çallı bələdiyyəsinə indiyə qədər heç bir  icarə haqqı ödəməyib”

Zərdab rayon Çallı kənd sakinləri Mehman Məmmədov və Fərrux Məmmədov “Cümhuriyət” qəzetinin redaksiyasına şikayət məktubu göndəriblər. Onlar kənd bələdiyyəsin fəalliyyətində narazılıq edirlər. Yazırlar ki, Çallı bələdiyyəsinin sədri Rafiq Umudov baş verən qanunsuzluqlara göz yumur:

“Zərdab rayon Çallı bələdiyyəsinin sədri Rafiq Umudov vəzifəsinin icrasını ya bilmir,  ya da bilirsə, qəsdən qanunsuzluğa yol verir ki, nəticədə də dövlətə, kənd sakinlərinə külli miqdarda ziyan dəyir. Belə ki, Zərdab rayonu Çallı bələdiyyəsinə məxsus olan 186 hektar torpaq sahəsi qurum tərəfindən keçmiş sədr Əzizov Əyyub Fəzli oğluna, onun oğlanları Babək və Çingizə uzun müddətli icarəyə verilsə də onlar tərəfindən indiyə qədər heç bir icarə haqqı ödənilməyib.Həmin bələdiyyə torpağının 50 hektarı Əzizov Əyyub Fəzli oğluna, 86 hektarı Əzizov Babək Əyyub oğluna və 50 hektarı isə Əzizov Çingiz Əyyub oğluna təxminən 15 il əvvəl uzun müddətli icarəyə verilib. Əyyub Əzizov və onun oğlanları 186 hektar torpaqdan istifadəyə görə Çallı bələdiyyəsinin büdcəsinə indiyə qədər icarə haqqı ödəməsələr də Çallı bələdiyyəsinin sədri Rafiq Umudov bu barədə heç bir qanunu tədbir görmək istəmir. Hansı ki, qanuna əsasən icarə müqaviləsinin şərtlərinə görə bələdiyyə ilə vətəndaş arasında bağlanmış icarə müqaviləsinin öhdəliyi icarəçi tərəfindən pozulduqda həmin müqavilə icarəverən tərəfindən dərhal ləğv edilməlidir”.

“Bu pulla Çallıda çoxlu abadlıq işləri görmək olardı”

Şikayətçi iddia edir ki, torpağı qanunsuz olaraq icarəyə götürən şəxs, öz növbəsində həmin ərazini üçüncü şəxsə icarəyə verib:

“Ancaq Çallı bələdiyyəsinin sədri Rafiq Umudov heç bir qanunu tədbir görmək istəmir. Çünki onun bu qanunsuzluqda birbaşa marağı var. Qeyd edim ki, 186 hektar torpaq sahəsini Çallı bələdiyyəsindən icarəyə götürüb icarə haqqı ödəməyən Əzizovlar ailəsi həmin torpağı başqasına üçüncü şəxsə icarəyə verib pul alırlar. Çallı bələdiyyəsinin torpağının bir hektarının illik icarə haqqı 20 manat edir ki, bu hesabla 15 il müddətində 186 hektar torpaq sahəsinin icarə haqqı külli miqdarda vəsait deməkdir. Ancaq Əzizovlar ailəsi 186 hektar torpaq sahəsinin icarəsinə görə Çallı bələdiyyəsinə indiyə qədər icarə haqqı ödəməyib. Hansı ki, bu pulla Çallı kəndində bir çox abadlıq və digər işlər görmək olardı. Bu pulla həmin yolu düzəltmək olardı. Qeyd edək ki, Əzizov Əyyub Fəzli oğlu 2010-2015-ci illərdə Çallı bələdiyyəsinin sədri vəzifəsində işləyib. Korrupsiya əməllərinə görə onun barəsində cinayət işi başlanılb məhkəmənin hökmü ilə məhkum edilib. Bu cinayət əməlinə görə o vəzifədən kənarlaşdırılıb. Çallı kəndinin əhalisi maldarlıqla və əkinçiliklə məşğul olmaq üçün torpaq qıtlığı yaşamalarına baxmayaraq Əzizovlar ailəsinə 186 hektar torpaq sahəsinin bələdiyyə tərəfindən təmənnasız icarəyə verilməsi və buna görə icarə haqqının alınmaması özü konkret cinayət əməlidir. Pambıqçılığın inkişaf etdirilməsi üçün ölkə prezidentinin xüsusi tapşırıqlarından sonra rayonlarda pambığın əkilməsinə start verilib. Nəticədə kəndlilərin rifahı daha da yaxşılaşıb. Ancaq Çallı kənd sakinləri torpaq tapmırlar ki, pambıq əkib-becərib dövlət büdcəsinə töhfə versinlər. Bu neqativ mənzərənin səbəbkarı isə işinin öhdəsindən gələ bilməyən Çallı bələdiyyəsinin sədri Rafiq Umudovdur. Hansı ki, bələdiyyə sədri Əzizovlar ailəsinə verilmiş 186 hektar torpaq sahəsinin icarə haqqını ödəmədikləri üçün icarə müqaviləsini dərhal ləğv edib həmin torpaq sahəsinə pambığın əkilməsi üçün biz kəndlilərə icarəyə verməlidir. Biz pambıq əkmək istəyirik, ancaq bu arzumuzu həyata keçirməyə bələdiyyə sədri imkan vermir. Qeyd edək ki, keçmiş bələdiyyə sədri Çingiz Əyyubova Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Məmmədov himayə edir. Ramiz Məmmədov isə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun xalası oğludur. Dəhşətlisi isə budur ki, Ramiz Məmmədov yazıb-oxumağı bacarmadığı halda icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir. Ramiz Məmmədovun qorxusundan Çallı bələdiyyəsinin sədri Rafiq Umudov 186 hektar icaarəyə verilmiş torpağa görə Çingiz Əyyubovdan icarə haqqı ala bilmir”.

Şikayətçilər torpaq icarəsi haqqında qanuna xatırlatma edib:

“Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.

Həmin qanunun 19-cu maddəsinə əsasən icarəçi icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etməli, icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Həmin qanunun 23-cü maddəsinə əsasən İcarəçi torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir”.

Şikayətçilər sonda problemin həlli üçün ölkə prezidentinə müraciət ediblər: 

"Xahiş edirik ki,  komissiya təşkil edilsin, yerində araşdırma aparılsın. Cinayət əməlləri ilə məşğul olan şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülsün. Əzizovlar ailəsinə Çallı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 186 hektar topağın icarə müqaviləsinin şərtləri pozulduğu üçün həmin icarə müqavilələri ləğv edilsin. Həmin torpaq sahəsində pambıq əkilməsi üçün biz kənd sakinlərinə icarəyə verilməsinə, bu qanunsuzluğa şərait yaradan Zəradab RİH-nin şöbə müdiri Ramiz Məmmədovun və göz yumub şərait yaradan Çallı bələdiyyəsinin sədri Rafiq Umudovun barəsində qanunu tədbirlər görülsün”.

P.S Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

“Cümhuriyət”








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений