Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Laboratoriya siçanı



29 yaşım var. Bu yaşda həyat haqqında gəldiyim qənaətin nə qədər doğru, nə qədər yalan olduğunu bilmirəm. Əlbəttə, 29 yaşında həyatın təqdim etdiyi milyon çeşid həzzə qapılıb mənasız yerə cavabı olmayan suallara baş yormaq yerinə, çiyinlərini əksəriyyətin dördnala keçdiyi həqiqətlərin ağırlığı altına verib dizlərinə qədər yerə çökmək bu yaşda olan insan üçün ən böyük bədbəxtlikdir. Mən indi bu haqda düşünmək yerinə gecə barlarında, restoranlarda, pivəxanalarda, gizli kazinolarda, yüngül xasiyyət qadınların arasında yaşayıb həyatın bu ağırlığını əxlaqsızca yüngülləşdirə bilərdim. Lakin hansısa güc məcburi, ya zəruri şəkildə itələndiyim bu çərçivədən kənara çıxmağa qoymur. Özümü kənara itələyə biləcək yeganə güc olan beynim də həmin çərçivəyə kilidlənib və nəticədə hər gün cavabsız suallarla beynimi yorub daxilimdə getdikcə şiddətini artıran təlatümün basıcı təzyiqilə özümü öz bataqlığımda batırıram. Bəli, mən öz bataqlığımdan çıxa bilmirəm. Mən batıram...

Mümkündür ki, 29 yaşda ovqat halına tez-tez düşdüyüm üçün bir neçə ildən sonra - daha tutarlı nəticələrə gəlib çıxanda indiki vaxtda həyat haqqında gəldiyim qənaət öz ciddiyyətini itirəcək. Amma bütün hallarda bu məsələ ətrafında düşünmək bütün dövrlərdə çətin olub.

Digər yandan, bir gün daxili hesablaşamalar başlayırsa, bu prosesi başladan bir hadisə mütləq baş verir. Bu, hansısa qadına duyduğun düşkünlük- hansı ki, biz bu düşkünlüyün adını yalnış olaraq “sevgi” qoymuşuq, halbuki, bunun adı özünə olan hörməti yox edən düşkünlükdür- bəli, hansısa qadına olan düşkünlük, yaxud, yaşadığın cəmiyyətin sosial və iqtisadi vəziyyətinə adekvat olmayan çiyinlərinə yüklədiyin məsuliyyətin ağırlığı-ailə məsuliyyəti, ətrafdakı insanlarla anlaşılmazlıqlar, ya da şüursuzcasına özünü inkişaf etdirmək məqsədilə oxuduğun bədii, fəlsəfi kitablar, bunaoxşar sənətlərin digər növlərinin ortaya çıxardığı xəyalpərəstiklə özünü göstərməyə başlayır. Sadalanan bu şeylər həyatın ağır məsuliyyətlərindən qaçış üçün insanı zorakı xəyalpərəstə çevirmək gücündədir. Lakin ifrat xəyalpərəstilik də -bu, istər zorakı, istərsə də könüllü şəkildə olsun, bütün hallarda insanı öz bataqlığına sürüyür.

İnsanın daxili hesablaşmalarına gəlincə, indi şikayət etmək dəb deyil. Çünki indi istər əks təbliğatın, istər reklamların, istərsə də sosial şəbəkələrin təsiri altında heç nəyi vecinə almayaraq sıtıqca, əxlaqsızca irişənlər çoxluq təşkil edir. Əlbəttə, indi ciddi düşüncə adamları böyük bir imperiyanı təşkil edən 1 milyardlıq millət içində kiçik etnik qrup kimi görünür. Tarixin bütün dövrlərində bu belə olub. Lakin tarixin heç bir dövründə həyat haqqında düşüncələr bu qədər az müzakirə edilməyib. Əgər vaxtilə ciddi düşüncə adamları dövrlərindəki cəhalətlə ortaya çıxmış əxlaqsız nizamı dəyişmək üçün öz tərəflərinə 5-10 nəfəri çəkə bilirdilərsə, bu gün həmin ciddi düşüncə adamlarının əsərləri hansısa təbliğatın təsiri altında özlərini göstərmək, yaxud özünüsübut üçün mütaliə edilir.

Əlbəttə, “həyatın ciddi tərəfləri” deyəndə, bu, mənim özümə də gülməli gəlir. Çünki bununla nəyi sübut etməyə çalışdığımı özüm də bilmirəm. Şübhəsiz ki, bu da mənim özümüsübut yaxud, məni çoxlarının qaçdığı bu çərçivəyə qovub salanlara özümü göstərmək üçün əl atdığım vastədir. Yəni, özümü aldatmaq yolu ilə özümü göstərməyə cəhd edirəm. Lakin bütün hallarda varlıq problemi aktual olub. “Biz niyə varıq?”, “Yaradan niyə var, niyə yaradıb?”, “Həyat niyə var?” və s. kimi bayağı görünən məsələlər ətrafında milyonlarla qatı açılmamış nəzəriyyələr olsa da, bu məsələnin məntiq qatını açmaq insan düşüncəsinə görə deyil. 

İnsan elə bir fövqəltəbii güc deyil ki, hər şeyi xırdalığına qədər açıb həyatın niyə olduğunu sübut edə bilsin. Amma burada mənə görə dəqiq olan fakt budur ki, istər elm, istər incəsənət, istər ədəbiyyat, istər mədəniyyət olsun, hər şey, amma hər şey insanın özünü göstərmək, özünü sübut etmək prosesində ortaya çıxıb. Çünki daxili hesablaşmalar başlayan kimi insanın özünə hörməti itir. Özünəhörməti itirən insanın özünəinamının olması mümkün deyil. Buna görə də özünü göstərə biləcək vasitələrə əl atır. 

Beləliklə, daxili hesablaşmalar insanı öz içinə qapadıqca, kənardan güclü xarakter kimi görünməyə başlayır. Amma həmin güclü insanı yıxmaq üçün birinin qəfil ortaya çıxacağı da şübhəsizdir. Əgər bu insan kişi cinsidirsə, bir qadın ortaya çıxıb iliyinə qədər bu kişini sovurub, dəfələrlə yerə çırpıb kənara çəkiləcək. Əgər bu qadın cinsidirsə, o, daxili hesablaşmalara yer vermək yerinə, yenə də məhv etmək üçün güclü kişi axtaracaq. Şübhəsiz ki, bir az səylərdən sonra tapır və istər psixoloji, istər mənəvi, istərsə də fiziki olsun, darmadağın etdiyi bu kişinin xarabalığına qələbə bayrağını sancıb bayramını qeyd edir.

Qadınların güclü kişilərə qarşı niyə bu qədər qəddar olmasına gəlincə, heç bir qadın bir kişi qədər cinslərarası münasibətlərdə azadlığın nə olduğunu bilmir. Haqlı olaraq ciddi düşüncə adamları bu məsələ ətrafında o fikri müdafiə edirlər ki, istənilən kişi bu azadlığı istənilən qadınla yaşaya bilirsə, bir qadın bundan məhrumdur. Buna görə də istisna hallarda bu dadı tapa bildiyi kişilərə də qənim kəsilirlər ki, bu nadir tapıntını itirməsinlər. Əslində bu, kişilərə yox, qadınların öz cinslərinə olan münasibətdir. Heç bir qadın heç bir kişini qısqanmır, öz həmcinslərini, daha doğrusu, öz həmcinslərinin güclü kişilərdən aldığı azadlıq hislərini qısqanırlar. Bir qadın digər qadın üçün tarixin bütün dövrlərində təhlükə mənbəyi olub. İndi də elədir. Bu baxımdan, əsrlərdir kişilər bir qadına xüsusi diqqətlə onun ürəyinə yol tapa biləcəyi yalanına özlərini inandırıblar. Daha doğrusu, qadınlar kişiləri bu yalanlarına inandırıbılar. Nə qədər ideal sayılacaq bir bağlantı və sevgiylə qadını özünə tərəf çəkə biləcəyinə inanmaq axmaqlıqdırsa, bu məsələ də bu tipdən olan bir şeydir.

Lakin qadınlar kişilərdən ağıllıdırlar. Əgər özləri haqqında müəmma yarada bilib, əsrlərdir özlərinin “müəmmalı tərəflər”ini kişilərə müzakirə etdirə biliblərsə, bu, kişi tamahı ucbatından baş verir. Həqiqətdə isə müzakirə ediləsi bir məsələ yoxdur. Sadəcə kişilər bütün qadınlara qarşı tamahkardırlar, qadınlar da xədim olmayan güclü kişilərin şəhvi həzz azadlığına qarşı tamahkardırlar.

Amma indi elə bir dövrdür ki, bu və digər kimi məsələləri müzakirə etməyə cəhd edənlərin sözlərini ağızlarına təpirlər. Çünki bayaq da qeyd etdiyimiz kimi, həyatı yüngül yaşanlar həşarat ayaqları kimi hər yerdə qaynaşırlar. Belələri heç vaxt biri-birilərinə mane olmurlar. Belələri həmişə həyatı ağır-ağır gedənlərə badalaq vurub yıxırlar. Necə ki, hərəkətdə olan dəniz onu həmişə sahildə gözləyən qaya üçün təhlükəli olub, gündə rəngdən rəngə girən bu insan növləri də ağır yerişlilər üçün problem yaradıblar. Belələri əzab çəkmirlər. Əzab çəkmək böyük cəsarət tələb edir. Bu götür-qoy, içindən çıxa bilməyəcəyin daxili hesablaşma, gərginlik tələb edir. Həyatın həqiqətləri üzərində dördnala qaçanlar isə özlərini xırda şeylərlə də xoşbəxt edə bildiklərini düşünürlər, lakin həyat qocalmağa üz qoyanda, sıradan bir insan kimi öləcəklərindən qorxmağa başlayırlar. Yaddan çıxmamaq üçün yadda qalan vəsiyyətlər edirlər, övladlarını başlarına yığmağa cəhd edirlər və s. 

Belələri yaşamaqdan həmişə qorxublar. Amma yanlış yerə əsrlərdir insanları o fikirə inandırıblar ki, özlərini həyatın həqiqətləri altında əzib həmişə intihar havasında olanlar həyatdan qorxurlar, zəifdirlər. Bu, belə deyil. Çünki həyat həqiqətlərini göstərmək üçün az da olsa, öz qapısını onlar üçün aralayır və daxili hesablaşmaların nə qədər mənasız, sonsuz olduğunu göstərir. Məhz bu şeyləri dərk etmək müqabilində belə yenə də əzablara qatlanmaq böyük cəsarət və ərdəm tələb edir. Digər növdən olan insanlar isə həmişə əzab çəkməmək üçün bu şeylərdən qaçırlar, ölənədək həyatdan həzz almağa çalışırlar.

Lakin həyatı təkcə qadın - kişi münasibətlərinin müəyyən etdiyini də demək axmaqlıqdır. Amma günümüzdə fəlsəfə, ədəbiyyat və digər elmlərin müzakirə mövzusu olmadığına görə olsa belə, daha çox məişət səviyyəsində olan məsələlərə dair mülahizələrin yürüdüldüyünü nəzərə alsaq, ilk növbədə məişət səviyyəsindəki bu məsələlərin həyatı ağırlaşdırmasına imkan vermək lazım deyil. Amma burada bir az mozaxist də olmaq mümkündür. Əgər bu məişət səviyyəsindəki məsələ təcrübə qazanmaq, belə desək, fikir təşviqini gücləndirməyə təkan verəcəksə, ən xırda məsələni də şişirib hədəqəsindən çıxarmaq olar. Əlbəttə, bunun üçün ətrafda kifayət qədər vecsiz insanlar var. İstənilən vaxt onları beyin laboratoriyasına salıb təcrübə siçanları kimi istifadə etmək mümkündür. Amma bir məsələ də var ki, həddən artıq həssas insanlar bəzən təcrübə adına bu işlə məşğul olsalar da, son nəticədə özlərinin qazdıqları quyuya düşüb oradan da öz bataqlıqlarına sürünürlər. Yəni, ara-sıra hislərə qapılıb özünü itirmək olar, lakin bunun özünə olan hörməti itirməsinə icazə vermək həyati təhlükə kəsb edir. İntihara qədər yolu var...

Amma bir məsələ də var ki, əgər insan yaratmaq adına həyat haqqında ciddi düşüncələrə dalacaqsa, özünü də laboratoriya siçanı kimi istifadə etməsi məqsədəuyğun ola bilər. Bu, özünə olan hörməti itirsə də, onu düşünmək lazımdır ki, bütün insanlar öz içlərində hansı yuvanın quşları olduqlarını bilməklə yanaşı, nə qədər də axmaq olduqlarını da dərk edirlər. Əlbəttə, hər insan eqoistdir, hər insan özünə və öz həzz orqanlarına, öz mədəsinə, dişlərinə düşkündür. Bu düşkünlük bir çox hallarda başqalarını məhv etməyə qədər aparır. Buna görə də heç nədən utanmaq lazım deyil. Həyatın ciddi tərəflərinə çatıb öldükdən sonra heç nəyə yaramayan övladlarına, mənasız nəsihətlər yerinə, ciddi fikirlərlə yadda qalmaq daha yaxşıdır. Yəni, aləmin biri-birinə dəydiyi vaxtda məqsəd özünü sübut etməkdirsə, daha ciddi işlərin qulpundan yapışmaq lazımdır. Bu, bir az çox əclaflıq tələb edir. Amma digər insanları da unutmaq lazım deyil ki, digərinə önyarğılı olan insanların hamısı da ən az onun qədər axmaq və əxlaqsızdır. Eqoistdir. 

Həyatdan istək və gözlənti olaraq, heç kəs başqasından fərqli deyil. Fərqli olan yeganə şey, yalnız ciddi düşüncələr əldə edib başqalarını öz yanında axmaq kimi hiss etdirməyə nail ola bilməkdir. Əlbəttə, bu seksdə yaşanılan həzdən daha çox həzzverici duyğudur. Əgər bir seks insanın cinsi orqanlarını oxşayırsa, əksəriyyətin öz yanında axmaq olduğu həzzini istənilən saat, istənilən an yaşamaq olar. Bu, beyində yaşanılan həzdir. Kobud dildə ifadə etsək, ciddi düşüncə və bunları ifadə edəcək ciddi cümlələr həzz ala bilmək üçün əlinin altında həmişə soyunmuş halda gözləyən fahişədir. Əgər bunu əldə edə bilirsənsə, digər həzzverici vasitələr öz ayaqları ilə arxanca gələcəklər.

Amma həqiqətlərin nəliyindən asılı olmayaraq, insan özünü xilas etməyə çalışmalıdır. Çünki bunu etməsə, dabanlarına tüpürüb hər şeydən qaçanların ayaqları altında əzilib uzunmüddətli canvermə prosesindən sonra məhv olacaq. Yenə də qərar verərkən ehtiyatlı olmaq lazımdır. Çünki bir yerdən sonra istedad da, yarada bilmək gücü də, digər vasitələr də xilas etmək gücünü itirirlər. Buna uyğun olaraq da insan öz daxilində öz cazibəsini itirdiyini düşünür və bu, kənardan hiss edilməsə də, həmin daxili gərginlik gözlənilmədən həyata son qoymaq üçün həmişə insanın öz beyninə tuşlanmış tapançaya çevrilir.

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений