Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Diktator təslim oldu: “İkinci Reyqan Planı” icrada



Ağ Ev ABŞ prezidenti Donald Trampın Şimali Koreya diktatoru Kim Çen Inla görüşəcəyinə dair məlumatı rəsmən təsdiq edib.  Bu barədə açıqlamanı Ağ Evin mətbuat katibi Sara Sanders verib. 

“Tramp Kim Çen Inı müəyyən edilmiş yerdə, müəyyən olunmuş vaxtda qəbul edəcək. Biz Şimali Koreyanın nüvəsizləşməsini səbirsizliklə gözləyirik. Həmin vaxta qədər bütün sanksiyalar və ən güclü təzyiqlər saxlanılmalıdır”-Sanders belə deyib. 

Qeyd edək ki, Cənubi Koreya prezidentinin müşaviri Çon Iy Yon bundan əvvəl Vaşinqtonda jurnalistlərə verdiyi açıqlamada KXDR  liderinin Koreya yarımadasının nüvəsizləşdirilmə məsələsini ABŞ prezidenti ilə may ayına qədər müzakirə etməyə hazır olduğunu deyib. 

Xatırladaq ki, ötən həftə Pxenyanda Kim Çen In Cənubi Koreya administrasiyasının nümayəndə heyəti ilə keçirdiyi görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiq olduğunu təsdiqləyib.  

Kim Çen In bildirib ki, Şimali Koreya rejiminin və dövlətinin təhlükəsizliyinə zəmanət verməsi, həmçinin  hərbi təhdidlərin olmaması üçün nüvə silahına sahib olmağa heç bir əsas yoxdur.
Bütün dünyanı qorxu içində saxlayan davranışı  ilə tanınan Şimali Koreya rəhbərinin  gözlənilmədən ABŞ-la danışıqlara hazır olduğunu bəyan etməsi böyük rezonansa səbəb olub. Çılğın hərəkətlərilə seçilən Kim Çen Inın bu addımı Donald Trampın müharibəyə başlamaq qərarı qarşısında geri çəkilməsi kimi də şərh oluna bilər, ABŞ-ın sanksiyalarını yumşaltmaq üçün vaxt qazanmaq məqsədi də daşıya bilər. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri  Fərrux Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki,  Şimali Koreyanın uzun illərdir üzləşdiyi embarqolar Kim Çen In rejimini vəziyyəti nəzərə almağa vadar edib. Eyni zamanda, ABŞ-ın Rusiyanın hərbi-sənaye komleksinə və silah satışına tətbiq etdiyi qadağalar Şimali Koreyanı  özünün nüvə siyasətinə yenidən baxmaq məcburiyyətində qoyub:

“Şimali Koreya nə qədər güclü, diktator bir rejim olsa da, yaranmış vəziyyəti anlayır. Artıq Şimali Koreyada xalqın hakimiyyətə olan inamı tükənib. Orada aclıq çox yüksək həddə çatıb.  Amerika kəşfiyyatı da bununla bağlı çox ciddi məlumatlara malikdir. Kim Çen In da başa düşür ki, Birləşmiş Ştatlarla aparılacaq hər hansı müharibə yalnız özünün hakimiyyətinə deyil, bütövlükdə Şimali Koreya dövlətinin mövcudluğuna son qoya bilər. Ona görə də Kim Çen Inın görüşmək təşəbbüsü öz varlığını qoruyub saxlamağa xidmət edir. Görüşlə bağlı hər hansı qəti proqnoz vermək çətindir. Çünki həmin vaxta qədər siyasi proseslər dəyişə bilər. Ancaq görüş artıq gündəlikdə var. Şimali Koreya Barak Obama dönəmində Kubadan sonra ABŞ-a tərəf dönüş edən Rusiyanın ikinci müttəfiqi olacaq. Bu, o deməkdir ki, Putin özünü Rusiyanın bütün əhatəsi boyu coğrafi mühasirəsində görəcək. Görünür, bu,  “İkinci Reyqan Planı”nın tərkib hissəsidir. Rusiyanın mühasirəyə alınması Putin üçün arzuolunan hal deyil.  Bir neçə gün öncə Rusiya prezidentinin “Nüvə silahımız var”, “Rusiyasız dünya nəyə lazımdır”, “Vurub məhv edəcəyik” mesajlarının hara ünvanlandığı artıq bəlli olur. Putin yaxşı bilir ki, heç bir dövlət nüvə silahından  istifadə etməyəcək. O, bu açıqlamasını seçkiqabağı daxili auditoriyaya ünvanlayır, digər tərəfdən, xaricdəki müttəfiqlərinə çatdırır ki, əgər siz Rusiyanı satsanız, mən də sizinlə başqa şəkildə danışacağam. Baş verənlər ABŞ-ın “İkinci Reyqan Planı”nı məharətlə həyata keçirdiyini göstərir. Lakin bu məsələdə digər mühüm məqam iki  Koreya dövlətinin birləşdirilməsi prosesinin başlanılması ilə bağlıdır. May ayından sonra Şimali Koreya ilə Cənubi Koreya arasında sərhəd-gömrük keçid məntəqəsinin  qaldırılmasına, xalqların bir-birinə inteqrasiyası və ABŞ-ın dəstəyi ilə Cənubi Koreyanın KXDR-ə iqtisadi yardımı prosesinə başlanıla bilər.  Nəticədə, Şimali Koreya Çinin iqtisadi asılılığından azad olacaq. Yəni, bu, yalnız Rusiya üçün hesablanmış bir siyasət deyil, həm də Çinin bölgədəki geosiyasi və iqtisadi nüfuzunun azaldılmasını nəzərdə tutur. ABŞ bu məsələdə Rusiya ilə yanaşı Çinə qarşı da manevr edir. Ona görə də yaxın aylarda bizi Asiya qitəsində Avropada olduğundan daha  maraqlı siyasi proseslər gözləyir”. 
 

Politoloq hesab edir ki, Koreya yarımadası və Yapon dənizi ətrafında Rusiya, Çin və ABŞ arasında gedən regional rəqabətdə balansın dəyişməsi müşahidə olunur. Kim Çen Inın görüş təklifi artıq balansın ABŞ-ın xeyrinə dəyişməsindən xəbər verir. Yəni, ABŞ Şimali Koreya problemi ətrafında Rusiya ilə yanaşı Çinə qarşı çox ciddi manevr edib və prosesdən qalib çıxmış kimi görünür. 

Qeyd edək ki, ötən ilin birinci yarısında Şimali Koreya məsələsi Tramp administrasiyasının xarici siyasətində  əsas prioritet təşkil edirdi. Lakin sonrakı mərhələlərdə rəsmi Vaşinqton daha çox Yaxın Şərq problemi, Rusiyaya və İrana qarşı sanksiyalarla məşğul olduğundan Şimali Koreyanın nüvə proqramı məsələsi arxa plana keçdi.  Lakin Donald Tramp və Kim Çen In arasında görüş baş tutarsa, Şimali Koreyanın nüvəsizləşdirilməsi ABŞ üçün ön sıraya keçə bilər. 

Fərrux Məmmədov bildirdi ki, ABŞ-ın xarici siyasət hədəflərinə Şimali Koreya ilə yanaşı, Rusiyanın müttəfiq olan rejimlər daxildir. Bu sırada Suriya, Venesuela, Braziliya, Argentina,  Qətər, Afrikanın adı çəkilir.

“Qətər Fars körfəzində İngiltərə ilə birgə hərbi təlimlər keçirməklə, ABŞ-la əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi.  2018-ci ildə milli təhlükəsizlik adı altında Fars Körfəzində davam etdiriləcək bu təlimlər həmçinin, İranın siyasi nəbzini yoxlamaq məqsədi daşıyır.  Qətər bu məsələdə Qərbin yanında olduğunu nümayiş etdirməklə, belə demək mümkünsə, Türkiyəni satdı. Yəni, rəsmi Doha vasitəçi kimi Türkiyəni deyil, İngiltərəni seçdi. Bu baxımdan, Qətər, Suriya, Cənubi Afrikadakı Rusiyayönümlü rejimlərin və Şimali Koreyanın passivizə edilməsi Tramp dönəmində yekunlaşmasa da ən azı başlanğıcı qoyulub. Görünür ki, bu da “İkinci Reyqan Planı”nın tərkib hissəsidir. Bu proseslər Cənubi Qafqazdan da yan keçməyəcək”.

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений