Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putini taxtından salacaq 50 milyard: Planda oliqarxlar da yer alıb



ABŞ kəşfiyyatına yaxın informasiya mənbələri son günlərdə bir çox dövlətlərdə baş vermiş siyasi çevrilişlərin maliyyə spekulyatoru, milyarder iş adamı Corc Sorosun Vladimir Putini devirmək üçün hərəkətə keçdiyini bildirirlər. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Sorosun başçılıq etdiyi fond planı həyata keçirmək üçün 50 milyard dollara yaxın büdcə formalaşdırıb. 

Dünyanın bir çox ölkələrində (Ukrayna, Gürcüstan, Qırğızıstan, Misir, Tunis və s.) baş vermiş “rəngli inqilab”ların arxasında dayanmış Corc Sorosa aid sənədlərin keçən həftənin son günlərində KİV-lərə sızıdırıldığı deyilir. Sənədlərdə Sorosa məxsus olan “Açıq Cəmiyyət İnstitutu”nun Avropa İttifaqı ölkələrində keçirilmiş parlament və dövlət başçısı seçkilərinə etdiyi müdaxilələr, son olaraq, 2014-cü ildə Ukraynada Viktor Yanukoviçin devrilməsi ilə yadda qalan dövlət çevrilişini maliyyələşdirdiyi sənədlərdə vurğulanır. Rusiya ilə bağlı sənədlərdə isə Putini devirərək, federasiyanın Qərbyönümlü müxalifətini gücləndirmək məqsədilə yeni müxalif güclərin meydana çıxarılmasının hədəfə alındığı diqqətə çatdırılır. Sənədlərdə ən diqqət çəkən məqam isə hazırkı baş nazir Dmitri Medvedyevə verilən dəstəkdir. Strateqlərin hansısa səbəbdən Medvedyevi Putinə qarşı dəstəklədiyi ehtimalları da geniş müzakirə mövzusuna çevrilib. Corc Sorosun bu məqsədlə Rusiya üzrə mütəxəssislərlə Nyu-Yorkda bir araya gəldiyi də iddialar arasındadır.

Mümkün həmlələr

Rusiya sənədlərində Putinə qarşı ediləcək həmlələr də yer alır. “Soros Fondu” və “Açıq Cəmiyyət İnstitutu”nun idarə heyətinin üzvləri bu məqsədlə Avropa ölkələrinə sığınmış rusiyalı oliqarxları federasiyaya qaytarmağı planlaşdırırlar. Üstəgəl, Rusiya Silahlı Qüvvələri daxilindəki vəziyyəti dəyərləndirən amerikalı spekulyatorlar bu yöndən də Vladimir Putinə hansı formada zərbə endirə biləcəklərini götür-qoy etməyə çalışırlar ki, artıq bir neçə gün əvvəl müdafiə naziri Sergey Şoyqunun istefaya göndəriləcəyi ilə bağlı KİV-lərə ilkin informasiyalar verilib. Hesab edilir ki, plandan xəbər tutan Putin Şoyqunun də bu planda yer alacağından narahatdır və bununla əlaqədar kəşfiyyat məlumatları əldə etdiyi ehtimal edilir. 

Putin ətrafında həlqə daralır

Son illərdə Rusiya ətrafında dəyişən geosiyasi vəziyyətin də Putinin əleyhinə olduğu dəqiqdir. NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi ilə Moskvanın siyasi dairəsində olan Gürcüstan, Ukrayna və Qırğızıstanda baş vermiş inqilablarla siyasi liderlər devrildi və hakimiyyətə Qərbyönümlü qüvvələr gəldi. Qırğızıstan və Gürcüstanda siyasi sabitlik dönəmi davam etsə də, Ukrayna daxilində və bu ölkə ətrafında cərəyan edən hadisələrin, bumeranq effekti ilə Rusiyaya dəyəcəyi Kremli narahat edən əsas ehtimaldır. Putinin seçkilərdən əvvəl Qərbyönümlü siyasi qüvvələrə artan təzyiqləri fonunda, ABŞ və Avropa İttifaqı ilə ortaq dil tapmaq səylərinin arxasında da Amerikada ona qarşı hazırlanan çevriliş planından hiss etdiyi qorxu dayanır. 

Putin administrasiyasının daxili və xarici siyasətini tamamilə dəyişən digər qorxu isə “Ərəb baharı” inqilabları ilə Kremlə yaxın olan şərqli diktatorların bir-bir devrilməsidir. Moskvaya görə bu inqilabların arxasında Qərb dövlətləri dayanıb. Rusiya Qərbin “rəngli inqilab tələsi”nə bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasında Liviya ilə bağlı qərar veriləndə saldı. Həmin müzakirələrdə Rusiya NATO və ABŞ qüvvələrinin Liviyaya müdaxilə istəklərinə qarşı veto qoymaq haqqından istifadə etmədi. Beləliklə, Rusiya Liviyadakı bütün dayaqlarını itirib özünü Suriya dalanına dirədi. ABŞ-ın Suriyada Rusiya üzərində tətbiq etdiyi psixoloji təzyiqlər artıq federasiya daxilində təzyiqləri yüksəldir və bu, Amerikanın Putinlə bağlı hədəflərinə çatması üçün geniş imkanlar yaradır.

Oliqarxlar hərəkətə keçir

Gizli müdaxilə variantının tətbiq edilməsi fonunda, daxildə Putinə qarşı olan siyasi qüvvələrə kənardan dəstək verilsə, bu, Putin ətrafındakı həlqəni bir qədər də daraldacaq. İngiltərədə yaşayan rusiyalı casus Sergel Skripalın rus kəşfiyyatı tərəfindən zəhərləndiyi iddiası gündəmə gəldikdən sonra Avropa dövlətlərinə sığınmış rusiyalı oliqarxlar Vladimir Putinə müraciət edərək, hakimiyyəti könüllü olaraq təhvil verməyə çağırıblar. Nəzərə alsaq ki, bu, Amerikada Putinin əleyhinə olan siyasi mexanizmin işə düşməsi vaxtına təsadüf edir, bu baxımdan, ehtimal etmək olar ki, yaxın aylarda Rusiyada siyasi sabitlik Putinə təhlükə yarada biləcək həddə qarışa bilər. Devriləcək Putinin taleyinə gəlincə, rusiyalı oliqarxlar könüllü şəkildə hakimiyyətdən getməyəcəyi halda, Putinin ömürlük həbsə məhkum ediləcəyi xəbərdarlığını ediblər. Əsas arqumentləri də budur ki, vaxtilə Putin Çeçenistandakı müharibədə 400 min insanın ölümündə məsuliyyət daşıyır.

“ABŞ ciddi rəqiblə üz-üzə qalıb”

Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Putin ABŞ üçün çox ciddi problemlər yaradır və ən əsası, Rusiyanın Vaşinqtonun qlobal siyasətinə alternativ kimi qəbul edilməsinə nail olub. Politoloq qeyd edib ki, Vladimir Putinin bu siyasəti Vaşinqtonun yanaşmasından, mövqeyindən narazı olan ölkələr, qüvvələr üçün manevr imkanları yaradır: “Rusiya həmçinin qlobal informasiya məkanında təsirli qüvvəyə çevrilib və faktiki olaraq, ABŞ-ın bu müstəvidə hegomon mövqeyini silkələməyi bacarıb. Rusiya ABŞ-ın siyasətindən narazı qüvvələrin səylərinin birləşdirilməsi, alternaiv ittifaqların, ideyaların yaranması üçün motivator rolunda çıxış edir. Prezident Putin Vaşinqton üçün çoxlu baryerlər yaradır. Amerikalılar əvvəlki dövrlərdən fərqli olaraq, daha çox müqavimətlə üzləşir, daha çox enerji, qüvvə sərf etməli olurlar. Hətta, ABŞ-ın müttəfiqlərinin belə, Vaşinqtona münasibətdə əvvəllər müşahidə etmədiyimiz cəsarətlə iddiaların irəli sürdüklərini görürük. Bütün bunlar 2008-ci ildən bəri Rusiyanın aqressiv xarici siaysət yürütməsi, “hibrid müharibə” strategiyası həyata keçirməsindən sonra baş verib. Bütün bu dəyişikliklərdə bir çox faktorlarla yanaşı, Putin amili də var”.

Zaur İbrahimlinin sözlərinə görə, Putinin hakimiyyətdən getməsi, Vaşinqton üçün çox böyük töhfə olardı:

“2008-ci ildən bəri, xüsusilə, son 4-5 ildə Vaşinqtonun prezident Putinin nüfuzunun aşağı düşməsi, ona qarşı güclü rəqiblərin meydana çıxması ilə əlaqədar fəal siyasət yürütdüyünün şahidiyik. Prezident Putinə qarşı alternativ ola biləcək, istənilən siyasi xadim və hərəkatlar, ideyalar ABŞ və Qərb ölkələri tərəfindən dəstəklənir. Hətta, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların son hədəfinin Putin və onun komandası olduğu açıq mətnlə söylənilir. Bu da şübhəsiz ki, bu cür fəaliyyətlərin görünən tərəfidir. Əlbəttə, bir də məxfi yürüdülən əməliyyatlar var. Zaman-zaman bununla əlaqədar məlumatlar aşkara çıxır. İstisna deyil ki, Putinin nüfuzuna zərbə vurulması, Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı yürüdülən siyasətə və təbliğata məxfi əməliyyatlarla da dəstək verilir. Həm də nəzərə almayılıq ki, ABŞ-ın bu sahədə çox böyük praktikası var. Bununla belə, güman etmək olmaz ki, Putinin hakimiyyətdən uzaqlaşdırılması Ukrayna, Qırğızıstan, Gürcüstandakı kimi asan olsun. Hər halda Rusiya kifayət qədər güclü dövlətdir və xarici təsirlərə qarşı çox uğurlu mübarizə təcrübəsi var. Bu baxımdan, Putinin timsalında ABŞ çox güclü rəqiblə üz-üzə dayanıb”.

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений