Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oliqarxlar milyardları prezidentin “ayağına gətirir”



Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi Moskvanı Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı (polkovnik) Sergey Skripal və qızı Yuliya Skripların zəhərləməkdə ittiham edib. “Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, parlamentdə çıxış edən xanım baş nazir rusiyalı casusa qarşı sui-qəsd planının Moskvada hazırlandığını istisna etməyib: “Artıq məlumdur ki, cənab Skripal və onun qızı Rusiyada hərbi məqsədlər üçün istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”.

Qeyd edək ki, Tereza Meydən əvvəl İngiltərənin xarici işlər naziri Boris Conson casus və qızının “sinir qazı” ilə zəhərləndiyini açıqlayıb. Skripal və Yuliyanın qəsd yolu ilə zəhərləndiklərini bildirən nazir “sinir qazı”nın hansı formada tətbiq edilməsi barədə məlumat verməyib. Lakin Boris Conson qeyd edib ki, əgər sui-qəsdin arxasında Rusiya kəşfiyyatının olduğu faktı aşkar edilsə, yeni sanksiyalar gündəmə gələcək.İngilis diplomat Rusiyanı cəzalandırmaq üçün alternativ variantlardan istifadə ediləcəyinin mümkün olduğunu da istisna etməyib.

“Kreml hesabatı”

Görünən budur ki, ABŞ-dan sonra İngiltərə və bir sıra Avropa İttifaqı dövlətləri də seçkilərə hazırlaşan Rusiyaya qarşı təzyiqləri gücləndirirlər.ABŞ-ın Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyaları sərtləşdirmək qərarından sonra Britaniyanın da bu tendensiyaya qoşulması o ehtimalı gücləndirir ki, Qərb Rusiya elitasını Putinə qarşı qaldırmaqda maraqlıdır.Qeyd edək ki, ABŞ Dövlət Xəzinəsi Rusiyaya qarşı yeni sanksiya siyahısını açıqlayıb. Siyahıda 114 rusiyalı diplomat və 96 nüfuzlu iş adamının - oliqarxın adı var. “Kreml hesabatı” adlanan siyahıda baş nazir Dmitri Medvedyev, baş nazirin köməkçisi İqor Şuvalov, Vitali Mutko, Dmitri Roqozin, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak və Putinin köməkçilərinin adları var. Hesabatda yer alan şəxslərin hər birinin 1 milyard dollardan çox sərvətlərinin olduğu bildirilir. Martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putin qalib gələcəyi halda, sanksiyaların dövlət başçısı və ailəsinədək genişlənəcəyi artıq dəqiqləşib.

Rusiya ABŞ və Avropa İttifaqı dövlətlərinin tətbiq etdiyi sanksiyalarının ikitərəfli münasibətlərə zərər verəcəyini və bunun dünyanı təhlükə qarşısında qoyduğu istiqamətində açıqlamalar verilir.Artıq Kremldə ABŞ və bir sıra Qərbi Avropa dövlətləri “Rusiyanın düşmənləri” siyahısına daxil edilib.

Rusiya təcrid edilir

Bəs, Rusiyanı iqtisadi zərbə altında saxlayan bu sanksiyaları sərtləşdirilməkdə və müddətini uzatmaqda məqsəd nədir?Əlbəttə, bu baxımdan, Putinin növbəti 7 ildə Rusiyaya başçılıq edəcəyi hələ seçkilərdən əvvəl dəqiqləşdikdən sonra Qərbdən bu həmlələrin olacağı gözlənilən idi. Məqsədin seçkilərdə seçilmək şansı yüksək olan Vladimir Putinin əlini zəiflətmək və Rusiyanı təcrid  etməkdir. Hazırkı məqamda Qərb sadəcə olaraq, Putinin komandasına daxil olan şəxsləri ifşa etməklə, buna zəmin yaratmağa cəhd edir.Həmin şəxslərin hər birinin kənarda nəhəng “off-şor iqtisadiyyat”ları var ki, bunun həcminin 1 trilyon dollardan çox olduğu bildirilir. Qərb həmin şəxslərə qarşı həmlələrini sərtləşdirməklə Rusiyanın bu elit zümrəsini Putinlə üz-üzə qoymağa çalışır ki, bunu onun yerinə alternativ ola biləcək potensial siyasi qüvvələrlə öz arasında bazarlıq vasitəsinə çevirmək niyyətində olduğuna şübhə yoxdur. Əgər həmin oliqarxların Avropa və Amerikadakı bank hesabları dondurulsa, bu, Rusiya hakimiyyəti daxilində ciddi siyasi kataklizmlərə səbəb ola bilər.

Qərb Putinin naməlum qərarları qarşısında

İqtisadçılar Rusiyanı təcrid siyasətinin ABŞ və Avropa İttifaqının özünə zərər verəcəyini əsas gətirərək, bu hücumların kəskinləşməyəcəyini iddia edirlər.Hesab edilir ki, Rusiya qlobal maliyyə sektorundan təcrid edilsə, oliqarxlar kənardakı pullarını federasiyaya qaytarmağa başlayacaqlar.Bunun da ABŞ və bir sıra Avropa dövlətlərinə, elə həmin oliqarxların milyardlarla dollar sərmayəsi olan İngiltərənin səmayədar qurumlarına ağır zərbə vuracağına şübhə yoxdur.Belə bir addımın Qərb şirkətlərinə böyük maliyyə itkisi bahasına başa gələcəyinə şübhə yoxdur.Beləliklə, ABŞ və Rusiya, Rusiya və Aİ arasındakı iqtisadi münasibətlər qopacaq ki, bunun da ortaya çıxaracağı ağır nəticələri olacaq. Nəzərə alsaq ki, vaxtilə ABŞ Sovet Rusiyasını tamamilə dünyadan təcrid edərək özünə qarşı nəhəng və qorxulu düşmən qazanmışdı, indiki Rusiyanın xarici siyasətdə SSRİ-dən də aqressiv xəttə üstünlük verdiyini nəzərə alsaq, öz cəbbəxanasını ən modern nüvə silahları ilə gücləndirmiş Putinin hansı addım atacağı Qərbin özünə də naməlumdur.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений