Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Puldan sonra kompromat: Eldar Mahmudovun arxasınca adamlar saldığı MƏŞHUR KASET 



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı bir-birinin ardınca yayılan xəbərlərdə müəyyən qədər səngimə hiss edilsə də, bu, sabiq nazirin məsələsinin həll edildiyi anlama gəlmir.

Hələlik bəlli olan odur ki, keçmiş nazir ətrafında halqa getdikcə daralır və Eldar Mahmudovla bağlı qərar heç də sabiq nazirin ürəyincə olacaq qəbildən olmayacaq. Hər halda indiki vəziyyəti o qədər də ürəkaçan olmayan nazirin təkcə kresloda oturmadığı, həm də ölkənin milli təhlükəsizliyinə cavabdeh olduğu 11 il müddətində öz vəzifəsindən başqa hər işlə məşğul olduğuna dair məlumatlar kifayət qədərdir. 

Mahmudovun iş qaydaları

“MTN işi” adlandırılan qalmaqallı istintaq və məhkəmə proseslərində də adı ətrafında kifayət qədər ciddi ittihamlar səsləndirilən Eldar Mahmudovun və ətrafının iş qaydaları olduqca ilginc olub. Özü də ətrafı üçün güclü maliyyə dayaqları yaradan nazir iş adamlarından tutmuş “reket” mətbuata qədər bir çox qatlardan “özünə müdafiə” sistemi qurub. Başqa sözlə desək, həm pullarını alıb, həm onları xof altında saxlayıb, həm də istənilən an istifadəyə hazır vəziyyətə gətirib. E.Mahmudovun “sağ əli” hesab edilən əmisi oğlu Vüqar Mahmudovun istintaqa verdiyi ifadələrlə bağlı mətbuatda yayılan xəbərlər sabiq nazirin hansı qaydaları tətbiq etdiyi barədə rəy yaradır. Vüqar Mahmudov dolayısı ilə baş verən cinayətlərdə sabiq nazirin göstərişlərinin əsas olduğunu təsdiqləyən ifadələr verib.Ötən il noyabrın 3-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Mahmudov barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. İdialara görə, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. 

Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb. Əmisi oğlu və “sağ əli” sabiq nazirin iş prinsipi barədə məlumatlar istintaqdan gizlətməyib və beləliklə, Mahmudov ətrafında həlqə bir az da daralıb. 

Maliyyə imperiyasına qoyulan qızıl kərpiclər

Nəzərə alsaq ki, çox sayda iş adamı müxtəlif məsələlərlə qorxudularaq, şantaj, təhdid edilərək Mahmudov və ətrafında külli miqdarda pul verməyə vadar olduğunu açıqlayıb. “MTN işi” gündəmə bomba kimi düşdükdən sonra şantaja məruz qalan iş adamlarından açıqlamalar sayca hətta o qədər olurdu ki, mətbuat onların bir çoxunu işıqlandıra bilmirdi. Əmisi oğlunun ifadəsi də iş adamlarının dediklərinin təsdiqi olub. Hər halda kabinetlərdə seyflərin az qala hər gün dolub-boşalması halal pul və ya qanunsuz biznesdən əldə edilən vəsait hesabına deyildi. Əgər bu pullar doğrudan da, bu qədər həcmdə və bu qədər çılpaqlıqla toplanırdısa, Eldar Mahmudovun özünə böyük bir maliyyə imperiyası qurduğunu söyləmək olar. 

Məsələn, mətbuatda yer alan bir fakt. İş adamı Vüqar Ağayev 2002-ci ildən tikinti sektorunda fəaliyyətə başlayıb.2004-cü ildə Əhmədlidə 5-bloklu 16-mərtəbəli bir binanın tikintisini öz öhdəsinə götürüb və tamamlayıb. 
Bir ildən sonra Xətai rayonunda 3-bloklu 18-mərtəbəli binaların inşasına başlayan Vüqar Ağayevin yüksəlişi Eldar Mahmudovu tanıması ilə dalana dirənib. Vüqar Ağayevin dediyinə görə, Eldar Mahmudovun qanunsuz tələblərindən canını qurtarmaq üçün ölkəni tərk edib, Amerikaya qaçıb. Ancaq öz mülkiyyətini qoruya bilməyib. İş adamının MTN şefinin qəzəbinə gələn mülkiyyətinin dəyəri isə kifayət qədər böyükdür-30 milyon manat. Bu isə o dövrün məzənnəsi ilə 40 milyon dollara yaxındır. 

Puldan sonra kompromat

Ancaq görünür, E.Mahmudov təkcə biznes imperiyası qurmaqla kifayətlınməyib, həm də özünü gələcək təhlükələrdən sığortalamaq üçün kompromatlar toplatdırıb. Üstəlik, deyilənlərə inansaq, bu kompromat toplama üsulları kifayət qədər açıq, kobud, şantaj və təhdidə əsaslanan formada olub. Başqa sözlə desək, kimdənsə pulu, kimdənsə kompromat hesab etdikləri informasiyaları almaq üçün əməlli-başlı iş görülüb. 

“Cümhuriyət” qəzetinə daxil olan məlumata görə, Eldar Mahmudov hətta bu məqsədlə keçmiş OMON-çulardan da istifadəyə cəhd edib. Bunlardan biri də Elçin Abbasov olub. Elçin Abbasov OMON-ün komandiri Rövşən Cavadovun göstərişi ilə operatorluq edib, bütün hadisələri lentə alıb. 1995-ci ilin martında Ali Məhkəmədə Laçın- Şusa prosesini də çəkib. Özünün dediyinə görə, martın 14-də R. Cavadov onu çağırıb: “Mənə dedi ki, nə olursa, hər şeyi çəkib şəxsən ona verim. Həmin vaxtdan etibarən mən nə varsa, çəkirdim, çünki Rövşən Cavadova tabe idim və tapşırıq icra edirdim. Ancaq kaseti təbii ki, özünə verə bilmədim. Valideynlərimin təkidi ilə həmin çəkilişi 1995-ci ilin sonlarında MTN-ə təhvil verdim. Kasetə baxdıqdan sonra o zamankı nazir Namiq Abbasov dedi ki, bu kaset çox dəyərlidir. Dedi ki, mənə hətta mükafat düşür, çünki bunlar tarixdir. Hətta misal da çəkdi ki, Ənvər Sədata sui-qəsd olanda küçədə çəkiliş aparan reportyorun 2 saniyəlik görüntüsünə görə ona 50 min dollar mükafat verildi. Mən 1996-cı ildə həbs edildim, 4 il həbsdə qaldım.  Kasetin bir nüsxəsi isə məhkəmə gedən zaman Gəncədən olan bir xanımın əli ilə lazımi yerlərə təhvil verilmişdi və bu məhkəmənin gedişinə də təsir etdi, bəzi maddələr OMON-çuların üzərindən götürülmüşdü”. 

“Evimə adam göndərirdilər ki...”

2000-ci ildə həbsdən çıxan Elçin Abbasov deyir ki, 4 il müddətində hər həftəsonu qaydaya uyğun olaraq polisdə qeydiyyatdan keçib. 2004-2013-cü illərdə həyat nisbətən qaydasına düşüb. Ta ki, 2013-cü ildə o zamanı nazir Eldar Mahmudov onu xatırlayana qədər: “Yəqin ki, Eldar Mahmudovun kasetdən xəbəri vardı. 2013-cü il prezident seçkisindən sonra milli təhlükəsizlik naziri dəfələrlə evimə adam göndərdi. Məni dəfələrlə nazirliyə çağırtdırdı. İsrarla məndən kasetin nüsxəsini istəyirdilər. 

Onlara bildirdim ki, məndə olanların hamısını təhvil vermişəm, kaset MTN-nin arxivində var, ancaq onlar razılaşmırdılar. Həbslə hədələyirdilər, hətta “verməsən, səni çox xoşladığın yerə göndərərik” deyirdilər. Onlara bildirirdim ki, kaset nazirliyin arxivində var, ondan istifadə etsinlər. Ancaq görünür, arxivdəki kaseti ya götürdükləri üçün, ya da ondan istifadə edə bilmirdilər deyə başqasının olub-olmadığını öyrənmək istəyirdilər. Yəqin ki, kimlərəsə qarşı kompromat kimi siitfadə edəcəkdilər”. E.Abbasov deyir ki, vəziyyət o həddə çatıb ki, ölkəni tərk etmək məcburiyyətində qalıb: “Əks təqdirdə, Eldar Mahmudov məni də bir bəhanə ilə həbs etdirəcəkdi”.

Ərtoğrul Süleyman








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений