Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərişıq”ın “baş nazir”inə - “Montyorlar”ınız işıq gələn yerə barmaq edirlər”



İki günə çatır ki, özlüyümdə Etibar Pirverdiyevi “asıb-kəsirəm. Demək, Etibar Pirverdiyev müəllim kirimişcə yerində oturub. Heç nə demir. Mən də ağzımı “20” Yanvar metrosunun qabağında döndərib qayıdıb deyirəm ki, sizin “montyor”lar işıq gələn yerə barmaqlarını soxurlar. Adamın başının üstündə Allah var. Heç nə demirdi. “Quran” haqqı, heç nə demirdi. Sakitcə baxırdı. Mən də hər 3 dəqiqədən bir deyirəm ki, sizin “montyor”lar işıq gələn yerə barmaqlarını soxurlar.

Kişini necə “asıb-kəsirdimsə”, gözlərimə də yuxu getmirdi. Gecə yatdığım yerdə də dik atılıb, barmağımı silkələyə-silkələyə qışqırırdım ki, sizin “montyor”lar yaxşı hərəkət etmirlər, işıq gələn yerlərə barmaqlarını soxurlar. Qışqırdıqca özümdən çıxırdım. Otaqda məni özümdən başqa sakitləşdirəcək adam da yox idi.

Gözlərimin qarası yoxa çıxanadək Etibar Piriverdiyevi “asıb-kəsirdim”. Amma özlüyümdə də hiss edirəm ki, haradasa səhv edirəm. Etibar Piriverdiyevin ağlıma hardan gəldiyini bilsəydim, əlbəttə ki, harada səhv etdiyimi başa düşüb özümü ələ ala bilərdim. Beynimdə axtarış verməyə başlayırdım. “Azərişıq”ın prezidenti, yox rəhbəri, yox sədri, yox vitse-prezidenti... Beləcə, bütün postları sadalayınb, axırda “Azərişıq”ın baş naziri məsələsində dayanırdım. Bu da təsadüfi deyil. Nəzərə alsaq ki, ölkənin baş naziri həm var, həm də yoxdur, demək ki, bu boş-dolu qalmış vəzifəni kimə desən, yapışdırmaq olar. Bəli, mən qəti qərar verdim ki, Etibar Piriverdiyev “Azərişıq”ın “baş nazir”idir. Amma bu da məni razı salmırdı. Harada səhv edirdim? Yuxu məni aparanadək Artur Rəsizadəni “devirib” Etibar Pirverdiyevi onun yerində oturdurdum. Bu fikrə də elə-belə yox, naşılığımdan gəlmişdim. Elə bilirdim ki, “Azərişıq”a rəhbərliyi Etibar Pirverdiyev cənabları müəllim edir. Bir də səhər yuxudan oyanandan xeyli sonra bildim ki, “Azərişıq” öz barmaqlarını işıq gələn hər yerə dürtən “montyor”larına qədər Baba Rzayevin nəzarətində imiş. “Quran” haqqı naşılığımdan belə olub. Guya özüm də jurnalistəm. Mən heç Baba Rzayevi tanımırammış. Amma bu tanışlıq da yaxşı vaxta düşmədi. Məni “Azərişıq”ın “baş nazir”i ilə bu qurumun bütün gün əllərində kəlbətin şəhəri qapı-qapı gəzişən “montyor”ları, bir də “qaynar xətt”in, xidməti telefonlarının başında isterik gərginliklə donub zəng edənləri söyməkdən başqa hər şeyi edən əməkdaşları tanış etdi.

İndi “Etibar Pirverdiyev”, yaxud, əsl adı ilə desək, Baba Rzayevlə məni tanış etməyə məcbur edən hadisəyə gələk. Demək, iki gün əvvəl işdən çıxıb evə getdim. İşıqlar yanmırdı. Dalağım sancdı. Bildim ki, yenə kəsiblər. Artıq bu hal bir neçə dəfədir ki, təkrar olunur. Hər dəfə də məsələyə aydınlıq gətirmək üçün “Azərişıq”a zəng edirəm. Hər dəfə də “xoruzumu qoltuğuma verib” məni gəldiyim yerə qədər qovurlar. Baba Rzayev cənabları hörmətli müəllimin işçiləri adamla elə danışırlar ki, elə bil Londonu satın alıb Moskvanın behini veriblər. Adama da pis gələn budur ki, 200-300 manatla qıt-qənaət ayın axırını gətirib çıxara bilməyən bu adamlar özlərini çox pis aparırlar. Mən əminəm ki, ən xırda işıq borcuna görə adını eşidəndə də “qızdırma”ya tutulub əsim-əsim əsən həmin adamların özlərinə Baba Rzayev də, mənim qənaətimə görə, “Etibar Pirverdiyev” güzəşt etmir. Bütün günü camaatın qapısından əllərində kəlbətin sallanıb qalmış “montiyor”larına kabellərini kəsdirir. Amma problem bu deyil. Maraqlısı budur ki, “Azərişıq” 5 manat borcu olanı da özünü öldürmək həddinə çatdırır. Təsəvvür edin ki, 5 manata görə işığı kəsib gedirlər. “Qaynar xətt”dən də adamın üstünə çəmkirirlər.

Hərəsinin qabağında transformator boyda bir telefon olanda belə olacaq da!

İndi neyləyək, ay Baba müəllim? Özümüzü öldürək? Yaşamayaq? Onsuz da vəziyyət yaxşı deyil. Vallah sizi fikirləşəndə məni dəhşət bürüyür. Təsəvvür edin də, görün, balaca bir qurum camaatın başına bu “qara oyun”u açırsa, sizdən yuxarıda oturanlar bu camaatın haqda gəldikləri fikirlər hansı rəngdədir?! Əl həzər! Allah qorusun! Ameno, do re mi! Ameno! Ameno!

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений