Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gələcəkdən xəbər vermək mümkündür



Bəşəriyyət Yerdə əbədi qalmayacaq, işıq və ərazi dalınca qaçacaq

1-ci məqalə

Gələcəkdən xəbər vermək nə qədər çətin olsa da, hər halda mümkündür. Sabahkı günü irəlicədən görmək, ondan informasiya götürmək hər şeydən öncə insanlar üçün xeyirlidir. Tarix boyu bu cür adamlar olub və yenə də az deyil: Albertus Maqnus (Dahi Albert), Edqar Keys, Rano Nero, Teofrast Parasels, Vanqa və digərləri. Lakin adını çəkdiklərimiz daha çox okkultik elmlərə, parapsixoloji qabiliyyətlərə vaqif insanlardır. Tarixdə elə insanlar da olub ki, onların öncəsöyləmələri sirlərlə doludur. Məsələn, XX əsrin ən böyük alimi hesab olunan Albert Eynşteyn də daxil olmaqla onlarla şəxsiyyət var ki, onlar öz elmi öncəsöyləmələrilə tarixi əhəmiyyət kəsb ediblər.

Ədəbiyyatşünaslar hesablayıblar ki, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u yanlış olub və ya prinsip etibarilə həyata keçirilməsi mümkün olmayıb. Qalan 98 halda yazıçının gələcəkdən böyük uzaqgörənliklə xəbər verdiklərinin hamısı doğru çıxıb. "Görünməz adam" və "Dünyaların müharibəsi" kitablarının müəllifi Herbert Uelsin gələcək haqqında xəbər verdiyi 86 ideyasından 75-i indiyə kimi ya artıq həyata keçirilib, ya da müasir elmin məlumatlarına əsasən mütləq həyata keçəcək. Yaxud da sovet fantast yazıçısı Aleksandr Belyayevin verdiyi 50 proqnozdan 47-si doğru çıxıb. Bu cür misalları çox sadalamaq olar. Lakin gəlin bu dahilərin yazdıqları faktlara istinad etməklə söhbətimizə bir az da aydınlıq gətirək...

Dərin düşüncəyə, iti zəkaya və bir də əfsanəvi təxəyyül qabiliyyətinə malik olan böyük ingilis mütəfəkkiri Rocer Bekon hələ XIII əsrdə yazırdı: "Elə cihazlar düzəltmək olar ki, onların köməyi ilə ən böyük gəmilər, içərisi dənizçilərlə dolu gəmilərdən daha sürətlə üzər. Çox böyük sürətlə (heyvanların köməyi olmadan) yerini dəyişə bilən müharibə arabaları düzəltmək olar ki, onların köməyilə insan dənizin dibinə yeriyə bilər..."

Bu fikirlər avtomobilin və təyyarənin, paraxodun və sualtı qayığın meydana gəlməsindən düz 500 il əvvəl yazılıb. Dahi italyan rəssamı, alimi və mühəndisi Leonardo da Vinçi (1452-1519) son dərəcə gözəl bir təxəyyülə malik olub. Onun görə bildikləri çox-çox illərdən sonra həyata keçirdi. Leonardonun qeyd kitabçasında çap maşını və toxuma dəzgahı,  paraşüt və vertolyot haqqında yazılara və şəkillərə rast gəlmək olar. Hətta müasirlərimizdən biri onun bu qabiliyyətini belə qiymətləndirib: "Leonardo da Vinçi kosmosdan olan gəlmələrə, yüksək dərəcədə inkişaf etmiş mədəniyyət nümayəndələrinə borcludur. Özgə planetdən olanlar öz nailiyyətləri haqqında Leonardoya xəbər verib, sonra uçub gediblər".

Təbiətin müxtəlif hadisələrini qabaqcadan görüb bilmək üçün insanlar onların təsvirini, forma və quruluşunu aydınlaşdırmaq, bu hadisələrin tabe olduğu qayda-qanunları, onların necə bir ardıcıllıqla bir-birini əvəz etmələrini öyrənməyə can atmışlar. Çayların daşmasını, Günəşin tutulmasını, yağışın yağmasını, hətta quraqlıq olacağını belə qabaqcadan biliblər.

Konstantin Sialkovski 1911-ci ildə - Qaqarinin uçuşundan yarım əsr əvvəl yazırdı: "İnsan əli ilə Aydan daş götürmək, fəzada hərəkət edən stansiya yaratmaq, onlarla verst (1,06 km-ə bərabər uzunluq ölçüsü) məsafədən Marsı müşahidə etmək olar". Müəllifin adiləşmiş işlərə qarşı cəsarətlə meydan oxuyan, peyğəmbərcəsinə söylədikləri hələ də öz təravətini itirməyib: "Bəşəriyyət Yerdə əbədi qalmayacaq, işıq və ərazi dalınca qaçaraq əvvəlcə ehmalca atmosferin hüdudlarını aşacaq, sonra isə bütün Günəşətrafı fəzanı fəth edəcək".

Uzağı görmək üçün çox dərin zəka lazımdır. Bu, hər şeydən əvvəl ona görə lazımdır ki, sabahkı gün, bizim üçün sadəcə olaraq dünənin davamı yox, nəsə tamamilə təzədir. İti və dərin zəka xüsusi bir alətdir ki, onun köməyilə zamanın tarım çəkilmiş örtüyünü yırtmaq və gələcəyə yol açmaq olar. Tarixdə belə misallar çoxdur. Məsələn, Xristofor Kolumb Yerin kürəşəkilli olmasına möhkəm əmin idi. Bilirdi ki, əgər Günəşin arxasınca, Qərbə tərəf hərəkət edilərsə, o zaman bizim planeti dolanıb keçmək və Şərq ölkələrinə üzüb çatmaq mümkün olar. XIX əsr fransız filosofu Ögyüst Kontun gözəl bir kəlamı var: "Bilmək - uzağı görmək üçündür. Uzağı görmək - fəaliyyət üçündür". Kont gələcəkdə insanın səma cismlərini dərk edəcəyini nəzərə alıb yazırdı: "Ulduzlar... yalnız səmt göstərdikləri üçün elmimizə xidmət edir... Biz heç vaxt onların kimyəvi və ya mineraloji quruluşu barədə heç nə öyrənə bilməyəcəyik".

Yuxarıda adını çəkdiyim Herbert Uelsin 1902-ci ildə çapdan çıxan "Gələcəyi görmə" kitabında yazılmışdı: "Aeronavtika heç zaman ciddi nəqliyyat və rabitə vasitəsi olmayacaq. Hər hansı bir sualtı qayığın heyətinin boğulmasını, qayığın özünün isə suyun dibinə enməməsini təsəvvürə gətirməyi təxəyyül imtina edir. Siz, öz-özüzə hərəkət edən minanı və ya başqa bir mərmini hədəfə ata bilərsiniz, amma belədə hədəfi məğlub etmək ehtimalınız, heç də düşmənlə gözübağlı atışmadan çox olmayacaq".

1941-ci ilin oktyabrında görkəmli sovet fiziki, akademik P.L.Kapitsanın bir çox qəzetlərdə çap olunmuş mühazirəsində deyilirdi: "Nəzəri hesablamalar göstərir ki... atom bombası... bir neçə milyonluq əhalisi olan böyük bir şəhəri asanlıqla məhv edə bilər". Bu uzaqgörənlik Almoqordo (İlk dəfə atom silahı sınağının keçirildiyi yer, ABŞ-ın Nyu-Meksiko ştatı – S.R.), Xirosima və Naqasakidəki partlayışlardan, Çernobıldakı dəhşətli faciədən çox-çox əvvəl deyilmişdi.

Biz yenə də əmin oluruq ki, gələcəkdən xəbər verən, müasir adamlara ən ağlasığmaz görünən məlumatlar belə, həqiqətə çevrilə bilər. Amma bu, hədsiz dərəcədə çətin olduğu üçündür ki, hər adama qismət olmur.

Amerikalı fantast yazıçı Robert Xaynlayn Xirosima faciəsindən dörd il əvvəl - 1941-ci ildə "Uğursuz nəticə" adllı povestində amerikalıların "uran-235"dən bomba düzəldəcəklərini və müharibənin axırında həmin bombanı düşmənin böyük şəhərinə atacaqlarını təsvir etmişdi. Təsvirlər o qədər aydın və yerli-yerində idi ki, yazıçını hərbi sirləri yaydığına görə, məsuliyyətə cəlb etmişdilər. Çünki həmin ərəfədə ABŞ-da və İngiltərədə sonu atom silahı  ilə nəticələnəcək işlərə artıq başlamışdılar. Lakin bu işlər son dərəcə gizli aparılırdı...

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений