Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cəhənnəmin kənarından qeydlər



Ən vəhşi insanlar şəhərlərdə yaşayırlar. Belə desək, yaratdığı canlıları məhrumiyyətlərlə boğuşmağa öyrətmiş təbiət ən amansız qaydalarını insanlar üzərində şəhərlərdə tətbiq edir. Həmin bu yerlərdə yaşamaq uğrunda mübarizə insanlar arasında yadlıq məsafəsini bir qədər də uzaqlaşdırır. Yaxınlaşmaq üçün ən kiçik addım yeri qoymur. Ən dəhşətli cinayətlər, ən dəhşətli xəyanətlər, ən dəhşətli yemək müharibələri, ən dəhşətli qıtlıqlar, ən dəhşətli qaranlıq da şəhərlərdə baş verir. Asanlıqla tapıla bilən seks portnyorlarının, qanlı mafiyaların, kinli siyasilərin, aclıq qorxusunun və yemək axtarışlarının ən dəhşətli yollarında dərilərini öz əlləri ilə ilan qabıqları kimi soyan məzlum adam kütlələrinin toplanadığı şəhərlər heç vaxt mədəniyyəti sonadək müdafiə etməyi bacarmayıb. Danışa bilən hər kəsi lal qoymaq, yeriyə bilənlərin ayaqlarını qoparmaq da buraların adətidir.

Bəli, şəhərlərdə ən sonuncu isti insan buralar şəhərlərə çevrilməmişdən az əvvəl yaşayıb. Kənd libasından imtina edib şəhər çılpaqlığına bürünəndən bu yerlərdə insana, belə desək, insana məxsus xarakterlərini qoruyub saxlayan canlılara rast gəlmək utopiya sərhədlərini də aşıb. İndi şəhərlər bir-birlərinə soyuqcasına girişib öz buz yorğanı altında sekslə məşğul olmağa məcbur edən pornoqrafiya mafiyasıdır. Buralar həmişə ən peşəkar qatillərə - əzdiyi insanlardan yüksəliş nərdivanı düzəldib ən hündür zirvədə öz qalibiyyət bayraqlarını yelləyənlərə  yaşamaq üçün şans verilir. Amma həmişə kənd məhrumiyyətləri insanları bu kiçik cəhənnəmə sürüyür.
Necə ki, bir tülkü öz hiyləsi - gücü hesabına tələyə saldığı kiçik dovşandan bir tikəyə nə öz cinslərindən, nə də qeyri-cinslərindən olanları qonaq etmir, şəhərlərdə yaşayan insanlar da ac qarınlarını doydurub həyatlarındakı canlarının sayını artırmaq üçün belə edirlər. Yaşamaq uğrunda mübarizə heyvanlarda olduğu qədər insanlara da aiddir. Buna qarşı olan istənilən nəzəriyyə çürükdür. 

Axmaqlıq edib özünü altadmağa lüzum yoxdur. Əgər hər dövrdə axmaqlıq dəbdirsə, bu da yaşamaq uğrunda mübarizənin ayrılmaz hissəsidir. Çünki insan bir yolunu tapıb yaşamağa məhkumdur. Şəhərlərdə bu mübarizə daha kəskindir, daha amansızdır, güzəştsizdir. Bu mənada daşdan yumşaq hər şeyi dişinə çəkən yırtıcılar insanlardan daha istiqanlıdırlar. Heyvanlar heç olmasa, öz növlərini artırmaq üçün bəlli bir inkişaf mərhələsinə qədər nəsil şəcərəsini davam etdirən balalarını ac saxlamırlar. Özlərindən zəifləri qidaya çevirməklə, özlərinə dəstək təmin edirlər. Amma bu vəhşi qanun insanlarda bir qədər fərqlidir. Çünki apardığı həyat mübarizəsində qorxularını özlərindən bir qədər uzaqda saxlamağa cəhd edən insanlar qorxmaq yerinə, bu hissi tapdalayıb özlərini axmaq yerinə qoymaq bahasına belə, yaşmaq üçün özlərini ən təhlükəli vəziyyətlərin içinə atırlar. Əlbəttə, həyat eşqini alovlandıran sonuncu şans kimi baxdığın vasitədən özünü məhrum etmisənsə, yaxud, bu, əllərindən sivişib çıxıbsa, bunu şəhərə “borclusan”. Bu mənada ən vəhşi insanlar şəhərlərdə yaşayırlar. Açığını desəm, şəhərdə yaşayanlar səni özləri kimi soyundurmağa çalışırlar. Əgər şəhərdə yaşayırsansa, ehtiyatı əldə vermək lazım deyil. Əks halda sonda sağ qala bilməyəcəyin - özünəhörmət hissini itirib vəhşiyə çevriləcəyin oyunun baş qəhrəmanına çevriləcəksən.

Bu vəhşi qaydaların bir qədər yüngülləşdiyi kəndlər isə şəhərlərdən sonra başlayırlar. Kəndlər - insani münasibətləri az-çox müdafiə edib şəhərlərin qatil psixologiyasından gizlədə bilən yerlər həmişə şəhərlərin ətəklərində, sahillərində yerləşir. Amma bu kəndlər heç vaxt şəhərlərin nəhəng işıqlı pəncərələrindən öz paylarını almırlar. Çünki kəndlər bu pəncərələrin kənarlarında - işıqları öz zülmətində gizlədən qaranlıqlarda gizlənirlər. Gizlədilirlər.


*Səhərin alatoranında avtovağzalda idim. Həyat hələ qaynaşmağa başlamamışdı. Uzaqlarda və yaxınlarda eşidilən avtomobillərin öləzi səsləri hələ nərildəməyə başlamayan şəhərdə hər şeyi altını üstünə çevirmək gücündə deyildi. Bu, acmış insanın qarnında başlayan qurultu səslərinin ilkin əlamətləri idi. Dəhşətli uğultuya - şəhərin oyanmasına hələ xeyli vaxt qalırdı. Yəni, qulaqlarının pərdələrini bu nəhng divin nərə çəkən ağızlarına yaxın tutmamış qaçmaq üçün kifayət qədər vaxt vardı.

Şəhərlərdən çıxmağa tələsənlər də yarı-ölgün idilər. Üç hərbçi pərakəndə formada səpələnmiş insanların arasında gəzişirlər. Əsnəyə-əsnəyə əllərindəki xırdavatları satmağa çalışan “səyyar dükanlar” da yatmış həyatı cana gətirə bilmirdilər. Yalnız sağ-sola şütüyən avtomobillər hər kəsi oyatmağa çalışırdılar. Nəhayət şəhər haqda ən kəskin və ən ağılasığımaz düşüncələr içində olarkən, zorla beş-on nəfərin arxasına salıb yola qoyulmağa səbəb tapan avtobus qulaqlarımı və məni yavaş-yavaş buralardan uzaqlaşdırmağa başladı. Əlbəttə, bu, qulaq ağrısından xilas olmaq üçün göydəndüşmə bir şans idi. Hərəkətə gələn avtobus dirildikcə nərə çəkən şəhərin xilas fəryadını öz havasızlığında boğub yoxa çıxarmağa başlayanda kəndlərə doğru uzanan həyat özünün tamam başqa üzünü göstərməyə səy göstərməyə cəhd etdi. 

Palçıq vulkanlarının lavalarının ətəklərində daşa dönmüş yarı-boz, yarı-yaşıl yerlər yenicə baş qaldırmış yovaşanlı, yulğunlu və cırtan ağaclara yer verəndə, seyrək-seyrək insanlar gözlərə çarpırdı. Avtobusun sürətli təkərləri bu insanlar arasındakı məsafəni bir qədər də uzaqlaşdırırdı. Şəhər vəhşiliyindən uzaq düşmüş bu adamlar haqda xəyallar qurmaq həmin an ən yersiz iş idi. Aşağı-yuxarı hamısı eyni işlə məşğul idi. Məhrumiyyətlərin boşaltdığı kəndlərin kənarlarına ayaq açıb heyvanları qabaqlarına qatmışdılar, ya da torpaq şumlayırdılar. Bu seyrək adamları ilə kəndlər bomboş görünürdülər. Həmin kəndlərin adamlarını mən şəhərdə görmüşdüm. Narahat halda bu uğultunun səssiz köşələrinə çəkilib özlərinə yer axtarırırdılar. Yəni, ağır güzərandan xilas olmaq yolundakı axtarışlar onları zorakı bu yerləri tərk etməyə məhkum etmişdi. Onlar məhkum idilər, öz iradələrinə məcburi şəkildə müxalifətdə dayanıb şəhərin zorba hakimiyyətinin iqtidarına boyun əyməyə məcbur edilmişdilər. Əgər insan mütləq gücünü təmin edə bildiyi yerdən qaçırsa, demək ki, onu deviriblər. Belə desək, sağ qalmaq ehtirasları onu bir cəhənnəmdən başqa bir cəhənnəmə sürüyüb salıb. İradə həmişə yaşamaq hisslərinə müxalifətdə dayanır. 

Niyə insanın belə bir vəziyyətlə üzləşdiyinə gəlincə, ən ciddi düşüncə adamları da o fikrin müdafiəçiləridir ki, yaşadığı ölkə və formalaşdığı cəmiyyət insanın gələcək taleyini hələ ana bətnində olarkən müəyyən edir. Əgər bir ölkədə yemək boşqabına, yorğanın altına, ağzının içinə və dilinin altına burunlarını soxan bir məmuriyyət sisteminin içində yaşamağa çalışanlar çoxluq təşkil edirsə, orada bütün kəndlər və yerdə qalan kiçik şəhərlərin özlərindən daha nəhəng şəhərə göz dikmələri, həmin yerdə yaşamağa dair ortaya çıxmış vəhşi şərtlər altında ölüm və dirim arasına boğuşmaq bu yerlərin təbii qanunauyğunluğudur.

Lakin özüm də olsam belə, axmaqlığa və fəlsəfəyə ehtiyac hiss etmirəm. Əgər bir problemi çatdırmaq istəyirsənsə, bunu başdüşülən bir formada çatdırmaq vasitələrini müdafiə edirəm. Amma bunun niyə belə olduğunu izah etməyə lüzum da görmürəm. Buna ehtiyac yoxdur. Hər insan ehtiyacı qədər və ifadə edə bildiyi qədər var. Beləliklə, bu sonu görünməz düşüncələr içində kəndləri bir-bir arxada qoyub öz kəndimizə çatdım. Avtobus dayananda mən gəldiyim şəhər haqda heç bir düşüncə sahibi deyildim. Saflaşmışdım. Şəhər tozunu öz arxasıyla sürüyüb gətirən avtobus məni yerə tullayanda uzun müddətdən sonra ilk dəfə ayaqlarım sözün həqiqi mənasında torpağa dəydilər. Asfalt yox idi. Mən hər tər tərəfdən torpaqla əhatə edilmişdim. Heç evə də tələsmədim. Kəndi - nə vaxtsa birdəfəlik qayıdıb lövbərimi salıb dünyaya bu dar çərçivədən baxmağa başlayacağım bu kiçik sahili gəzişdim.
Hər tərəfdən qaratikan kolları, iydə ağacları, nəhəng qovaq, meyvə ağacları ilə əhatələnmiş küçələrdən keçərkən ayaqlarım məni qeyri-ixtiyari olaraq məktəbə sürükləmişdilər. Burada məni sevginin qəribə qoxusu qarşıladı. Burnu qıcıqlandıran, nəfəs və əllərinin çatmadığı ən dərin köşəsindən qalxan həyəcan - bu, artıq sevgi idi. Yenidən aşiq olmaq idi. Saatlarla həyətində, oturduğu sinfin pəncərəsi qarşısında dolaşdığım bu yerləri gəzirəm. Qəribə bir baxışların üzərimdə gəzdiyini də hiss edirəm. İydə çiçəklərinin burnu qıcıqlandıran bu qoxunu son illərdə heç vaxt hiss etməmişdim. Şəhər sevgisinin bağırsaqlı üfunətindən sonra bu hisslə üzləşməsi, çox güman ki, təbiətin öz əlləriylə o insana təqdim etdiyi ən bahalı hədiyyədir. Bundan imtina edən insan axmaqdır. 

Kənd sevgisinin saf tərbiyəsi yenidən qayıtmışdı. Bağırsaq və bu iyrənc daxili orqanın yapışqan maddəsi bir anda yuyulmuşdu. Əllərimi, ayaqlarımı hiss edirdim. Hər şey təmizlik içində əsl simasını göstərirdi. İndi daxili dünya pornoqrafik filmə yox, müqəddəsliyini qorumaq üçün yarısında işıqları sönən məhəbbət filminin premeyasını keçirirdi.

Məktəbdən çıxıb - yenə də öz iaradəmə müxalif şəkildə onu geridə qoyub dar küçələr və çıxılmaz dalanlara sürüyürəm özümü. Elşəni xatırladım. Həyatının ən yaxşı günlərini pul hesabına təşkil edib ömrünün qalan kiçik hissəsində dəli olub itirdiyi pullarını kolluqların, çəpərlərin diblərində axtaran o qumarbazı xatırlamaq dəhşətli zəlzələ idi. O, həmin adam idi ki, itirdiyi pulları və özümü yüksəyə qaldırdığı imtiyazları kolluqlar arasından tapmayıb özünü qoz ağacından asmışdı. Öz təravətini itirmiş rəngli əskinaz kimi sallananda bilmişdim ki, yaxşı oyunçu oyunun nə vaxt bitdiyini çox əvvəldən bilir. O da öz oyununu oynadı və “qırmızı kart” alıb meydanı tərk etdi. Bundan başqa seçəcəyi çıxış yolu sadəcə əzablarını uzatmağa kömək edəcəkdi. O, ölməliydi.

Beləliklə, qəribə xatirələr bir-birini əvəz edirdi, amma vaxtilə ən dəhşətli müharibənin tabutları, şəhidləri, fərari meyitləri ilə özünü ən qorxulu soyuq morqa çevirmiş bu kənddəki susqunluq daha tükürpədici idi. Ancaq qadınlar, qocalar və uşaqların qaldığı bu kəndi işıqlı göstərə biləcək gənc adamların hamısı şəhərlərə qaçmışdılar. Ağır məhrumiyyətlər kəndi boşaltmışdı. İşləmək üçün güc tapa bilən hər kəs yoxa çıxmışdı. Şəhərlər adamları udmuşdu.
Əlbəttə, hələ ümid vardı. Arxamdan qovulduğunu hiss edərkən, özümü boynuma sarılan anamın qolları arasında tapdım. Süd qoxusu.... hər şey - ən zəhmli ilanlar belə körpə hıçqırığıyla məsumcasına beşikdə yırğalanmağa başladı. Amma bundan dəhşətli təsəlli və özünü inandırdığın yalan ola bilməzdi. Çünki sənə sarılan hər qol ayrılıqdır - özlərini geriyə saymağa başlayan dəqiqələrdir.


Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений