Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qərbin yeni Rusiya planı: Ölkəni parçalayacaq, yoxsa dizə gətirəcək?



ABŞ Dövlət Xəzinəsinin prezident Vladimir Putin istisna olmaqla, Rusiyanın bütün hakimiyyət üzvlərinə qarşı sanksiya tətbiq etməsindən sonra bu ölkənin Maliyyə Nazirliyi növbəti sanksiya siyahısını təqdim edib.

“Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıda Rusiyanın 38 biznesmeni, rəsmi şəxsi və şirkətinin adı var. Qeyd edək ki, keçmiş rusiyalı casus Sergey Skripalın İngiltərədə zəhərlənməsindən sonra ABŞ hökuməti ölkədəki bütün Rusiyadan olan deputatları deportasiya edib. Avropa İttifaqı ilə yanaşı, rəsmi Vaşinqton da Moskvanı casusu zərhərləməkdə ittiham edir.

Rusiyanı parçalamaq istəyirlər, yoxsa, zəiflətmək?

Xatırladaq ki, ABŞ 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi ittihamını irəli sürərək, Moskvaya qarşı sanksiyaları sərtləşdirmək qərarı verib. Lakin Skripalın zəhərlənməsində iştirak etdiyi ittihamı kimi, seçkilərə müdaxilə etdiyi iddiaları da öz rəsmi təsdiqini tapmasa da, Amerika və Aİ hər 6 aydan bir Rusiyaya qarşı sanksiyaları sərtləşdirir. Növbəti sanksiya qərarlarında Qərbin əsas iddiası isə Rusiyanın Ukrayna ərazilərini işğalda saxlaması ilə bağlıdır. Yəni, ittihamları qarşısında heç bir hüquqi cavab tapmayan Qərb Ukrayna böhranını əsas gətirərək, sanksiya siyasətini davam etdirir.

Analitiklər Rusiyaya qarşı sərtləşən sanksiya siyasətinin tərəflər arasındakı geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi qəbul edirlər. Belə ki, Suriyada Rusiya qarşısında ağır məğlubiyyətə uğrayan ABŞ digər yandan, bu ölkənin Ukrayna üzərindəki nüfuz dairəsini də zəiflətməkdə çətinlik çəkir. Üstəgəl, Şərqi Avropa üzərində təzyiqlərini artıran Moskva rəqiblərinin bu bölgələrdəki nüfuz dairələrini böyük ölçüdə qıra bilib. Buna görə də Rusiya ilə açıq qarşıdurmadan çəkinən Qərb sanksiyalara ümid edir və bununla federasiyanı daxilindən çökdürə biləcəyinə inanır. Putin ətrafındakı nüfuzlu oliqarxlar və dövlət adamlarını hədəfə almaqla, Rusiyanı daxildən çökdürmək siyasətini sərtləşdirir.

“Rusiyanı zəiflədib hakimiyyəti dəyişmək istəyirlər”

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları, bu ölkənin təhlükəli siyasi planlarının qarşısını almağa yönəlib. Rusiyanın supergüc olduğunu deyən politoloq qeyd edib ki, Vladimir Putin hakimiyyətə gəldikdən sonra izlədiyi ikiqütblü dünya yaratmaq siyasəti ABŞ-la Rusiyanın maraqlarının toqquşmasına zəmin yaratdı: “2008-ci ildə Gürcüstana edilən hərbi müdaxilə, Şərqi Avropada destablizasiyanın yaradılması; Krımın Ukraynadan anneksiyası və Suriyaya hərbi müdaxilə bu ölkəyə qarşı iqtisadi sanksiyaların sərtləşməsinə gətirib çıxardı. Putinin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi, Qərb ölkələrinə qarşı Moskvadan edilən kiberhücumlar və Skripalın müəmmalı formada zəhərlənməsi Rusiyaya qarşı edilən hücumların müstəvisini genişləndirdi. 

Hesab edirəm ki, bu təzyiqlərdə Qərbin əsas məqsədi Rusiyanı parçalamaq yox, zəiflətməklə diqqətini daxili problemlərinə çəkməkdir. Bununla da bir sıra geosiyasi planlarının qarşısını almağa çalışır. Hesab edirəm ki, Rusiyanı Yeltsin dönəminə - daxili anarxiya illərinə qaytarmağa cəhd edirlər. Bu baxımdan, uzun müddət Putinin Qərblə toqquşması davam edəcək. Qərb də mövqeyindən əl çəkməyəcək. Rusiya aqressiyasını yumşaltmayana qədər sanksiyalar davam edəcək. Əsas məqsəd də Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaqdır”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений