Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“2116-cı ildə Yer üzündə ayaq qoymağa torpaq qalmayacaq”



2-ci məqalə

Gələcəyin sirlərinə vaqif olmaq, həm də elmi-texniki proqnozlaşdırma üçün alimlər xüsusi üsullar hazırlayıb və onları ümumi bir ad - Proqnostika adı altında birləşdiriblər

Proqnostika - əldə olan əsaslara görə gələcəyi irəlicədən xəbər vermənin qanunları və üsulları haqqında olan elmdir. Proqnostika sabahkı günə baxmağa kömək edir: gələcəkdə dünyanın necə olacağını xəbər verir. Buna sübut olaraq 170 illik tarixçəsi olan bir hadisəni diqqətinizə çatdırmaq istərdim. 

1845-ci il noyabrın 10-da gənc fransız alimi Leverye Urandan sonra gələn yeni bir planeti kəşf etdiyini Paris Elmlər Akademiyasına xəbər verdi. Amma Leverye astronom deyildi, göyə də baxmırdı və ömrünü yalnız riyaziyyata həsr etmişdi. Öz planetini isə sadəcə olaraq "hesablayıb" tapmışdı. Leverye düsturlara əsasən hesablanmış Uran planetinin hərəkət etdiyi yolun uzunluğunu, planetin faktiki hərəkətilə müqayisə edərkən görmüşdü ki, Günəşin bu peyki Göy mexanikasını ümumi qanunlarına tabe olmayıb ondan kənara çıxır. Buna görə də Leverye, Uranı Göy hərəkət qanunlarını pozmağa məcbur edən hansısa naməlum planetin mövcudluğunu qabaqcadan xəbər verdi: "Əgər teleskop, Göyün hesablanmış nöqtəsinə yönəlsə, orada bu vaxtadək məlum olmayan planeti görərik".

1846-cı il sentyabrın 23-də alman professoru Halle tənbəllik etməyib öz teleskopunu həmin nöqtəyə yönəltdi və indi hamımıza yaxşı məlum olan Neptun planeti kəşf olundu. 
Belə hadisələrə tarix boyu rast gəlinib və bu gün də o, öz əhəmiyyətini itirməyib...

Bir dəfə bir alim təsadüfən görüb ki, müxtəlif elementlər atom çəkisi üzrə düzülürsə, o zaman bu elementlərin kimyəvi xassəsi dövri surətdə təkrar olunur. Bununla da elementlərin xassələrini atom çəkisindən asılılığını göstərən bütöv bir mənzərəni yaradan Dmitri Mendeleyevin məşhur dövri-sistemi meydana gəldi. Bu cədvəlin köməyilə görkəmli rus kimyaçısı böyük uzaqgörənliklə gələcəyi xəbər vermişdi. Bundan əlavə Mendeleyev hələlik kəşf olunmamış dörd naməlum elementdən üçünün xassəsini göstərmiş, onlara ad da vermişdi: ekabor, ekasilisium, ekaalüminium.

Antik dövrdə qeybdən xəbər verən kahinlərə "orakul" deyirdilər. İndi də müasir orakullar var ki, onlar gələcəkdən çox ustalıqla xəbər vermək bacarığına malikdirlər. Məsələn, qabaqcadan deyilənlər və düz çıxanlar:

- dəniz suyunun iqtisadi cəhətdən faydalı surətdə şirinləşdirilməsi (1970);

- həddən artıq yüngül konstruksiyalar üçün yeni sintetik materialların yaradılması (1971);

- insan bədənindəki üzvlərin köçürülməsi və protezləşdirilməsi (1972); 

- plastik kütlədən və elektron mexanizmlərindən hazırlanmış süni üzvlərin insan bədəninə alışması 1982-ci ilə nəzərdə tutulsa da 70-ci illərin əvvəllərində artıq həyata keçmişdi. 

Bəs müasir orakullar gələcəkdən nə xəbər verir? Bu, yəqin ki, hamımız üçün maraqlı olar: 

- insanın və maşının simbiozu (iki orqanizmin bir-birindən istifadə edərək yaşaması) - insan beyni ilə elektron hesablayıcı texnika arasında bilavasitə qarşılıqlı əlaqə (2020); 

- cazibə qüvvəsinin idarə olunması (2023);

- insan ömrünün 50 ilə qədər uzadılmasına kömək edən kimyəvi dərmanlar vasitəsilə qocalma prosesinə təsiretmə (2023);

- Yer kürəsinin yüksək inkişaf etmiş başqa planetlərlə qarşılıqlı əlaqəsi (2024);

- kimyəvi elementlərin süni surətdə yaradılması (2024)...

Qabaqcadan xəbərvermənin ən çətin və eyni zamanda ən sadə üsulu intiusiyaya əsaslanan üsuldur. Çətindir - ona görə ki, böyük təcrübə və bilik tələb edir, sadədir - çünki heç bir mürəkkəb hesablamalara ehtiyacı yoxdur. İntiusiyaya görə gələcəyi xəbər vermə sadəcə olaraq zənlə, fərzlə, yaxud da birdən – “vəhy”dən deyilir.

Yuxarıda müasir orakulların yaxın 6 ildə baş verəcək tarixi proqnozlarını oxuduq. Bu siyahıda göstərilənlərin həyata keçməsini bizlərdən hər birimiz görə bilərik. Çünki 6 il o qədər də böyük məsafə deyil. Mən bir müəllif kimi bu hadisələrin mütləq həqiqətə çevriləcəyinə inanıram...

Bəzənsə orakulların fikri ilə razılaşa bilmirsən. Məsələn, görkəmli bir ABŞ alimi özünün hesablamalarına əsasən göstərib ki, guya "2116-cı il iyulun 13-də dünyada yer qalmayacaq ki, Yer üzünün növbəti sakini orada dayana bilsin". Yuxarıdakılarla müqayisədə bu, bir cəfəngiyyat təsiri bağışlayır. Çünki hesablamalara görə müəyyən olunub ki, Yerdə olan adamların sayı hər 35 ildən bir ikiqat artacaq. Bu hesabla 2116-cı ildə Yer kürəsində cəmi 48 milyard sakin yaşayacaq. Yəqin bilirsiniz ki, hal-hazırda insanların sayı 8 milyard civarındadır və bu 8 milyardı ayaq üstə təkcə işğal altda inləyən Qarabağımızda yerləşdirə bilərik.

Biz Marsa uçacağımıza, Xərçəng və QİÇS xəstəliyinə qələbə çalacağımıza, yaxın 10 il ərzində nail olacağımıza ümidliyik. Lakin Artur Klark yazanda ki 2090-cı ildə insan ölümsüzlüyə çatacaq, adam gülməyə bilmir. Axı proqnoz verəndə də hansısa ehtimala, hesablamaya, yaxud məntiqə əsaslanmaq lazımdır.

Daha qəribə bir proqnoz. Hələ ötən əsrdə fransız kimyaçısı Bertloo deyib: "2000-ci ildə nə naxırçı, nə də əkinçi olacaq. Ərzaq məhsulları kimyanın köməyi ilə alınacaq". Bu proqnoz da real olmadı. Artıq XXI əsrin ikinci onilliyinin başa çatdığı indiki dövrdə əkinçi də var, naxırçı da...

Bununla da proqnostika ilə bağlı söhbətimi yekunlaşdırıram. Lakin mövzumuz hələ davam edəcək. Gələn söhbətimdə bəşəriyyət üçün olduqca böyük əhəmiyyət kəsb edən ixtiraların məhv edilməsindən, gələcək haqqında söylənilən gözəl fikirlərə mane olunmasından danışacağam.

Səbuhi Rəhimli

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений