Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir günlük əməliyyatın qalibi: “Üçlər ittifaqı” dağılır?



Fransa prezidenti Emmanuel Makron Suriyaya qarşı hərbi əməliyyatları keçirməklə Türkiyəni Rusiyadan ayırdıqlarını deyib. Prezident Makronun yerli telekanallardan birinə verdiyi bu açıqlaması diqqəti Türkiyə, Rusiya və İranın Suriya böhranının həllinə dair yaratdığı üçlük formatının gələcəyinə dair suallar yaradıb. 2015-ci ildən Rusiya ilə Suriya münaqişəsinin həlli ilə bağlı strateji yaxınlıq nümayiş etdirən Ərdoğan iqtidarı sonrakı mərhələdə bu əməkdaşlıq formatını daha da dərinləşdirib. Suriya probleminin nizamlanmasına dair Astana sammiti çərçivəsində Rusiya ilə yanaşı, İranla da taktiki müttəfiqlik münasibətləri qurub. Bu da öz növbəsində, ABŞ və Avropa Birliyi ilə rəsmi Ankara arasında münasibətlərin gərginləşməsində mühüm rol oynayıb.

Ancaq rəsmi Ankara ABŞ, Böyük Britaniya və Fransanın Suriyanın hərbi bazalarına aviazərbələr endirməsini dəstəkləməklə Rusiya ilə İrandan tamamilə fərqli mövqe sərgilədi. Ərdoğan hakimiyyətinin belə bir addım atacağı bəlkə də bir çoxları tərəfindən siyasi sürpriz kimi də dəyərləndirilə bilər. Çünki PYD/YPG-yə qarşı mübarizə və Suriyanın ərazi bütövlüyü məsələlərinə münasibətdə ABŞ-la ciddi fikir ayrılıqları fonunda Türkiyənin Qərbin qərarını dəstəkləməsi “üçlük formatı” daxilində ciddi siyasi çat yaratdı. Bu baxımdan, Fransa prezidentinin “Türkiyəni Rusiyadan ayırdıq”-sözlərini hansı anlamda söyləməsi siyasi müşahidəçilərin diqqətini cəlb edib. Türkiyənin bəzi media qurumları Makronun fikirlərini Qərbin Suriyanı vurmaqda məqsədinin Ankara-Moskva-Tehran əməkdaşlığına son qoymaq niyyəti kimi şərh edib. Ona görə də hazırda “Bundan sonra aralarında ciddi fikir ayrılığı yaranmış Türkiyə-Rusiya-İran formatına son qoyuldumu” sualı gündəmə gəlib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Emmanuel Makron “Türkiyəni ayırdıq” deməklə, üçlük daxilində ziddiyyət yaradılmasını deyil, Ankaranın Rusiya və İrandan fərqli mövqe tutduğunu söyləməyə çalışıb.

ABŞ-ın və digər Qərb dövlətlərinin Suriyaya qarşı aviazərbələr endirməsi üçün kifayət qədər ciddi əsaslar yaranmışdı. Yəni Bəşər Əsəd rejiminin kimyəvi silaha malik olması və ondan dinc əhaliyə qarşı istifadə etdiyi sübuta yetirildiyindən hərbi əməliyyatlar qaçılmaz idi:

“2017-ci ilin aprel ayında da ABŞ-ın Əsəd hakimiyyətinin Xan-Şeyxun şəhərində kimyəvi silahdan-zarin qazından istifadə etməsinə cavab olaraq, Həma bölgəsindəki “Əş-Şayrat” hərbi hava bazasına raket zərbələri endirmişdi. Hətta həmin əməliyyat zamanı Rusiyanın doqquz ədəd təyyarəsi məhv olmuşdu. Bu dəfə də prezident Trampın Suriya hərbi bazalarına atəş açmaq əmri verməsi üçün kifayət qədər əsasları var idi. Yəni bu əməliyyat üç bölgəyə hədəflənmişdi. Birincisi, Barza Elmi-Kimyəvi Araşdırma Mərkəzidir. Həmin obyektdə bioloji və kimyəvi silah istehsal olunur. İkincisi, kimyəvi silah anbarı, üçüncüsü isə kiyəvi silahlarla bağlı komandanlıq mərkəzi idi. Hər üç obyekt 105 raketin atılması ilə məhv edildi. Onlardan 76-sı Barza kimyəvi silah istehsal olan müəssisəyə endirilib. Əməliyyat zamanı Rusiyanın heç bir obyektinə ziyan dəyməyib. ABŞ- başda olmaqla Britaniya və Fransanın bu addımı atmasının bir səbəbi də var. Hələ 2013-cü ilin sonunda Suriyadan kimyəvi silahların çıxarılması tələb edildi. Bu məsələdə Suriyanın vəkili kimi Rusiya çıxış etdi. Rusiya ilə Birləşmiş Ştatlar həmin silahların Suriyadan çıxarılaraq Amerikanın gəmisində yerləşdirilməsinə dair razılıq əldə etdi. Amma sonrakı illərdə, o cümlədən 2017-ci ildə baş verən hadisələr göstərdi ki, Bəşər Əsədin hərbi arsenalında kimyəvi silah var və ondan ara-sıra istifadə olunur. 2016-cı ildə BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş qətnamədə isə qeyd edilir ki, kimyəvi silahdan istifadə edən şəxs və qurum məsuliyyətə cəlb edilməlidir. Rusiya daxil olmaqla BMT Təhlükəsizlik Şurasının bütün üzvləri hu qətnamənin lehinə səs verib və imza atıb. Deməli, ABŞ-ın Suriyanı vurması üçün ikinci beynəlxalaq sənəd də hazır oldu. Üçüncüsü, müttəfiq tərəflərin, o cümlədən Türkiyənin hərbi əməliyyat barədə məlumatlandırılması vacib idi ki, həmin xəbərdarlıq da edildi. Ona görə də Suriyanın hərbi bazalarına aviazərbələr endirilməsi beynəlxalq hüququ normalarına uyğun idi. İstər Xan-Şeyxunda, istərsə də Dumada kimyəvi silahdan nə ABŞ, Rusiya istifadə etməyib. İŞİD terror qruplaşmasının da əlində kimyəvi silahın olması və onu hansısa bölgədə tətbiq etməsi barədə məlumat da yoxdur. O halda bütün şübhələr Bəşər Əsədin üzərinə yönəlir. Çünki həmin silahlar Bəşər Əsədin nəzarətinə aid bölgələrdə yerləşir”.

Qeyd edək ki, hələ ötən il ABŞ mediası Əsəd rejiminin beynəlxalq müşahidəçilərlə yanaşı, Rusiyanı da aldadaraq kimyəvi silahların hamısını təhvil vermədiyini yazmışdı. Məlumatda qeyd edilirdi ki, Bəşər Əsəd kimyəvi silahların bir qismini gizlədib və sonradan “Zarin qazı”nı Xan-Şeyxunda dinc əhaliyə qarşı istifadə edən zaman Vladimir Putin beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə düşüb. Ona görə də Sədrəddin Soltan bildirir ki, D.Trampın Rusiyanı tənqid etməsi səbəbsiz deyil:

“Çünki Bəşər Əsəd beynəlxalq ictimaiyyəti aldadıb və onun vəkili kimi çıxış edən Rusiya da buna görə məsuliyyət daşıyır. Bu məsələdə Bəşər Əsədi Rusiya ilə bərabər müdafiə edən İran da məsuliyyət daşıyır. Hadisələr isə göstərdi ki, Qərb dövlətləri Suriyadakı hərbi bazaları vurmaqla düzgün addım atıb. Rusiya və İranın etirazları isə özünü sığortalamaq cəhdidir. O ki qaldı prezident Makronun Türkiyə ilə Rusiyanı ayırmaq barədə dediklərinə, son illər Suriya məsələsində üç ölkənin adı daha çox hallanır-Rusiya, Türkiyə və İran. Hətta belə zənn edilirdi ki, Suriyada İŞİD-dən sonrakı vəziyyət bu üç dövlətin nəzarəti altında həll olunacaq. Hətta Suriyanın Rusiya, Türkiyə və İranın nüfuz dairəsinə bölündüyünə dair rəylər də var idi. Ancaq ABŞ, Britaniya və Fransa Suriyaya hava zərbələri endirməklə bu prosesdən kənarda qalmaq istəmədiklərini yada saldılar. Suriyada problem Qərbin iştirakı olmadan həll edilə bilməz. Əslində, Türkiyə Rusiya və İran ittifaqının yanında olmaqla yanaşı, həm də Qərb ittifaqındadır. Rəsmi Ankara həm iki tərəfə açıq şəkildə bəyan edir ki, İŞİD-lə PKK/PYD-nin heç bir fərqi yoxdur. Türkiyə Bəşər Əsədi də digər terrorçu təşkilatlardan fərqləndirmir. Rusiya və İran bundan xəbərdardır. Həm Qərb, həm də Rusiya və İran Türkiyənin öz sərhədləri yaxınlığında anti-terror əməliyyatları keçirməsini dəstəklədilər və rəsmi Ankaranın bu məsələdə haqlı olduğunu bildirdilər. Deməli, Makron bu məsələdə Türkiyəni ayırmayıb. Əslində, Suriya məsələsində ən səmimi mövqeni Türkiyə tutur. ABŞ, Britaniya və Fransa, Rusiya, İran bölgə dövlətləri deyil. Yeganə olaraq, Türkiyə Suriya ilə həmsərhəd olduğundan bölgə dövlətidir və ən doğru mövqeyini bildirir. Türkiyə bəyan edir ki, terrorçu təşkilatların da, Əsəd rejiminin də mövcudluğuna son qoyulmalıdır. Ona görə də Türkiyə heç bir blokda olmayan kimi görünür. Türkiyə həm ABŞ, Fransa və Britaniya ilə müttəfiqliyini saxlayır, həmçinin öz mövqeyini Rusiya və İrana əməliyyatlardan əvvəl çatdırıb və əməkdaşlığını davam etdirir. Türkiyə ilə Rusiya və İran arasında əsas fikir ayrılığı “Fərat qalxanı” əməliyyatı zamanı Şimali Suriyada və son dövrlər Afrin bölgəsində terrorçulardan azad edilmiş ərazilərin kimə təhvil verilməsi ilə bağlıdır. Türkiyə həmin bölgələri Əsəd rejiminə deyil, yerli əhalidən təşkil olunmuş yerli idarəetmə orqanlarına təhvil verməyi qərara aldı. Afrində 20 nəfərlik keçid Məclisi quruldu. Onların 11 nəfəri kürdlərdən, 8-i ərəblərdən, 1-i isə türkmənlərin nümayəndəsindən ibarət İşçi Heyətdir. Yəni Türkiyə Afrində yerli özünüidarəetmə formasını yaratdı və terrorçulardan da müdafiə olunmaq üçün həmin bölgəni nəzarətdə saxlayır. Beləliklə, Fransa prezidenti Türkiyəni Rusiyadan ayırmadı. Türkiyə terrorizmə qarşı mübarizə və Suriyanın gələcəyi məsələsini hər iki blokla həll etməyə çalışır. Makron demək istəyir ki, Rusiya ilə İran bu əməliyyatları doğru saymır, biz Türkiyəni bu məsələdə hər iki ölkədən ayırdıq. Amma belə deyil. Çünki Türkyə hələ yeddi il əvvəldən deyirdi ki, Bəşər Əsəd rejimi İŞİD kimi terrorçudur. Halbuki, həmin dövrdə Türkiyə, Rusiya, İran ittifaqı yox idi”.

Ekspertin sözlərinə görə, Türkiyənin Suriya məsələsində Rusiya və İranla paralel Qərblə də müzakirələrə başlaması üçün əlverişli siyasi şərait formalaşıb. Suriyaya qarşı hərbi əməliyyatlara münasibətdə rəsmi Ankara öz mövqeyini açıq şəkildə ifadə edib. İndi yeganə problem Rusiya ilə bağlıdır:

“Yəni Rusiya Bəşər Əsədin onu aldatdığını nəzərə almalı və perspektivdə ona inanmamaq istiqamətində fəaliyyət göstərməlidir. Türkiyə ABŞ, Britaniya və Fransa ilə müttəfiqlik münasibətlərindən imtina etməyəcək. Ona görə ki, hər üç dövlətin Suriyada marağı var. Türkiyə isə Suriya ilə həmsərhəd olduğuna görə rəsmi Ankara ilə məsləhətləşməlidir. Hadisələr göstərdi ki, Suriya məsələsində yeganə düzgün siyasi xətt yürüdən dövlət Türkiyədir. Üç min terrorçunu zərərsizləşdirən Türkiyə həm ABŞ, Britaniya və Fransa və onların ətrafındakı ölkələrlə müzakirələri davam etdirəcək. Bu da Türkiyədə üç milyondan artıq suriyalı qaçqının olması ilə bağlıdır. Həmin qaçqınlar da Avropanı təhdid edir. Eləcə də Rusiya və İran Suriya ilə bağlı atacağı bütün addımları Türkiyə ilə uzlaşdırmağa məcburdur. Başqa sözlə, Türkiyə, Rusiya, İran perspektivdə müzakirələri davam etdirəcəklər. Suriya məsələsinin daha çox siyasi danışıqlar müstəvisinə keçiriləcəyini gözləyirəm. Çünki hadisələr güclənərsə, böyük güclərin bir-birilə qarşıdurması yarana bilər. Bu danışıqlar masası daha çox Suriya böhranının həllinə dair Cenevrə görüşünə tranformasiya olunacaq. Türkiyə də həm Cenevrə konfransında, həm də Astana sammiində təmsil olunur. Suriyanın gələcəyi də beş dövlətin hamısı ilə müzakirələri davam etdirəcək”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений