Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Qarabağ klanı” prezidenti dalana dirəyib: Xankəndidən İrəvana təcili səfərin PƏRDƏARXASI



Ermənistan prezidenti Armen Sarkisyan paytaxt İrəvanda Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanla görüşüb.

Cebhe.info erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə rəsmi İrəvanla separatçı rejimin “qarşılıqlı münasibətlərinə” dair məsələlər müzakirə edilib.

Mənbələr qeyd edirlər ki, əsas diqqət Ermənistan paytaxtında baş verən son hadisələrə yönəldilib. “Tərəflər” daxili siyasi sabitliyin saxlanılması və bütün mübahisəli məsələlərin dialoq yolu ilə, qanun çərçivəsində həll olunmasının zəruriliyini qeyd ediblər.

Saakyanı İrəvana gətirən gizli təlimat

Ermənistanda hakimiyyət əleyhinə keçirilən etiraz nümayişlərinin pik həddə qalxdığı vaxt belə bir görüşün keçirilməsi haqda ilginc iddialar ortaya atılıb. İddiaya görə, görüşün xaricdəki erməni diasporunun baş nazir Serj Sarkisyana verdiyi dəstəkdən geri çəkilməsi ilə birbaşa əlaqəsi var. Ermənistanın diplomatik mənbələrindən KİV-lərə sızdırılan məlumata görə, diaspor Armen Sarkisyanın başçılıq etdiyi komandaya gizli müraciət göndərərək Serj Sarkisyana və onun liderliyindəki “Qarabağ klanı”na verilən dəstəkdən imtina edərək, etirazçı siyasi qüvvələrin tərəfinə keçməsi göstərişini verib. Artıq diasporanın daxildə gedən siyasi proseslərə qol qoyması, İrəvan Dövlət Universiteti və Silahlı Qüvvələrin bir çox bölməsinin etirazçı qüvvələrin tərəfinə keçməsindən də görünür. Hesab edilir ki, diaspor “qələmini qırdığı” Serj Sarkisyanı ölkənin siyasi həyatından birdəfəlik uzaqlaşdırmaq üçün hakimiyyətdə təmsil olunan “Yerli erməni klanı”nın siyasi dəstəyindən də istifadə etməyə cəhd edir.

Bako Saakyan və Armen Sarkisyan arasında keçirilmiş görüş, yaxud separatçı lideri İrəvana təcili olaraq gətirən əsas səbəb də budur. İddiaya görə, Bako Saakyan diasporun hakimiyyət daxilində də Serj Sarkisyana gizli qiyam hazırlamasından xəbər tutub və buna görə Armen Sarkisyanla görüşərək məsələni aydınlaşdırmağa çalışıb. Separatçı liderin Armen Sarkisyandan Serj Sarkisyanı sonadək müdafiə etməyi tələb edib. Həm Serj Sarkisyan, həm də diasporla isti münasibətləri olan prezident isə çıxılmaz vəziyyətdə qalıb, onun bu tələb üzərindən hansı hərəkəti edəcəyi müəmmaya çevrilib. Digər yandan, Saakyanın Serj Sarkisyanın sonadək müdafiə edilməyəcəyi halda bunun vətəndaş müharibəsinə səbəb olacağı ilə hədələməsi də əldə edilən məlumatlar arasındadır. Artıq diasporaya çatdırılan təhdid mesajından sonra Armen Sarkisyanın gözləmə mövqeyinə çəkildiyi və növbəti təlimatı gözlədiyi bildirilir.

Sarkisyan niyə narahatdır?

Qarabağ separatçılarının və Serj Sarkisyanın diasporun Armen Sarkisyan qarşısında qoyduğu tapşırıqdan keçirdikləri narahatlığa gəlincə, “Qarabağ klanı”nı bu nöqtədə maraqlandıran əsas məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Çünki Serj Sarkisyanın yerinə iddia edən siyasi qüvvələrin münaqişəyə baxışı “Qarabağ klanı”nın mövqeyindən bir qədər yumşaqdır. Sarkisyana görə, Qərbyönlü baxışları ilə seçilən qüvvələr hakimiyyətə gəlsə, ən az Dağlıq Qarabağ münaqişəsi “sıfır nöqtəsi”ndən tərpənəcək. Bu isə prezident postundan getdikdən sonra baş nazir vəzifəsini ələ keçirərək hakimiyyətinin müddətini uzadan Serj Sarkisyanın maraqlarına uyğun deyil. Məlumdur ki, Qarabağ məsələsi Sarkisyanı hakimiyyətdə saxlayan əsas “sığorta vəsiqəsi”dir. Təsadüfi deyil ki, o, sonuncu bəyanatında Dağlıq Qarabağ münaqişəsi həll edilənədək hakimiyyətdən getməyəcəyini deyərək, daxildə öz əleyhinə yönəlmiş etirazları bir qədər də qızışdırdı. Deputat, müxalifət lideri Nikol Paşinyanın başçılıq etdiyi anti-hakimiyyət qüvvələri isə münaqişənin həlsiz qalmasının Ermənistanın inkişafını tormozladığını iddia edərək, Serj Sarkisyanı bu məsələdən sui-istifadə etməkdə ittiham edir.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений