Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gələcəkdən xəbər: Sönməyən kibrit, xarab olmayan lampa və gözəgörünməzlik



3-cü məqalə

Ötən söhbətlərimdə elmi öncəsöyləmələrin müxtəlif sahələri haqqında söhbət açmış, proqnostikanın elmi qabaqlamaqla ona verdiyi töhfələrdən bəhs etmişdim. Əfsus ki, bu, həmişə belə olmayıb və mənfəət hesabına belə xeyirxah işlərin böyük əksəriyyətinə mane olunub. Biznesmenlərin varlanma ehtirası bəşəriyyət üçün çox önəmli olan neçə-neçə ixtiranın məhvinə səbəb olub. Bugünkü söhbətimdə onlardan yalnız bir neçəsi barədə danışacağam.

Hələ 1928-ci ildə Avstriya kimyaçısı Ferdinand Ringer kibrit icad etmişdi, bu kibriti min dəfəyə qədər yandırmaq olardı. Di gəl ki, onun sənaye vasitəsilə geniş yayılması mümkün olmadı ki, olmadı. Məsələ belə idi: kibrit kralı hesab olunan isveçrəli Kreyger dünyanın bir çox ölkələrində olan müvəkkillərinə tapşırmışdı ki, kibritin yeni icad olunan hər hansı bir növünü harada görsələr, dərhal hamısını birdən alsınlar. Kibrit üzərində nəzarət agentləri 13 dəfə kibritin belə texniki inkişafının qabağını almağa nail oldular. Kibritin 14-cü dəfə ixtira olunması Ringer adlı birisinə nəsib oldu. Bu inadcıl avstriyalı mühəndisi rüşvətlə aldatmaq mümkün olmadı. Belə olduqda bütün çirkin vasitələrə əl atdılar: ixtiranı oğurlamaqdan ötrü müxtəlif yollar axtardılar. Ringeri öldürmək üçün dəfələrlə sui-qəsd düzəltdilər. Və nəticədə: tezliklə açılmalı olan "daimi" kibrit fabriki daha heç vaxt açılmadı.

Portuqaliyalı mühəndis Vinsente-Amatanın çox böyük bir kəşfinin taleyi də buna bənzər oldu. Belə ki, İkinci Dünya müharibəsi illərində mühəndis Amata, süni benzin alınması üçün qurğu ixtira etmişdi. Müharibə qurtarandan bu vaxtadək Amatanın ixtiralarından istifadə edən sahibkarlar onu qazamata saldılar, fabriki isə dağıtdılar. Axı biznesmenlər benzinin qiymətinin aşağı düşməsinə, bununla da qazanclarının bir hissəsini itirməyə heç cür yol verə bilməzdilər. Dünya energetikası üçün çox böyük əhəmiyyəti olan bir ixtira da beləcə məhv olub getdi.

Dünyada bundan başqa xeyli faydalı kəşflər və ixtiralar var ki, külli miqdarda kapital sahibi olanlar mənfəətlərinə xələl gəlməsin deyə, onları adamlardan gizli saxlayırlar...

Bir dəfə ABŞ-da adi bir alıcı təsadüfən mağazadan elektrik lampası aldı. Evinə təzəcə çatmışdı ki, ciddi görkəmli bir kişi təngnəfəs halda özünü otağa saldı və xahiş etdi ki, nə qədər pul istəsə verməyə hazırdır, təki bu lampanı ona qaytarsın. Bu kişi elektrik lampaları düzəldən böyük bir sənaye şirkətinin nümayəndəsi idi. Axır ki, o, işin nə yerdə olduğunu danışmağa məcbur oldu: "Bu, təcrübə lampasıdır. O heç vaxt yanıb xarab olmur. Elə lampalar var ki, onlar Edisonun dövründən indiyə kimi, təxminən yüz ildir ki, yanır. Əgər biz onları satmağa başlasaydıq, onda müəssisəmiz çoxdan iflasa uğramışdı".

ABŞ-da çıxan "İnterneyşnl Herald tribun" qəzeti yazırdı ki, Livermor şəhərinin (Kaliforniya ştatı) yanğından mühafizə dəstəsinin yerləşdiyi binanı işıqlandıran elektrik lampası öz "yaşıdlarının" çoxundan onunla fərqlənir ki, o artıq 96 ildir ki, ara vermədən yanır.

Yuxarıda sadaladığım faktlar heç də o demək deyil ki, biz həmin ixtiraların bəhrəsini bir də heç vaxt görməyəcəyik. Əslində bu, belə deyil. Yəqin ki, yaxın gələcəkdə, bəlkə də bir neçə ildən sonra həmin ixtiraların şahidi olub, hətta ondan istifadə də edəcəyik. Həmin mənfur sənaye dəllalları isə öz istəklərini həmişə qoruya bilməcəyəklər. Çünki onlar bu hərəkətlə hansısa ixtiranı məhv etmir, sadəcə olaraq gələcək üçün "tormoz" rolunu oynayırlar.

Tormoz demişkən, yadıma bir hadisə də düşdü. Texnika tarixindən bizə bir hadisə də məlumdur. Mühəndis Vestinhauz özünün sıxılmış hava ilə işləyən məşhur tormozunu Amerika milyonçusu Vanderbiltə təklif edəndə, Vanderbilt ixtiraçını qovmuşdu. Bu heç də yenilik və ya rəqabət qorxusu üzündən edilməmişdi. Vanderbilt sadəcə olaraq demişdi ki... onun dəliyə qulaq asmağa vaxtı yoxdur. Təəssüf ki, o vaxt bu kobud, avam maqnatı inandırmağa, başa salmağa bir nəfər də tapılmadı. Bu günsə Vestinhauzun tormozu insanlara sədaqətlə xidmət edir. Bəzi ixtiralar isə təəssüf ki, hələ də öz növbəsini gözləyir...

Əgər vaxtilə dahilərin dünyəvi ixtiralarını məhv etməsəydilər, bəlkə də bu gün başqa planetlərə də asanlıqla səyahət edə bilərdik (Vaxtilə məşhur alim Albert Eynşteynin ən dəyərli kəşflərini öz əli ilə yandırması barədə hamı bilir – S.R.). Təəssüf ki, bu gerçəkliyə hələlik yetişməmişik.

İnsanlar kamilləşdikcə uçmağa can atdığı kimi, həm də gözəgörünməzlik arzusunda olublar. Uşaqlıq çağlarından eşitdiyimiz nağıllarda, gördüyümüz kinofilmlərdə həmişə gözəgörünməz qəhrəmanlara oxşamaq istəmişik. "Bir qalanın sirri" filmində Elşənin hücumlarına tab gətirməyən Göygöz Kosanın qəflətən necə "yox" olmasını görəndə uşaq yaddaşımda ona qibtə edər, belə bir gücün nəyə görə məhz əzazil bir cadugərə verildiyinə təəssüf edərdim...

Əlbəttə ki, dediklərimi nağıl və ya uydurma adlandırırsınız. Amma bu, mümkündür. Bəs necə? Bu suala cavab vermək üçün alimlər uzun illər baş sındırıblar və gözəgörünməzliyin mümkünlüyünü izah etməyə əsas verən bir neçə orijinal üsuldan istifadə ediblər.

Məsələn, şəffaf rəngli sınıq bir şüşə götürüb onu yaxşıca əzək. Alınmış ağ tozu heç cür şəffaf adlandırmaq olmaz. Amma döyülmüş şüşəni su ilə dolu olan stəkana tökən kimi şüşə tozu yoxa çıxacaq, necə deyərlər, gözəgörünməz olacaq. İlk baxışda qəribə, anlaşılmaz görünən bu hadisənin səbəbi odur ki, işığı döyülmüş şüşə və su eyni cür sındırır. Ona görə də onları bir-birindən ayıra bilmirik.

Gözəgörünməzliyə doğru ikinci addım adamı belə bir mühitə yerləşdirməkdir - orada o, gözəgörünməzdir. Bu isə icrası mümkün olmayan işdir: çünki insan yalnız bir mühitdə - hava olan yerdə normal yaşaya bilər.

Gəlin, olmuş bir hadisəyə də nəzər salaq... Ağ finlərlə ruslar müharibə edəndə finlərin zirehli bir qatarı rus qoşunlarına çox zərər vururdu. O, bir qayda olaraq tutqun, yağışlı günlərdə gözlənilmədən hücuma keçirdi. Hava kəşfiyyatının bütün cəhdlərinə baxmayaraq bu qatarı heç cür tapa bilmirdilər. Əslində hər şey çox qəribə idi. Axı zirehli qatar iynə deyildi. Amma o hər dəfə elə bil yerin altından çıxır, öz işini davam etdirirdi - rus mövqelərinə şiddətli atəş yağdırır və yenidən sanki yerin altına girib yox olurdu. Ona "gözəgörünməz zirehli qatar" adını vermişdilər.

"Gözəgörünməz" bir təsadüf nəticəsində aşkar olundu. Növbəti hücumdan sonra zirehli qatar həmişəki kimi yenə də yoxa çıxdı. Rus təyyarələri axtarışa başladılar, dəmiryolu xəttini dəfələrlə gözdən keçirsələr də, bu, heç bir nəticə vermədi. Bomboş uzanan qoşa relslər və aralarındakı solğun şpallardan başqa heç nə görünmürdü.

Təyyarələr sonuncu dəfə dövrə vurub geri qayıdırdılar. Bu vaxt Günəş buludlar arasından boylandı. Gün ərzində Günəş ilk dəfə idi ki, görünürdü. Anlaşılmaz, qəribə bir iş oldu: təyyarələrin düz altında - aşağıda, dəmiryoluna lap yaxın yerdə qatarın tanış kölgəsi aydın görünürdü - elə bil qatar dəmiryolu ilə gedirdi. Amma dəmiryolu əvvəlki kimi bom-boş idi.

Eskadrilya komandiri sanki birdən ayıldı. Əmr verildi və naməlum kölgənin süründüyü dəmiryoluna bombalar yağdırıldı. Bir neçə dəqiqədən sonra zirehli qatar darmadağın edildi. Güclü partlayışlar zirehli vaqonları uzağa tulladı. Yol boyu səpələnmiş vaqonların damları dəmir yolunun ümumi mənzərəsinə çox qəribə bir görkəm vermişdi. Amma bu bicliyi, hər kim idisə ağıllı və təbiəti yaxşı bilən adam düşünüb tapmışdı. Təəssüf ki, həmin ixtiraçının partlayışda həlak olduğunu bildirdilər. Odur ki, indiyədək "gözəgörünməz qatar" sirr olaraq qalmaqdadır. O ixtiraçı zebrin, durnabalığının, ağ dovşanın, pələngin şəraitə uyğunlaşaraq rənglərini necə dəyişməsini bilərək ondan istifadə edibmiş. Axı təbiət gözəgörünməz zirehli qatarın ixtiraçısından daha fərasətli, daha mahirdir. Məsələn, əgər diri kambala balığını götürüb onu adi şahmat taxtasının üstünə qoysaq, əsl möcüzə baş verər: balığın üstündə şahmat taxtasının şəkli kim ağ və qara damalar əmələ gələr.

Görünür, bir vaxt gələcək ki, insanı da gözəgörünməz etmək üçün "gözəgörünməz kambala" üsulundan istifadə olunacaq. Deməli, gözəgörünməz olmaq arzusu o qədər də ümidsiz arzu deyil.

Gələcəyin izləri ilə gedərkən biz təbiətin qanunlarına zidd olmayan hər hansı bir möcüzənin mümkünlüyünə inanırıq. Amma... Görəsən, Azərbaycanın az qala hər tinində fal açan, qəzetləri yalançı proqnozlarla dolduran, özünü "peyğəmbər", "imam", daha nə bilim, nə adlandıran fırıldaqçıların belə hadisələrdən xəbərləri varmı?

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений