Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səlim Müslümovun sonunu gətirən hesabat: Fəaliyyəti təftiş olunur - YOXLAMA



Yeni hökumətdə yer ala bilməyən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yenə gündəmə gəlib. Bu dəfə sabiq naziri gündəmə Hesablama Palatası gətirib. Belə ki, Palatanın 2017-ci ilin yekunlarına dair yaydığı hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinin öhdəsindən gəlmədiyi göstərilir.

Sənəddə vurğulanıb ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə DSMF-nin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib. Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib. Palatanın hesabatından həmçinin nazirliyin vəfat etmiş şəxslərə pensiyaların ödənilməsini davam etdirdiyi də göstərilib. “Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub”- deyə hesabatda göstərilib.

Məlumatlara görə, Səlim Müslümovun fəaliyyətinin yoxlanılması bu hesabatla yekunlaşmayıb və yekunlaşmayacaq. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun bütün yerli qurumlarında yoxlamaların aparılacağı haqqında informasiyalar var. Ehtimal olunur ki, bu yoxlamalara Səlim Müslümovun fəaliyyətinin hərtərəfli təftişi aspektindən yanaşılacaq. 

Qeyd edək ki, Səlim Müslümov haqqında nazir olduğu dövrlərdə  kifayət qədər neqativ məlumatlar yayılıb. Xüsusilə də son illər təqaüdlərin, sosial müavinət və digər ödənişlərin gecikdirilməsi kifayət qədər etirazlara səbəb olub. Hətta, Səlim Müslümovun bu gecikdirmələri bilərəkdən etdiyi haqqında da müxtəlif səpkili fikirlər səslənirdi. Səslənən fikirlər arasında Səlim Müslümovun maliyyə naziri Samir Şərifovla arasında yaşanan anlaşılmazlıqdan dolayı belə bir problemi bilərəkdən yaratdığı da deyilirdi. Qeyd edək ki, yeni nazir Sahil Babayevin təyinatından sonra may ayı üçün təqaüdlərin hesablara keçirilməsinə 8 may tarixindən başlanılıb. Bu isə onu deməyə əsas verir ki, əslində Səlim Müslümovun dövründə nazirlik tərəfindən iddia edilən problemlər yox imiş, sadəcə olaraq gecikdirmələrin səbəbi şəxsi məsələlərdən irəli gələn amillər olub.

Ümumiyyətlə, Səlim Müslümovun başını alan qara buludların tezliklə dağılacağı gözlənilmir. Çünki sabiq nazirin haqqında kifayət qədər ciddi ittihamlar səslənir. Belə ki, bir müddət öncə Səlim Müslümovun 2 milyard manat dövlət vəsaitini mənimsədiyi haqqında iddialar sıradan xəbərlər deyil. İddialara görə, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddia olunur ki, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamaların aparıldığı haqqında da informasiyalar var.

Yeni formalaşan kabinetdə yer ala bilməyən Səlim Müslümovun “vurulma” səbəblərindən biri kimi də məhz bu göstərilir. Ehtimal olunur ki, bu və bu kimi digər səbəblər vəzifədən kənarlaşdırılan  Səlim Müslümovu yolun sonuna da yaxınlaşdırır. İddialara inansaq, Səlim Müslümov haqqında yekun qərarın veriləcəyi tarix də uzaqda deyil. Gözlənilən odur ki, Hesablama Palatasının yoxlamaları yekunlaşdıqdan, sabiq nazirin fəaliyyətində yol verdiyi yanlışlar tamamilə aşkar olunduqdan sonra Səlim Müslümov haqqında yekun qərar veriləcək. 

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений